Войти

Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi

Mədəniyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşaqların rifahına investisiya” Ümumdünya Sammiti çərçivəsində keçirilən “Sağalmaqdan həyat keyfiyyətinə doğru” şüarı altında Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında iştirak edib.

Mediaxeberleri.Az xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva konqresin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib, uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

“Hər bir uşaq hörmətə, qayğıya və dolğun həyat yaşamaq imkanına layiqdir”, - deyən Leyla Əliyeva diqqətə çatdırıb ki, onkoloji xəstəliklərin müalicəsində əldə olunan irəliləyişlərə baxmayaraq, bütün dünyada uşaqların və onların ailələrinin ümidini qorumaq üçün birgə səylər davam etdirilməlidir. “Biz bütün dünyada uşaqlara kömək etməyə, onlara ümid verməyə çalışırıq. Azərbaycanda da bu sahə diqqət mərkəzində saxlanılır. 2012-ci ilin martında ölkəmizdə Uşaq Onkoloji Klinikasının açılışı olub. Bu, Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasıdır”, – deyə o əlavə edib.

Uşaq onkologiyası sahəsində mütəxəssislərin və təşkilatların səylərini birləşdirməyə yönəlmiş təşəbbüslərin əhəmiyyətinə də toxunan Heydər Əliyev Fondunun vitse-prezidenti uşaq xərçəngi ilə mübarizə üzrə koalisiyanın yaradılmasını irəliyə doğru atılmış daha bir mühüm addım kimi dəyərləndirib.

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqlara göstərilən dəstəkdən danışan Leyla Əliyeva tibbi yardımın dövlət tərəfindən maliyyələşdirildiyini, uşaqların və onların ailələrinə dəstəyin davam etdirildiyini vurğulayıb. Deyib ki, heç kim bu çətin sınaqla təkbaşına mübarizə aparmalı deyil.

Çıxışında sağlamlığın emosional tərəfinə və onun insanın fiziki vəziyyəti ilə qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirən Leyla Əliyeva bildirib: “Biz xərçəng xəstəliyini öyrənməyə davam edərkən sağlamlığın emosional tərəfini diqqətdən kənarda qoymamalıyıq. Beynimizlə bədənimiz arasındakı əlaqə çox dərindir. Emosional sarsıntıların, stresin və ətraf mühitin sağlamlığımıza necə təsir etdiyini hələ də araşdırmalıyıq”.

Uşaqların ətraflarında baş verənlərə xüsusilə həssas olduqlarını, valideynlərin emosional vəziyyətinin və ailədəki mühitin onlara əhəmiyyətli dərəcədə təsir göstərdiyini vurğulayan Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: “İbn Sinanın da qeyd etdiyi kimi, xəstəliyi müalicə edərkən onun səbəblərini nəzərə almaq lazımdır”, – deyə Leyla Əliyeva bildirib.

Vurğulanıb ki, tibbi müalicə üsullarının inkişafı ilə yanaşı, uşaqlara psixoloji dəstəyin göstərilməsinə də diqqət yetirilməli, hər bir uşağın sevgi, hörmət və anlayışla əhatə olunması təmin edilməlidir.

Sonda uşaqların həyat şəraitinin yaxşılaşdırılması naminə çalışanlara təşəkkür edən Leyla Əliyeva uşaqların yalnız zəruri müalicə almalarının deyil, həm də dolğun həyat yaşamaq imkanı əldə etmələrinin vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılış mərasimində, həmçinin Özbəkistan Prezident Administrasiyasında səhiyyə islahatları üzrə rəhbər müavini Tamila Əliyeva, Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova və Qırğızıstanın səhiyyə naziri Damirbek Osmonov çıxış ediblər.

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

Mədəniyyət

Hələ 20 il öncə xalq şairi Sabir Rüstəmxanlı demişdi ki, “Bizim Türkiyədə Türkiyə boyda diasporumuz var” yanaşması yanlışdır, əksinə, Azərbaycanın ən böyük və ən güclü diasporu məhz Türkiyədə olmalıdır. S.Rüstəmxanlı bunu DAK həmsədri kimi orda keçirdiyi görüşlərdən və adi vətəndaşlarla daha çox təmasdan sonra dilə gətirmişdi.

Bir aya yaxındır Türkiyədə - sosial şəbəkələrdə, mediada, ekspert cameəsində, hətta siyasi partiyalarda Azərbaycana qarşı davam edən bəlli kampaniya zamanı bu sözlər tam mənası ilə özünü doğrultdu. Azərbaycan həqiqətlərini ən kritik məqamda Türkiyə ictimaiyyətinə çatdıra bilən nüfuzlu diaspor qurumlarımız və Türkiyə mediasının dərhal müraciət edə biləcəyi – tanıdığı, qəbul etdiyi və sevdiyi – şəxslər yoxmuş. Məsələ hər iki ölkəni sevən, yüksək analitik qabiliyyətə malik nüfuzlu ziyalıların olmamasından getmir: belə şəxslər var və yetərincədir. Sadəcə bu şəxslər Türkiyə toplumuna təqdim edilməyib.

Rəhmətlik Qənirə Paşayeva faktiki olaraq Türkiyədə Azərbaycanın ən güclü səsi idi: qardaş ölkədə çox sevilən Qənirə xanım istənilən an istənilən proqramda danışmaq imkanlarına sahib idi. Əmin ola bilərsiniz ki, Qənirə xanım sağ olsaydı, Azərbaycana qarşı bu qara kampaniyanın iflasa uğramasında təkbaşına misilsiz xidmət göstərərdi.

Hazırda millət vəkillərimiz içərisində o statuslu və o imkanlara sahib şəxs yoxdur.

Eyni zamanda, Azərbaycan mediasının da türkiyəli ziyalı, siyasi, ekspert cameəsi ilə əlaqələri lazımi səviyyədə deyil: Azərbaycan mediası AKP-nin yanında olan MHP-dən tutmuş son seçkilərdə kifayət qədər səs toplamağı bacaran CHP-yə qədər, geniş siyasi politra içərisində yalnız bir neçə AKP-çidən kənara çıxılmır.

Bu kampaniya zamanı birilərinin çox ciddi şəkildə informasiya manipulyasiyası etdiyi və yalan-böhtanları tirajladığını müşahidə etdiyimiz halda, həqiqətləri qardaş ölkədə böyük platformalarda ifadə etmək imkanlarımızın nə qədər məhdud olmasından yalnız təəssüflənmək olardı. Bu vəziyyət 1991-1994-cü illərdə Azərbaycanın informasiya blokadasına alınması dövrünü xatırlatdı...

Azərbaycan haqda böhtanlar Türkiyədə o qədər sürətlə ayaq açıb yeriyə bilir(miş) ki, Azərbaycanı sevən kəsimi də susdurmağa gücü çatır(mış). Əsl həqiqət üzə çıxana qədər artıq günlərlə vaxt keçdi və itirilən bu günlər ərzində Türkiyədə bu yalanlarla körüklənənlərin isterikası sosial şəbəkələri başına götürdü.

Bu proseslərdən dərs çıxarmaq lazımdır:

1. Türkiyədə diaspor fəaliyyəti ciddi bazada qurulmalıdır;

2. Diaspor nümayəndələrinin kütləvi ictimai platformaları formalaşdırılmalıdır;

3. Azərbaycan millət vəkillərinin Türkiyə ilə siyasi-ictimai əlaqələri genişlənməlidir;

4. Hakimiyyətdə təmsil olunmayan partiya mənsublarının türkiyəli həmkarları ilə əlaqələri qurulmalıdır (Məhz qurulmalıdır, çünki bu əlaqələr demək olar ki, yoxdur);

5. Medialar arasında əlaqələr genişlənməlidir, azərbaycanlı kadrların yetişdirilməsi, Türkiyənin nüfuzlu media qurumlarında təcrübə keçməsi və bu təcrübə üzərindən şəxsi münasibətlər qurulması, zəruri halda təcrübə keçən şəxslərin o media qurumunda işləməsinə şərait yaradılması lazımdır;

6. Azərbaycan mediasının təmsilçiləri türkiyəli həmkarları ilə ən yüksək səviyyədə şəxsi və ictimai əlaqələr qurmalıdır – bu, müxtəlif platformalar da ola bilər;

7. Türkiyənin nüfuzlu ekspertləri Azərbaycan mediasına danışmalı, Azərbaycan mediasını tanımalıdır;

8. Son proseslərdə Türkiyənin geniş düşüncə sahibi, regionu mükəmməl təhlil etmək bacarığı olan, Azərbaycanın suveren haqlarına sayğı göstərən, yalan informasiya əsasında yanlış mövqe nümayiş etdirən öz nüfuzlu xadimlərinə qarşı sözünü açıq deyə bilən uzaqgörən, işıqlı insanları da üzə çıxdı və onların öz şəxsi sosial platformalarının geniş izləyici auditoriyasına çıxışı olduğu da bəlli oldu. Diaspor Komitəsi özü fərdi şəkildə “təbii diaspor” olan bu şəxslərlə təmasa keçməlidir və s...

Yusif Alıyev: "Atamın tanıtımından başlayan yol…"

Mədəniyyət

Bəzən bir məzarın başına çatmaq üçün minlərlə kilometr yol getmək azdır. O yol illər əvvəl eşitdiyin bir adla, yaddaşına hopmuş bir söhbətlə başlayır…


Azərbaycan əsilli böyük özbək şairi, dramaturqu və alimi Maqsud Şeyxzadənin adını ilk dəfə uzun illər öncə mərhum atam İmrayıl müəllimdən eşitmişdim. Atamın söhbətlərindən yaddaşımda qalan feldşer Məsim bəyin oğlu Maqsud bəy zaman keçdikcə mənim üçün bütöv bir taleyin, yurd sevgisinin və sözə sədaqətin ünvanına çevrildi. İllər boyu onun haqqında oxuduqca, düşündükcə məzarını ziyarət etmək arzusu da içimdə böyüyürdü.


Daşkəndə gəlməzdən əvvəl onun hansı qəbiristanlıqda dəfn olunduğunu öyrənməyə çalışmış, ancaq dəqiq məlumat əldə edə bilməmişdim. Bu arzu ilə gəldiyim şəhərdə görüşlərimi yekunlaşdırdıqdan sonra Ədiblər parkına üz tutdum. Burada böyük ədibin heykəlini ziyarət etdim. Lakin ürəyim məzarının yerini tapıb onun qarşısında baş əymək istəyirdi.


Öncədən planlaşdırmasam da Özbəkistan Yazıçılar Birliyinə getdim. Oradakı ədəbiyyat muzeyini gəzə-gəzə tanışlarla söhbət zamanı Maqsud Şeyxzadənin Daşkəndin Cığatay qəbiristanlığında uyuduğunu bildirdilər. İllərdir qəlbimdə gəzdirdiyim arzunun artıq bir ünvanı vardı. Taksi ilə birbaşa qəbiristanlığa yollandıq.


Və nəhayət, axtardığım məzarın önündə idim…


Bəli haqqında ilk dəfə atamdan eşitdiyim, illərlə düşüncəmdə yaşatdığım Maqsud Şeyxzadənin adı indi qarşımdakı daşın üzərində idi. Əzəmətli mərmər heykəldən baxan sərt baxışlı Maqsud babamın sinə daşına yazılmışdı:


Elga dastyor bo‘lsa she'rlarimiz,

Demakki, umrimiz o‘tmabdi bekor!


Azərbaycanca mənası


Şeirlərimiz xalqa yararlı olarsa,

Deməli, ömrümüz hədər gitməyib!


Ehtiramımı, sevgimi ifadə edən sözlərimi söylədim. Ancaq həmin an hiss etdim ki, insanın illərlə içində daşıdığı duyğuların hamısı sözə sığmır. Əlimi məzar daşına qoyarkən atamın səsini də yenidən eşidirmiş kimi oldum. Sanki illər əvvəl başlayan o söhbət burada, Daşkənddə, böyük ədibin məzarı başında davam edirdi.


Kökləri Qazaxın Salahlı kəndinə bağlı olan, Atası feldşer həkim Məsim Şəxıyevin işi ilə əlaqədar Ağdaşda yaşadıqlarından 1908-ci ildə Ağdaşda dünyaya gələn, Maqsud Şeyxzadə Azərbaycan sevgisini ömrünün sonunadək qəlbində yaşatdı. Taleyin onu doğma yurddan uzaqlara apardığı yollar Özbəkistanda böyük bir ədəbi ömrə açıldı. Azərbaycan ona ilk sözünü, ilk duyğusunu vermişdi; Özbəkistan isə onun istedadının çiçəkləndiyi, sözünün milyonlarla insanın mənəvi sərvətinə çevrildiyi ikinci vətəni oldu.


Hüseyn Cavid və Abdulla Şaiq kimi ustadlardan dərs almış Şeyxzadənin dünyagörüşündə türkçülük düşüncəsi, azadlıq duyğusu və maarifçilik dərin iz buraxmışdı. Mən onun türk dünyasına xidmətinin mahiyyətini xalqlarımızın ortaq yaddaşını ədəbiyyatda yaşatmasında görürəm. Azərbaycan ədəbi mühitindən aldığı işığı özbək söz sənətinə daşımaq, qardaş xalqın dilində onun tarixi qürurunu ifadə etmək mənəvi birliyə verilən əvəzsiz töhfə idi.


“Cəlaləddin Mənquberdi” əsərində vətəni müdafiə iradəsini və azadlıq əzmini, “Mirzə Uluqbəy” faciəsində isə elmin ucalığını, düşünən insanın faciəsini böyük sənətə çevirdi. Bu əsərləri ilə özbək dramaturgiyasının inkişafında dərin iz qoydu. “Daşkəndnamə”də ona doğmalaşan şəhərə məhəbbətini ifadə etdi; Əlişir Nəvai irsinə dair tədqiqatları ilə türk sözünün zənginliyinin elmi dərkinə xidmət göstərdi. Şair, alim, tərcüməçi və müəllim kimi bütöv bir nəslin mənəvi yetişməsində pay sahibi oldu.


Onun ömründən sürgünlər, həbs və ağır məhrumiyyətlər keçdi. Ancaq bütün bunlardan sonra yenidən sözə, elmə, yaradıcılığa qayıtmaq gücü tapdı. Bu taledə insanı sarsıdan bir ağrı ilə yanaşı, insan iradəsinə inam yaradan böyük bir mətanət də var.


Məzarı önündə düşündüm: atalarımızın bizə danışdığı insanlar yaddaşımızda yaşadıqca nəsillər arasındakı mənəvi bağ da qırılmır. Atam bir zamanlar mənə Maqsud Şeyxzadədən danışmışdı. İndi mən onun uyuduğu torpaq başında həm böyük ədibin xatirəsinə, həm də o adı yaddaşıma əmanət edən atamın ruhuna ehtiram göstərirdim.


Ruhun şad olsun, Maqsud bəy! Sən Azərbaycan torpağından boy verib özbək ədəbiyyatında ucalan, kölgəsində iki qardaş xalqın görüşdüyü bir çinarsan.


Atam, səndən eşitdiyim adın ziyarətinə gəldim… Sənin xatirəni də özümlə gətirdim.

“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)

Mədəniyyət

Qəhrəmanların xatirəsini yaşadan musiqilər, Vətənə və sülhəhəsr olunmuş mahnılar, dünya opera klassikasının şah əsərlərivə sevilən Azərbaycan melodiyaları Beynəlxalq Muğam Mərkəzinin səhnəsində bir araya gəlib. Azərbaycanın Xalqartisti Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalıçərçivəsində keçirilən "Qəlbimizdə yaşayanlar" adlı konsertsənətin xüsusi emosional dərinlik qazandığı, gənc ifaçılarınsəslərinin xatirə, ümid və Vətən sevgisi ilə səsləşdiy iunudulmaz bir axşam olub.
 

Konsert Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın 50 illikyubileyinə və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunmuşfestivalın tədbirlərindən biri olub.

 

Tədbirdə çıxış edən Qara Qarayev adına Mərkəzi İncəsənətMəktəbinin direktoru, Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının professoru Könül Hüseynova və Əməkdarartist Dilarə Əliyeva festivalın mühüm mədəni-maarifləndiricilayihə kimi əhəmiyyətini vurğulayıblar.

 

Festival yalnız konsert proqramları silsiləsi deyil, həm dəmusiqi sənətinin inkişafına və geniş auditoriyanın klassikmusiqiyə marağının artırılmasına xidmət edən genişmiqyaslımədəni platforma kimi nəzərdə tutulub. 

 

Proqram çərçivəsindəopera və kamera musiqisi gecələri, simfonik konsertlər, ustad dərsləri, ədəbi-bədii görüşlər və maarifləndirici tədbirlərkeçirilir. Layihələrin bir qismi ölkənin aparıcı ali təhsilmüəssisələrində təşkil olunaraq gənc nəslin akademik musiqiirsi ilə daha yaxından tanış olmasına imkan yaradır.

 

Festivalın proqramında xüsusi yer tutan "Gənc səslər gələcəyəsəslənir" layihəsi gənc vokalçıların dəstəklənməsinə və yeni istedadların üzə çıxarılmasına yönəlib. Layihə iştirakçılarıtanınmış sənətkarlarla eyni səhnəni bölüşmək, solo konsertlərdə çıxış etmək və ifaçılıq bacarıqlarını peşəkarauditoriyaya təqdim etmək imkanı qazanırlar.

Konsertin ən təsirli məqamlarından biri şəhid övladlarındanibarət "Qəhrəman övladları" xorunun çıxışı olub. Gəncifaçıların təqdimatında doğma torpaq, qəhrəmanlıq vəAzərbaycana sevgi mövzusunda mahnılar xüsusi məna kəsbedərək tamaşaçılara səmimi musiqi müraciətinə çevrilib.

 

Kollektivin ifa etdiyi bir sıra mahnıların musiqi və sözlərininmüəllifi şəhid, polkovnik-leytenant Rəşad Atakişiyevin həyatyoldaşı, professor Könül Hüseynovadır. Xor daha əvvəl dəXalq artisti Fidan Hacıyeva ilə birlikdə çıxış edərəkAzərbaycana və onun qəhrəmanlarına həsr olunmuş əsərləritəqdim edib.

 

Fidan Hacıyevanın yaratdığı "Mezzo" uşaq xoru və "Mezzo" qadın kamera orkestri də gecəyə xüsusi ovqat bəxş edib. Onların iştirakı konsertin əsas ideyasını - nəsillər arasındavarisliyi, mədəni irsə ehtiramı və insanları birləşdirənmusiqinin gücünü bir daha ön plana çıxarıb. Gecənin aparıcısıBanu Əlibəyli olub.

 

Gənc vokalçıların iştirakı ilə təqdim olunan zəngin proqramAzərbaycan və dünya klassiklərinin əsərlərini əhatə edib. Səhnədə müxtəlif musiqi dövrləri və üslubları - məşhuropera ariyalarından tutmuş dinləyicilərin yaddaşında xüsusiyer tutan milli mahnılaradək bir-birini tamamlayıb.


 

Proqramda Jorj Bizenin, Üzeyir Hacıbəylinin, CakomoPuççininin, Sergey Raxmaninovun, Cioakkino Rossininin, Georq Fridrix Hendelin, Volfqanq Amadey Motsartın, Tofiq Quliyevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Culio Kaççinin, Vinçentso Di Kiaranın və digər bəstəkarlarınəsərləri səsləndirilib.

Klassik vokal əsərləri Azərbaycanı tərənnüm edənmelodiyalarla ahəngdar şəkildə təqdim olunub. Sülh, ümid vəgələcək mövzuları proqramın əsas məzmun xətlərindən birinəçevrilərək gecəyə xüsusi bütövlük və emosional ifadəlilikqazandırıb.

 

Konsertdə Çarlz Emin Neylor, Ayşə Məmmədova, Ayan Bayramova, Ləman Babazadə, Hüseyn Əhmədov, Nuray Rəhmanova, Fidan Əliyeva, Röya Əliyeva, Günay Kubışova, Elyar Əliyev, Liliya Xəlilova, Zəhrəxanım Abdullayeva, SədaTağıyeva, Yasəmən Həsənli, Anar Xanməmmədli, MəryəmBabayeva, Elmira Rəhimova və Murad Hacıyev çıxış ediblər.

Musiqi müşayiətini konsertmeysterlər Rəfiqə Quluzadə, Rəhimə Qurbanova, Arzu Aslan, Leyla Cavadova, SəmraHəsənli və Əliheydər Aydın təmin ediblər.

 

Gecənin finalında Müslüm Maqomayevin məşhur"Azərbaycan" mahnısı səsləndirilib. Konsertin təntənəlisonluğu ilə yadda qalan bu ifa tamaşaçıları Vətən sevgisiətrafında birləşdirib.

 

"Qəlbimizdə yaşayanlar" konserti musiqinin xatirəniyaşatmaq, mənəvi dəyərləri gələcək nəsillərə ötürmək vənəsilləri birləşdirmək gücünə malik olduğunu bir dahaxatırladıb. 

 

Musiqidə əbədiləşən səslər, Vətən sevgisi vəgələcəyə inam zaman keçdikcə öz əhəmiyyətini itirməyəndəyərlər olaraq qalır.

 

Festival sentyabrın 7-dən dekabrın 7-dək üç ay ərzində davamedir. Azərbaycan tarixində ilk dəfə bu miqyasda klassik sənətlayihəsi həyata keçirilir. Festival çərçivəsində ümumilikdə 30-a yaxın musiqi və digər mədəni tədbirin keçirilməsi nəzərdətutulub. Proqram Bakı və Azərbaycanın bölgələrini əhatəetməklə yanaşı, beynəlxalq miqyasda da davam edir: tədbirlərin Paris, London, Milan və Minsk şəhərlərində təşkiliplanlaşdırılır.

 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:


Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı

Mədəniyyət

Kəlağayı Azərbaycan xalqının qədim milli geyim nümunələrindən biri olmaqla yanaşı, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi və milli kimliyimizi özündə əks etdirir. Qadınların baş örtüyü kimi istifadə etdiyi bu geyim tarixən müxtəlif rəmzi mənalar daşıyıb. Son günlər vahid məktəbli geyimi və hicab məsələsi ətrafında müzakirələrin fonunda milli geyim ənənələrimiz, o cümlədən kəlağayının mahiyyəti də diqqət mərkəzinə gəlib. Bəs baş örtüyü ənənəsinin tarixi hansı dövrlərə gedib çıxır və kəlağayını digər baş örtüklərindən fərqləndirən xüsusiyyətlər nələrdir?

Mediaxeberleri.Az xəbər verir ki, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Atəş Əhmədli mövzu ilə bağlı fikirlərini bölüşüb.

Folklorşünasın sözlərinə görə, qadınların baş örtüyündən istifadə etməsi qədim adət-ənənələrlə bağlıdır.

Atəş Əhmədli qeyd edib ki, geyim formaları zaman keçdikcə dəyişib və müxtəlif tarixi mərhələlərdə fərqli görünüş alıb. Buna görə də keçmişdə istifadə olunan baş örtüklərinin bugünkü formalarla eyni olduğunu düşünmək doğru deyil. Baş örtükləri müxtəlif materiallardan hazırlanıb, onların istifadəsi isə dövrün adətləri və dini təsəvvürləri ilə əlaqəli olub.

Folklorşünas vurğulayıb ki, kəlağayını fərqləndirən əsas cəhətlərdən biri onun üzərindəki naxışlar və rəmzlərdir. Buta və digər ornamentlər kəlağayının özünəməxsus görünüşünün formalaşmasında mühüm rol oynayıb. Baş örtüyünün ümumi ənənəsi ilə konkret bir milli geyim nümunəsi olan kəlağayını eyniləşdirmək olmaz.

Atəş Əhmədlinin fikrincə, kəlağayının milli geyim nümunəsi kimi yenidən gündəmə gəlməsi, xüsusilə gənclərin bu irsə marağının artması baxımından əhəmiyyətlidir. O bildirib ki, kəlağayı yalnız geyim elementi deyil, həm də xalqımızın mənəvi irsini, milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyərdir. Bu ənənənin qorunması və gələcək nəsillərə ötürülməsi milli-mənəvi irsimizin yaşadılması baxımından vacibdir.

Müəllif: Adəm Abbaslı

Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"

Mədəniyyət

"Məktəb dini və yaxud milli məbəd deyil, təhsil məbədidir, insanlara işıq və ziya verən ocaqdır. Azərbaycanda yaşayan hər kəs bu məktəbə öz dini baxışlarını, təriqətini, inanclarını apara bilməz".

Mediaxeberleri.Az xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu Redaktor.az saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, vahid geyim qaydası vaxtında və düzgün verilmiş bir qərardır:

"Əvvəlcə düşünülmüş və vaxtı çatdığı üçün verilmiş düzgün qərardır. Hətta mən deyirəm ki, mənim aləmimdə bu, vaxtı keçmiş qərardır, çünki doğrudan da çoxdan verilməli idi. Azərbaycan çoxlu etnik qruplarla, müxtəlif dini baxışlarla, milli mentalitetlə zəngin olan böyük-kiçik xalqların yaşadığı azad bir məmləkətdir. Yəni insanların düşüncə müxtəlifliyi, öz milli adət-ənənələrinə riayət etmək azadlığı var. Amma məktəbdə bu azadlıqlar müəyyən çərçivəyə alınmalıdır. Bu, tarixən də belə olub, bundan sonra da belə olacaq".


Baba Vəziroğlu təhsil müəssisələrinin özünəməxsus missiyasına diqqət çəkərək qeyd edib ki, məktəb dini ideologiyaların təbliğ olunduğu yer deyil:

"Çünki məktəb dini və yaxud milli məbəd deyil, təhsil məbədidir, insanlara işıq və ziya verən ocaqdır. Azərbaycanda yaşayan hər kəs bu məktəbə öz dini baxışlarını, təriqətini, inanclarını apara bilməz. O böyük azadlıq məktəb divarları arasında, təhsil məbədinin öz konkret azadlıqları çərçivəsində olmalıdır. Təsəvvür edək ki, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır, hətta "çinqaçuk"lar da yaşayır. "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə, bir əlçim yarpaqla örtülü gəlməlidirlər? Bu, əlbəttə ki, gülməlidir və bunu müqayisə üçün deyirəm".

Açıqlamasının sonunda şair hər kəsi məktəb qaydalarına hörmətlə yanaşmağa çağırıb:

"Məktəb təkrar edirəm ki, elm, təhsil, ziya, işıq məbədidir. Bu məbədin qayda-qanunlarına hər kəs hörmətlə və anlayışla yanaşmalıdır. Bu, həm şagird kollektivinə, həm müəllim kollektivinə, həm də o məbədə ayaq basan hər bir kəsə aid olmalıdır".

Xalq artisti Qurban İsmayılov: "Məscid üçün dinin qəbul olunmuş qaydaları var, məktəb üçün də dövlət qərar verir"

Mədəniyyət

Bir neçə gün bundan əvvəl qəbul olunmuş vahid məktəbli geyim forması ilə bağlı bir sıra sənət adamları fikir bildiriblər.

Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov Redaktor.az-a açıqlamalar verərək münasibətini bildirib.

Qurban İsmayılov məsələyə həm dini, həm də dövlət qanunvericiliyi nöqteyi-nəzərindən yanaşaraq maraqlı paralellər aparıb:

"Elə bil ki, məscidə gedərkən ayaqqabı ilə daxil ola bilmərik, elə deyilmi? Məscid üçün dinin qəbul olunmuş qaydaları var, oraya "şortik"lə girmək olmaz. Eyni ilə, dövlət də öz məktəbi üçün qanun və qərar verib ki, hicabla olmaq olmaz. Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib. Bizim bilmədiyimiz məqamlar ola bilər".

Aktyor məsələnin sadə və qarşılıqlı anlayış çərçivəsində həll oluna biləcəyini qeyd edib:

"Uşaq məktəbin qapısına qədər hicabla gələ bilər, daxil olarkən hicabını çıxarıb çantasına qoyar, dərsinə girər. Çıxanda isə təzədən hicabını bağlayıb gedər. Burada böyütməli bir problem yoxdur. Mən belə başa düşürəm ki, bu məsələyə görə insanların bir-birinə düşmən kəsilməsinə heç bir ehtiyac yoxdur".

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında

Mədəniyyət

Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi “Tbilisoba” – Tbilisi Şəhəri Günü qeyd olunub. 1979-cu ildən keçirilən festival şəhərin zəngin tarixini, mədəni müxtəlifliyini və Gürcüstanın müxtəlif bölgələrinin adət-ənənələrini nümayiş etdirən tədbir kimi tanınır.

Bayram çərçivəsində “Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyası” və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində milli mətbəx və mədəniyyət nümunələri nümayiş etdirilib. Tbilisi Meriyasının və bələdiyyəsinin nümayəndələri də Azərbaycan guşəsinə baş çəkərək milli təamlarımızdan dadıblar.

“Ceyran” Azərbaycan rəqs ansamblının ifasında təqdim olunan “Uzundərə” və “Sarı gəlin” rəqslərini iştirakçılar sürəkli alqışlarla qarşılayıb.

Azərbaycan mədəniyyətinin Tbilisoba festivalında təqdim edilməsi Gürcüstanda yaşayan soydaşlarımızın milli irsimizin yaşadılması və iki xalq arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfənin daha bir nümunəsinə çevrilib.




"Cənnətin iqamətgahı” filminin premyerası keçirilib

Mədəniyyət

Nizami Kino Mərkəzində Ordubad şəhərinin qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus etnoqrafik xüsusiyyətlərini əks etdirən “Cənnətin iqamətgahı” filminin premyerası keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ICESCO-nun Bakı Regional Ofisinin dəstəyi, "Real" Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə təşkil olunan mərasimdə rəsmilər, ictimaiyyət və media nümayəndələri, filmin yaradıcı heyəti iştirak edib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki,
sənədli-musiqili-etnoqrafik film Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının müvafiq məqsəd və hədəfləri çərçivəsində hazırlanıb.
Qeyd olunub ki, ekran əsəri Azərbaycanın bölgələrindəki təbii, tarixi və etnik-mədəni irsin audiovizual formada tanıdılmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə yeni ekran əsərlərinin çəkilişi davam etdirilir. Azıx mağarasının dünya tarixində oynadığı roldan və orada aparılan yeni tədqiqatlardan bəhs edən sənədli film də yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Əməkdar jurnalist, "Real" Təhlil İnformasiya Mərkəzinin direktoru Mir Şahin Ağayev deyib ki, bu cür layihələr milli-mədəni dəyərlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımov bildirib ki, ekran əsəri əsasən Ordubadın etnoqrafiyasına həsr olunub və sənədli-musiqili-etnoqrafik janrda hazırlanan ilk filmdir.
Çıxışlardan sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və ekran əsəri nümayiş etdirilib. 
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində “Azernyumedia” şirkətində istehsal olunan filmin təsvir rejissoru Arif Zeynalov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, məsləhətçiləri Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Əməkdar jurnalist Mir Şahin Ağayevdir.

Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib

Mədəniyyət

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə həsr olunan Anım Günü münasibətilə Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib.


Tamaşadan əvvəl Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev tamaşaçıları salamlayaraq Anım Gününün əhəmiyyəti barədə məlumat verib. Daha sonra Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


“Şəhid atası” tamaşası yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb.


Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı isə Vahid Bayramovdur.


Səhnə əsərində rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Minayə İbrahimova, Rüfət Ömər, Aytac Cəfərova, Nəsimi Aşbazov, İlqar Hacəliyev, Məmməd Hacəliyev, Rüfət Eminalıyev və Xaqan Qurbanov ifa ediblər.


Tamaşanı ictimaiyyət nümayəndələri ilə yanaşı, Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları, Qarabağ qaziləri izləyiblər. Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

В будущее В прошлое

Навигация