Войти

Ağa tikdirib – ADA qoruyur və yaşadır !-Yeganə Göyüşlünün yazısı

Mədəniyyət

"İşğaldan azad olunmuş" İsrafil ağa hamamı

Bildiyimiz adi daşlar…
Oymaçı əlində şəbəkəyə, həkkak əlində kitabəyə, sənətkar əlində məbədə çevrilən daşlar.Tarixi özü ilə yaşadan daşlar.

Onu yerlərdən göyə qaldıraraq binaya çevirən, ona tarixilik verib qiymətli edən isə insanlardır. Fərqli insanlar, aydın insanlar, dəyər verməyi bacaran, sayğı və güvən qazanmış insanlar. Zəndi ilə-zehni ilə, köksü ilə-qəlbi ilə,inancı ilə-əhdi ilə möhkəm yoğuraraq məqsədini missiyaya çevirən, onun uğrunda mübarizə aparmağı bacaran fədakar insanlar.


İnsanı vətənpərvər missionerə çevirən isə bağlılıqdır.Tarixinə, keçmişinə olan bağlılıq, dilinə, ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə olan bağlılıq.

ADA Universiteti tərəfindən 2022-ci ildə Qazax Müəllimlər Seminariyası əsaslı bərpa olunub və yenidən qurularaq Universitetin Qazax Mərkəzi kimi istifadəyə verilmişdi.


Bu günlərdə isə Qazaxın ən əhəmiyyətli tarixi abidələrindən biri İsrafil ağa hamamı bərpa olunaraq Qazax Mərkəzinin Mədəniyyət Mərkəzi kimi istifadəyə veriləcək. Bərpa işlərində tarixiliyinə xələl gətirmədən müasir işıqlandırma, döşəməaltı havalandırma və isitmə sistemi ilə təchiz olunan tarixi abidə, həm də turistik məkan olaraq qapılarını qonaqlarına açacaq.

İstənilən məkan öz dövründə bəlli bir fəaliyyət üçün inşa olunur və onun istifadəsinin müddəti vardır. Lakin, məkana tarixilik qazandırıb abidəyə çevirən onun zamana qarşı dayanıqlığı və özünəməxsus memarlığıdır. Və bir tikili tarixi abidə statusu almışsa o, artıq qorunmalıdır. O, bir diqqət istər, qayğı İstər, yumşaq desən, şəfqət istər! Bu qanundur! Vətəndaşlar onlara məxsus olan dəyərlərin və dəyərlilərin qədrini bilməlidirlər. Etinasızlıq, ictimai maraqlardan imtina, estetik zövqdən və ülvi hisslərdən uzaqlaşma geriyə dönüşü olmayan canlının formalaşması ilə nəticələnər.
Yerli əhəmiyyətli tarixi abidə kimi qeydə alınmış İsrafil ağa hamamının da tamamən məhv olana qədər hamam kimi və uyğunsuz, ağır şərtlərlə, çirkin şəkildə istifadə olunması işğal idi. Bildiyimiz işğal!

30 ildən sonra Qazax Müəllimlər Seminariyasının bu bəstəboylu, şirin və gözəl bacısı, İsrafil ağa hamamı işğaldan azad olunur və özünün təmiz, təravət qoxuyan, işıqlara qərq olunmuş, yüz yaşını çoxdan atlamış sanballı ömrünü yaşayacaq.


Sağ ol, ADA! Sizə sonsuz minnətdarlığımızı bildiririk, əziz rektorumuz  Professor Hafiz Paşayev. Sizi tanıyanda hörmət edirdik, yaxından tanıdıqca çox sevdik, etdikləriniz müqabilində isə ehtiramımız sonsuzdur!

Sağ olun, Qalib Müəllim! O, böyük əzm, entuziazm, təşəbbüs dolu dünyanızla hələ çox yaradın! Təxəyyüldən reallığa çevrilən projeləriniz bol olsun.
2022-ci ildə Seminariyanın binası, 2023- də Müəllimlər Evi, 2024- də Tələbə Evinin açılışı edildi, 2025-də İsrafil ağa hamam binası, Qazax Mərkəzinin Mədənniyyət Mərkəzi olaraq təqdim olunacaq. Qürur!!!

P.S .Bu gözəlliyi öz gözlərinizlə görəcəksiniz, dostlar.


Bir tarixi abidədən necə istifadə olunduğunun şahidi olacaqsınız.

Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ

Mədəniyyət

Bu gün Sumqayıt Poeziya Evində ədəbi mühit üçün yadda qalan bir görüş baş tutdu. 


Ulusum.Az xəbər saytının əməkdaşları və təsisçisi Raxşəndə Daşdəmirova Poeziya Evində şair, düşüncə adamı İbrahim İlyaslı ilə görüşdülər. Görüş səmimi ab-hava ilə keçdi, poeziya sevərlərlə dolu salonda şair öz yaradıcılıq yolu, ədəbi düşüncələri və ədəbiyyatın bugünkü durumu ilə bağlı fikirlərini bölüşdü.

İbrahim İlyaslı gənc nəslin kitaba olan marağından, ədəbiyyata olan münasibətindən söz açaraq, bu sahədə müşahidə etdiyi dəyişikliklərə toxundu. O, həmçinin yeni çapdan çıxmış “Salam sahibi haqqdır” adlı kitabı haqqında danışaraq, kitabın ideya qaynaqları və oxucu ilə qurduğu bağdan bəhs etdi.

Görüşün sonunda Ulusum.az saytının ailəsinə yeni nəşrdən çıxan "Salam sahibi haqqdır" kitabını imzalayaraq hədiyyə edən şair, bu cür görüşlərin ədəbi mühitin inkişafına mühüm töhfə verdiyini bildirdi.

Səmimi söhbət və ruhlandırıcı müzakirələrlə dolu bu görüş
 Ulusum.Az əməkdaşlarında da dərin təəssüratlar yaratdı... Bizdə İbrahim müəllimə daimi yazmağı yaratmağı, özü demiş könül bağını qurmağa davam etməyi Arzu edirik...



 

“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO

Mədəniyyət

Sentyabrın 7-də Azərbaycanın görkəmli söz ustadı, yazıçı və şair İbrahim İlyaslının həyat və yaradıcılığına həsr olunmuş “Könül Dəftərim” sənədlifilmi ictimaiyyətə təqdim edildi.


Tədbirdə ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, media təmsilçiləri və sənətsevərlər iştirak etdilər. Təqdimat isti, səmimi atmosferdə, yüksək ruh yüksəkliyi ilə baş tutdu və film tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.


Filmdə İbrahim İlyaslının mənəvi dünyası


Ekran əsəri vasitəsilə sənətkarın zəngin yaradıcılığı, ədəbi irsi, insani keyfiyyətləri və cəmiyyətə verdiyi töhfələr dolğun şəkildə təqdim olundu. Filmdə onun şeirləri, çıxışları, yaxınlarının xatirələri və sənət dostlarının dəyərli fikirləri vasitəsilə İbrahim İlyaslının mənəvi aləmi və sənətə olan münasibəti tamaşaçılara çatdırıldı.


Təltiflər və təşəkkürlər


Tədbir çərçivəsində filmin ərsəyə gəlməsində xüsusi əməyi olan yaradıcı heyət üzvləri Uluslararası Aktivist Sanatçılar Birliyi (UASB) və Aktivist Rəssamlar Assosiasiyası (ARA) tərəfindən fəxri diplom və mükafatlarla təltif olundular:


Rəxşəndə Daşdəmirova
 – layihə rəhbəri, Ulusum.az xəbər portalının təsisçisi


Məhəmməd Hətəmov – filmin rejissoru, Magamedia MMC-nin rəhbəri


Könül Hətəmova
 – layihələr departamentinin rəhbəri, filmin ssenari və ideya müəllifi


Yaradıcı heyət peşəkar yanaşmaları, estetik təqdimat bacarıqları və milli mədəniyyətin təbliğinə verdikləri töhfələrə görə alqışlarla qarşılandı.


Milli dəyərlərə sadiq ekran əsəri


“Könül Dəftərim” sənədli filmi yalnız bir sənətkarın portretini yaratmaqla kifayətlənmədi, eyni zamanda milli dəyərlərimizin, poeziyamızın və sənətə olan ehtiramın nümunəsi kimi yadda qaldı. Layihə həm mədəniyyətimizin qorunması, həm də gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.


Film Magamedia MMC və Ulusum.az xəbər portalının birgə əməkdaşlığı ilə ərsəyə gətirilib.







Dayan
06:09
00:57
Səssiz
Parametrlər
Tam ekran rejimini yandırın


Ulusum.az

İradə Musayeva: özü də, sözü də unudulmaz...

Mədəniyyət

Məti OSMANOĞLU

Mədəniyyətə, ədəbiyyata yanaşmasına, düşüncəsinə, yazdıqlarına ciddi əhəmiyyət verdiyin insan haqqında xatirə söyləmək, "son mənəvi borc ödəmək" ağır və çətin işdir. Gəncliyindən yaxşı tanıdığım (universitetdə kiçik qardaşımla eyni kursda oxumuşdular), son zamanlar ədəbiyyatşünas kimi fəal ünsiyyətdə olduğum İradə xanım Musayeva haqqında vida yazısı yazmaq isə daha ağır, daha çətindir. Çünki İradə xanım oxucunu dialoqa, müzakirə aparmağa, mövqeləri aydınlaşdırmağa təhrik edən ədəbiyyatşünas idi. Bu onun xarakterinin və yaradıcılığının özünəməxsusluğu, necə deyərlər, yaşamaq tərzi, üslubu idi.

Onun yazılarında yalnız tənqidçi mülahizələri yox, düşünən, sual verən, cavab axtaran bir insanın səsi var. Bu mənada İradə Musayevanın elmi yaradıcılığı ədəbiyyatla, oxucu ilə, zamanla, ən əsası isə millətin yaddaşı ilə bir dialoqdur. Onun həyatdan tez ayrılması həmin dialoqu yarımçıq qoydu, amma şübhə etmirəm ki, qaldırdığı suallar, toxunduğu mövzular, səsləndirdiyi fikirlər hələ uzun müddət gündəlikdə qalacaq, müzakirə ediləcək.

Azərbaycan ədəbiyyatının aktual problemlərini, fərqli təmayüllərini nəzərindən qaçırmayan, milli ədəbiyyatımıza dünya ədəbiyyatının və müasir zamanın pəncərəsindən baxmağa çalışan İradə Musayeva meydanı vaxtsız tərk etdi və özündən sonra böyük bir boşluq buraxdı.

Bu gün biz onun fiziki yoxluğundan danışarkən yazılarında, dostlarının, tələbələrinin yaddaşında, mədəni mühitin düşüncəsində yaşayan varlığını daha yaxından hiss edirik. Düşünürəm ki, İradə xanımın başladığı dialoqu davam etdirmək, genişləndirmək və gələcək nəsillərə ötürmək bizim borcumuzdur.

Onun düşüncə tərzi xüsusilə sovet ideologiyasının təzyiqi altında formalaşmış elmi mirasın qəliblərindən kənara çıxmağı, ənənəvi baxış bucaqlarını yenidən nəzərdən keçirməyi, zəmanənin ritmini tutmağı tələb edirdi. İradə xanım "Roman təfəkkürü və janrın Azərbaycan ədəbiyyatında təkamülü" mövzusunda doktorluq dissertasiyası üzərində işləyərkən hökm verməkdən, "son və qəti qərar" çıxartmaqdan daha çox, durğunlaşmış filoloji fikirdə "dalğalanma" yaratmağa, təsəvvürləri yerindən tərpətməyə, düşüncələri "diksindirməyə" üstünlük verirdi. O, ədəbiyyata yalnız mətnlərin məcmusu kimi yanaşmırdı, bədii sözü həm də milli-mənəvi yaddaşın, ictimai həyatın, qlobal çağırışların oxunuşu kimi qəbul edirdi. Bu baxımdan onun yazılarında tənqidçi, publisist, ən başlıcası da maarifçi mövqeyi aydın görünməkdədir.

Əslində, onun bir insan kimi əsas missiyası maarifçilik idi - müsahibələrinin birində dediyi kimi: "Mənim yazmaq istədiyim və yazdığım hər söz, hər cümlə məhz Azərbaycan insanının düşüncəsinə zərrə qədər də olsa təsir etmək məqsədi daşıyır".

Bu etiraf onun həyat və yaradıcılıq amalının açarı idi. O, bədii sözə yalnız ifadə vasitəsi kimi deyil, düşüncəni oyadan, toplum şüurunu silkələyən, insanı mənəvi cəhətdən formalaşdıran ecazkar qüvvə kimi baxırdı. Bu baxımdan İradə Musayevanın missiyası XIX əsr maarifçilərinin çağırışları ilə, xüsusilə Həsən bəy Zərdabinin sözləri ilə səsləşirdi: "Hər kəsi çağırıram - gəlmir, göstərirəm - görmür, deyirəm - qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən qeyri bir əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın".

Zərdabinin bu harayı Azərbaycan cəmiyyətində maarifçiliyin tarixi bir missiya olduğunu göstərir. İradə Musayeva isə XXI əsrin reallığında, fərqli dövrün fərqli ictimai şərtləri içində, amma sözün yaxşılığa doğru dəyişdirici gücünə eyni inamla bu missiyanın varisliyini öz üzərinə götürmüşdü. Onun yazılarında təmsilçisi olduğu missiyanın ən böyük ünvanlarından biri milli yaddaş idi. O, yaddaşı yalnız xatırlama forması kimi yox, həm də gələcəyə işıq salan, cəmiyyətin kimliyini qoruyan bir dəyər kimi görürdü. Elə bu səbəbdən də həyatının və elmi yaradıcılığının mühüm bir qismini "Ədəbiyyatşünaslığın klassik irs problemi"nə həsr etdi.

O, Azərbaycan klassik irsinə, milli ədəbiyyata lokal hadisə kimi deyil, dünya mədəniyyətinin ayrılmaz hissəsi kimi baxırdı. Onun yazılarında xüsusilə Ceyms Coys, Corc Oruell, Marsel Prust, Remark, Qabriel Qarsia Markes, Svetlana Aleksiyeviç, Əlif Şəfəq kimi yazıçıları Azərbaycan oxucusu üçün təhlil və şərh etmək təşəbbüsü milli mədəni yaddaşın qorunması ilə yanaşı, dünyaya açılmaq, Azərbaycanın sözünü yeni intellektual meydanda təmsil etmək niyyətindən irəli gəlirdi. Bu cəsarətli təşəbbüslər bəzən onun özünə qarşı çevrilirdi. Çünki İradə Musayeva "toxunulmazlığın", sovet ədəbiyyatında çoxdan "qanuniləşmiş" yozumların sərhədini aşaraq illər boyu kölgədə saxlanmış mövzulara işıq salır, "toxunulmazların" mənafeyinə toxunaraq daha riskli, daha mübahisəli məsələləri gündəliyə gətirirdi. Onun yazılarında cəsarətin və intellektual məsuliyyətin xüsusi bir sintezi vardı. O, tənqid etməklə bərabər, irəli sürdüyü məsələlərin mahiyyətini, tarixi köklərini, gələcək perspektivlərini də göstərməyə çalışırdı.

İradə xanımın gündəliyə gətirdiyi ən ciddi problemlərdən biri dünya klassik irsinin Azərbaycan dilinə tərcüməsidir. O buna sadəcə ədəbi problem kimi deyil, milli mədəniyyətin taleyinə, gələcək nəsillərin dünyagörüşünə təsir edən strateji məsələ kimi baxırdı. Müstəqil Azərbaycanın yeni əsrdə Rusiyadan mənəvi cəhətdən qopub uzaqlaşması, özünün müstəqil mədəni kimliyini qurmaq perspektivi bu problemi daha da aktuallaşdırırdı. Sovet dövründə rus dilinin hegemonluğu Azərbaycan oxucusunun dünya ədəbiyyatı ilə ünsiyyətində vasitəçi rolunu oynayırdı, bu, mədəni həyatdakı böyük bir boşluğun üstünün örtülməsinə şərait yaradırdı. Azərbaycan oxucusu xüsusilə müasir yazıçıları çox vaxt rus dilində oxuyub tanıyırdı. Bu isə həm estetik duyumda, həm də milli bədii təfəkkürün, eləcə də bədii dilin inkişafında müəyyən itkilərə səbəb olmaqda idi.

Yeni əsrdə qarşıda dayanan dövlət əhəmiyyətli mühüm vəzifələrdən biri bu boşluğu aradan qaldırmaq idi. İradə xanım Azərbaycan dilinin təəssübkeşi kimi tərcümə sahəsindəki çatışmazlıqları aydın görür və cəsarətlə göstərirdi. O, mövcud vəziyyəti təsvir etməklə, faktları sadalamaqla kifayətlənmir, həm də "dil vasitəçiliyinin" doğurduğu təhlükəni - milli ədəbiyyatın qlobal ədəbi məkanla birbaşa təmasa keçə bilməməsini qabardırdı. Onun mövqeyində aydın şəkildə görünürdü ki, orijinaldan tərcümə yalnız estetik zövqün deyil, həm də milli kimliyin qorunmasının mühüm şərtlərindən biridir.

Məhz bu baxımdan İradə Musayeva mifləri yıxmaqdan, tabuları sarsıtmaqdan, elliklə "qəbul olunmuş" həqiqətlərin arxasında gizlənən susqunluqları dilə gətirməkdən, ədəbi-elmi mühitdə uzun illərdir formalaşmış rahat "konsensusu" yerindən oynatmaqdan çəkinmirdi. Bu isə təbii olaraq ona qarşı "müqavimət cəbhəsinin" yaranmasına, bəzən barışmaz münasibətlərin ortaya çıxmasına səbəb olurdu. Əslində bu müqavimət onun sözünün çəkisini, mövqeyinin prinsipiallığını daha aydın göstərirdi.Tarix boyu belə olub və indi də belədir: öz dövründə müqavimətlə üzləşən hər bir maarifçinin səsi zaman keçdikcə daha aydın eşidilir...

İradə Musayevanın xeyrinə dəyişən zaman göstərir ki, onun düşüncə və yazı tərzi ədəbi mühitdə biganəlik doğurmadı, ona opponentlər qazandırdığı kimi, tərəfdarlar da qazandırdı. Bu mənada İradə xanımın yazdıqları filoloji mühitdə "dalğalanma" yaradır, yeni suallar qoyur, düşüncələri hərəkətə gətirirdi. İnsanı hərəkətə gətirmək, düşünməyə vadar etmək onun maarifçi missiyasının əsas məqsədi idi.

İradə Musayevanı düşündürən problemlərdən biri də bəzən şərqli təəssübkeşliyinin bəhanə edilərək özünü dünyaya qapamaq təhlükəsi idi. Onun mövqeyinə görə, milli ədəbiyyatın inkişafı Qərbi inkarla deyil, onun təcrübəsini mənimsəməklə mümkündür; qapalı Şərq təəssübkeşliyi, "labirintdən çıxa bilməyən şərqli təfəkkürü" bizi geriyə aparır, açıq dünyəvilik və inteqrasiya isə milli sözün bədii-fəlsəfi miqyasını genişləndirir.

Təsadüfi deyil ki, İradə xanımdan yadigar qalan həcmcə də, elmi tutum etibarilə də ən böyük kitab "XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz" adlanır. Nəzəri cəhətdən Azərbaycan ədəbiyyatı haqqında yeni parametrlərlə düşünməyin nümunəsi olan bu kitab həm də müəllifin həyat amalının, yaradıcılıq kredosunun ifadəsidir. Bu qənaətdəyəm ki, İradə Musayevanın şəxsiyyətinin güzgüsü olan, milli yaddaşa sədaqəti və müasir dövrün çağırışlarına cavab vermək iradəsini ehtiva edən "XXI əsrdən baxış..." onun həm nəzəri, həm də mənəvi manifestidir.

Kitabda toxunulan mövzular, qaldırılan məsələlər, səslənən fikirlər müasir Azərbaycan ədəbiyyatının mənzərəsini əks etdirməklə yanaşı, bizi müəllifin həyat fəlsəfəsi ilə tanış edir. Sözə və oxucuya sevgi, yeni nəslin ədəbi düşüncəsini formalaşdırmaq arzusu onun şəxsiyyətinin əsas keyfiyyəti idi.

...Vahid Qazinin "Ruhlar şəhəri" kitabı haqqında essesi İradə xanımın bütün yazılarından fərqlənir. "Ağdam tamaşasına bilet" adlı bu yazını fərqləndirən, İradə xanımın bir insan kimi xarakterinin incə məqamlarını üzə çıxarmasıdır. Bütün yazılarında soyuq mühakimə, kəskin mövqe hakim olan İradə xanım "Ruhlar şəhəri" haqqında zərif, kövrək və qəhərlənmiş qadın kimi (məhz qadın kimi!) danışır. O, "Ruhlar şəhəri"ni sadəcə bir müəllifin xatirələri kimi deyil, bütöv bir xalqın yaddaşını silkələyən əsər kimi görür. Yazıda Çingiz Aytmatovun "manqurd" obrazına işarə olunması da təsadüf deyil - İradə xanım üçün Vahid Qazinin kitabı milli kimliyin qorunması uğrunda bir yaddaş çağırışıdır. Yazıda Vahid Qazinin səsi ilə yanaşı, İradə xanımın da daxili səsi, zamanın ağrısını daşıyan qadın həssaslığı duyulur. Bu, onun intellektual sərtliyini bir anlığa kölgədə qoyur və daha məhrəm, insani simasını işıqlandırır. Bu ikiliyin - intellektual sərtlik ilə insani kövrəkliyin harmoniyası onun oxucu ilə bağını daha da möhkəmləndirir.

Bütün yazılarında Şərqli-Qərbli, Cənublu-Şimallı dünyanın, dünyanın bir parçası olan Azərbaycanın vətəndaşı kimi çıxış edən İradə xanımın bu yazıda ağdamlı səsini eşidirik. O, məqalənin sonunda Vahid Qazinin kitabından sitat gətirir: "Heç bilirsənmi Ağdamı xəyallarımda neçə dəfə tikmişəm?… Mənimlə Ağdamı tikməyə gedərsənmi?"…

Bu qırıq cümlələr İradə xanımın qəlbindəki həsrətin nişanəsi kimi yadda qalır.

İndi böyük quruculuq işləri gedən Ağdam yenidən böyük, hərəkətli şəhər olacaq. "Ruhlar şəhəri"nin ağrısı və İradə xanımın "Ağdam tamaşasına bilet"i isə insanlıq boyu yaşayacaq, yaddaşımızda daim yenidən səslənəcək. "Ruhlar şəhəri"ndəki "Ağdam tamaşası"nın ağrısı bizdən sonra gələnləri də qəhərləndirəcək.

Qazaxda Aşıq Kərəm İncəlinin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Mədəniyyət

Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan doğma Qazax eli həm də tarixi şəxsiyyətləri, ziyalıları, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınır. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda yubiley tədbirlərinin keçirilməsi, əlamətdar günlərin qeyd edilməsi isə artıq bir ənənə halını alıb.

Sentyabrın 4-də aşıq, saz sənətini yaşatmış, el havalarının mahir ifaçısı ustad Aşıq Kərəm (Nəsibovun) İncəlinin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində keçirilən yubiley tədbirində Aşıq Kərəm İncəlinin sözünə, saz havalarına, şəxsiyyətinə dəyər, qiymət verənlər aşığın ünvanına səmimi ürək sözlərini səsləndiriblər.

Yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Akademik, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi əvəzi Səbuhi Xasməmmədov, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, şair Rəfael İncəyurd, təqaüddə olan ziyalı, şair Zaməddin Ziyadoğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB Qazax bölməsinin üzvləri, Aşıqlar, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, şəhid ailələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, aşığın ailə üzvləri, yaxınları, doğmaları, KİV nümayəndələri iştirak ediblər.

Yubiley tədbirində ustad aşıq haqqında dəyərli ziyalıların, şairlərin, aşıqların söylədikləri ürək sözlərinin yer aldığı videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri. Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, ustad Aşıq Kərəm İncəlinin 80 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. B.Vüsal şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın dünyada tanıdılmasında misilsiz xidmətlər göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. B.Vüsal Qazaxda saz, söz adamlarına göstərilən diqqət və qayğıdan söz açaraq qeyd edib ki, bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli-mənəvi dəyərlərə, milli dəyərlərimizi yaşadanlara böyük diqqət göstərilir, böyük ehtiram var. O, bugünkü tədbirin keçirilməsini Aşıq Kərəm İncəlinin simasında bütün aşıqlarımıza, aşıq sənətini uca tutanlara verilən dəyər kimi qiymətləndirib. B.Vüsal ölkə rəhbərinin ziyalılara, mədəniyyət, ədəbiyyat sahəsində çalışan insanlara, şairlərə, aşıqlara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin, qayğının şahidi olduğunu dilə gətirib. Rayonda şairlərin, yazarların, aşıqların yubiley tədbirlərinin keçirilməsinin artıq bir ənənə halını aldığını söyləyən şair bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib. “Bu gün Ədəbiyyat Muzeyində o sənətkar haqqında yubiley tədbiri keçirilir ki, o, sözün həqiqi mənasında yüksək səviyyədə tədbirin keçirilməsinə layiq olan ustad aşıq, sənətkardır. Aşıq Kamandarın şəyirdi olmuş, onun aşıq məktəbini qızıl diplomla bitirmiş Kərəm İncəlinin saz şöləninə toplaşmaq qürurvericidir. Aşıq Kərəm İncəli qısa ömür yaşasa da gələcək nəsillərə, gənc aşıqlara örnək, nümunə olacaq bir iz qoyub. Şərəfli və mənalı ömründə miras qoyduğu şeirləri, ifa etdiyi saz havaları hələ neçə-neçə gənc aşıq üçün bir məktəbdir”, - deyən B.Vüsal ustad aşığın ömür yolundan, yaradıcılığından geniş bəhs edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, ustad aşığın ünvanına səmimi ürək sözlərini çatdırıb. Aşıq Kərəm İncəlinin yubiley tədbirinin keçirilməsində əməyi olan insanlara və bugünkü tədbirdə iştirak edənlərə razılığını ifadə edib. Rayon rəhbəri Azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan aşıq sənətinə ölkəmizdə dövlət səviyyəsində qayğı göstərildiyini söyləyib. Ulu Öndərin aşıq sənətinə yüksək qiymət verdiyi kimi, onun layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da aşıq sənətinə yüksək dəyər verdiyini diqqətə çatdırıb. 30 sentyabr 2009-cu il tarixdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazıldığını, YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulayıb. Bu hadisənin aşıq sənətinin Azərbaycanın mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqlədiyini qeyd edib. Bildirib ki, bu uğur Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının nəticəsidir. İcra başçısı Qazaxda aşıqların, şairlərin yubiley tədbirlərinin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini qeyd edərək bunun bariz nümunəsi olaraq bugünkü tədbiri göstərib. Aşıq Kərəm İncəli haqqında fikirlərini bölüşən rayon rəhbəri vurğulayıb ki, “Əlli il ömür yaşayasan, ömür sürəsən, ancaq belə iz buraxasan, xalq tərəfindən seviləsən, xalqın sevgisini qazanasan, dövlət tərəfindən dəyərli qiymət alasan, bu, hər adama, hər sənətkara, aşığa nəsib olmur. 50 yaşında bu şərəfli ömrü yaşamaq Kərəm İncəli şəxsiyyətinin böyüklüyünün, onu yetişdirən torpağın gücünün göstəricisidir. 50 yaşında ömrünü başa vursa da Aşıq Kərəm İncəli ziyalılar tərəfindən qiymətini almış, onun haqqında dəyərli fikirlər səslənmişdir. Xalqına, Vətəninə olan sevgisini qələmə aldığı şeirlərində, ifa etdiyi saz havalarında çatdıran Aşıq Kərəm İncəlinin ölümündən sonra 60, 75, 80 illik yubiley tədbirlərinin keçirilməsi onun aşıq sənətinə dövlət tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir”.

Akademik, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Aşıq Kərəm İncəlinin 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu söyləyib, tədbirin keçirilməsində əziyyəti olan insanlara razılığını ifadə edib. Ölkə Prezidenti İlham Əliyevin ziyalılara, mədəniyyət, ədəbiyyat sahəsində çalışan insanlara, şairlərə, aşıqlara olan qayğısının Qazaxda olduğu kimi icra edilməsini razılıqla qarşılayan N.Cəfərov buna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Aşıq Kərəm İncəli haqqında xatirələrini bölüşən natiq onun ustad və peşəkar aşıq olduğunu vurğulayıb. Aşıq Kamandarın şəyirdi olmuş Kərəm İncəlinin onun aşıq sənətini layiqincə təmsil etdiyini, qısa ömür yaşasa da bu işin öhdəsindən layqincə gəldiyini söyləyib. Aşıq ədəbiyyatını yaşadan bir aşıq kimi Kərəm İncəlinin bundan sonra da qəlblərdə əbədi yaşayacağını qeyd edib.

Çaylı Mədəniyyət evinin direktoru Məhəmmədəli Məşədiyev, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, şair Rəfael İncəyurd, təqaüddə olan ziyalı şair Zaməddin Ziyadoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mübariz Qaragözlü çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Aşıq Kərəm İncəli haqqında səmimi ürək sözlərini, xatirələrini bölüşüblər. Sənətə, sənət adamlarına dəyər verən insanlara, yubiley tədbirinin təşkilində əməyi keçən insanlara, xüsusilə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər Aşıq Kərəm İncəlinin səsinə sahib çıxmağı bacaran ustad aşıq olduğunu, onun özünəməxsus ədəb-ərkanı, qələmə aldığı şeirləri, ifa etdiyi saz havaları ilə hər zaman seçildiyini dilə gətiriblər. Aşıq Kərəm İncəlinin az yaşamasına baxmayaraq ürəklərdə qalmağı bacardığını qeyd ediblər.

Yubiley tədbirində iştirak edən gənc Aşıq Samir Cəlaloğlu, Aşıq Saqif Məzəmli, Aşıq Osman, Aşıq Mahal, Aşıq Zülfüqar Şamilov, (balabanda Tahir İsgəndərov) ustad Aşıq Kərəm İncəlinin vaxtilə qələmə aldığı şeirlərini, ifa etdiyi saz havalarını səsləndiriblər.

Sonda Aşıq Kərəm İncəlinin oğlu Valeh Nəsibov çıxış edərək saz, söz sənətinə göstərilən diqqətə, qayğıya, atasının 80 illiyinə həsr olunmuş bugünkü yubiley tədbirinin təşkilinə görə ölkə başçısına, rayon rəhbərliyinə, əziyyəti keçən insanlara öz adından və ailəsi adından minnətdarlığını bildirib. Atasının ünvanına xoş sözlər söyləyən, təbrik edən hər kəsə səmimi arzularını çatdırıb.

Aşıq Kərəm Nəsibov (İncəli) 11 mart 1945-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustad sənətkar hələ məktəbli ikən aşıq sənətinin sirlərini ustad Aşıq Kamandar Əfəndiyevdən öyrənməyə başlamışdır. Kamandar Əfəndiyevin qeyd etdiyinə görə “Sənət məktəbi”ni qızıl diplomla bitirən ilk şəyird Kərəm Nəsibov olmuşdur. 1960-cı illərdən başlayaraq el şənliklərində, dövlət tədbirlərində ecazkar səsi və saz ifası ilə sənətsevərlərin diqqətini cəlb edən istedadlı gənc aşıq əvvəlcə Gəncəbasar, Göyçə, Borçalı mahallarında, radio və televiziyada çıxışlarından sonra isə bütövlükdə Azərbaycanda böyük şöhrət qazanmışdır.

Aşıq Kərəm Nəsibov ilk dəfə Qazax rayon Mədəniyyət evinin nəzdində Aşıqlar Ansamblını və saz dərnəyini yaratmış, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvü, birliyin Qazax Regional bölməsinin rəhbəri olmuşdur. Fəaliyyəti dövründə aşıq sənətini ölkəmizdə, eləcə də xarici ölkələrdə layiqincə təmsil etmiş, Mədəniyyət Nazirliyi tərəfindən dövrünün bir çox yüksək mükafatlarına layiq görülmüşdür. Orta Asiya respublikalarında, Türkiyə və İranda dəfələrlə tədbirlərdə iştirak etmişdir.

Aşıq Kərəm Nəsibov bütün klassik saz havalarının incəliklərinə dərindən bələd olmuş və bu havaların hər birini özünəməxsus şəkildə ustalıqla ifa etmiş nadir sənətkarlarımızdandır. 72 əsas aşıq havasını və öz bildiyi 193 saz havasına aid konspektləşdirilmiş halda mətn hazırlamışdır və bu gün də Azərbaycan İncəsənət Universitetində Aşıqlar bölməsində həmin materiallar dərs vəsaiti kimi istifadə olunur. Kərəm Nəsibovun çoxsaylı ifaları  "Azərbaycan  Televiziya və Radio Verilişləri" QSC-nin qızıl fondunda qorunmaqdadır.

60-a yaxın dastan bilən Kərəm Nəsibov Türk dünyasında ilk dəfə rəsmi qaydada Aşıq Ələsgər rolunu aparmışdır və dəfələrlə bu rolda ölkə və ölkə xaricində Moskvada çıxış etmişdir. Yaradıcı aşıq olan Kərəm İncəlinin ömür və sənət yoluna həsr olunmuş iki kitab və bir jurnal nəşr olunmuşdur. Həmin kitablarda onun poeziyası və ifaçılığı haqqında görkəmli sənətşünas və folklorşünas alimlərin elmi araşdırmaları və publisistik məqalələri də yer almışdır.

1995-ci ildə 50 yaşında, anadan olduğu 11 mart tarixində, dövlət televiziyasının çəkilişi zamanı, saz sinəsində dünyasını dəyişmişdir. Özündən sonra zəngin irs qoymuş ustada dövrümüzdə Azərbaycan Dövlət televiziyası, İctimai Televiziya və eləcə də bir sıra özəl kanallarda onlarla sənədli film və verilişlər həsr edilmişdir. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirilən ustad aşıq Kərəm İncəlinin 60, 75 və son olaraq 80 illik yubileyləri Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində yüksək səviyyədə qeyd edilmişdir. Ölümündən sonra 80 illik yubileyində Qızıl medalla təltif olunmuşdur.

Saz sənətində misilsiz xidmətləri olmuş Aşıq Kərəm haqqında onu tanıyan böyük ziyalılar Osman Sarıvəlli, Hüseyn Arif, İsmayıl Şıxlı, Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Nizami Cəfərov, Ədalət Nəsibov, Polad Bülbüloğlu, Aşıq Əli Quliyev, Vidadi Bayramov, Təbrizin tanınmış sənətkarı Böyükbəy Ələkbəroğlu, Firdovsi Umudov, İlhamə Qəsəbova və digərləri fikirlərini bölüşmüşlər.

Onun peşəkar tələbələri İlham Aslanbəyli, Mahal Fəttahov, Alı Cəfərov, aşıq Samir Cəlaloğlu və digərləri yolunu davam etdirir.

Cəbrayıl Mirzai - 75

Mədəniyyət

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, görkəmli kimyaçı alim, Bakı Dövlət Universitetinin Kimya fakultəsinin “Fiziki və kolloid” kimya kafedrasının müəllimi, kimya elmləri doktoru , professor Mirzai Cəbrayıl İsrafil oğlunun ad günüdür. Onun 75 yaşı tamam olur.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Cəbrayıl Mirzaini 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar arzulayırlar.
 P.S. . Cəbrayıl İsrafil oğlu Mirzai 1950-ci il sentyabr ayının 3-də Qazax şəhərində anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirdikdən sonra Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun  məqsədli aspiranturasına qəbul olmuş və Moskva şəhərinə, keçmiş SSRİ EA-nın Fiziki Kimya İnstitutuna ezam edilmişdir. Həmin institutda o, görkəmli fiziki kimyaçı alim akademik M.M.Dubininin rəhbərliyi altında Fiziki kimya ixtisası üzrə 1975-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir.1992-ci ildə Fiziki kimya ixtisası üzrə professor elmi adı almışdır. Cəbrayıl Mirzai 1974-1991-ci illərdə AEA-nın Kimya Problemləri İnstitutunda mühəndis, kiçik, baş elmi işçi, bölmə müdiri və laboratoriya rəhbəri vəzifələrində işləmişdir.
1999-cu ildən 2016-cı ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasında ixtisası üzrə müxtəlif vəzifələrdə çalışmışdır. O, həm də kafedranın nəzdində fəaliyyət göstərən Ekoloji kataliz elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri olmuşdur.
 2016-cı ildən BDU-nun Fiziki və kolloid kimya kafedrasının professorudur.  Cəbrayıl Mirzainin əsas tədqiqat obyektləri sırasına sənayenin bir çox sahələrində effektiv sorbentlər və katalizatorlar kimi tətbiq olunan təbii və sintetik seolitlər daxildir. Sistemli olaraq apardığı elmi işlər nəticəsində Cəbrayıl Mirzai seolit sistemlərinin tədqiqində yeni istiqamət inkişaf etdirmişdir. Onun elmi-tədqiqat işlərinin nəticələri 400-ə qədər elmi əsər və 5 ixtirada öz əksini tapmışdır. BDU-da fəaliyyət göstərən ED 2.16 Dissertasiya Şurasının üzvüdür. Elmi rəhbərliyi və məsləhətçiliyi ilə 22 kimya üzrə fəlsəfə doktoru və 2 kimya elmləri doktoru hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2010-cu il  tarixli sərəncamı ilə Cəbrayıl Mirzai “Tərəqqi” medalı ilə, 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” medalı ilə təltif olunmuşdur.

Fransaya səs salan azərbaycanlı musiqiçi işin çətinliklərindən danışdı

Mədəniyyət

Azərbaycanəsilli sənətkar, tanınmış pianoçu, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva Fransanın fəxri vətəndaşı adına layiq görülüb.

Baku TV-yə açıqlama verən pianoçu bunun nadir hadisə olduğunu bildirib:

"Mən çox xoşbəxtəm. Çünki bu təltif uzun illərin zəhmətinin nəticəsidir. İnsanlar yalnız kənardan görürlər: gözəl geyimlər, səfərlər, alqışlar. Amma bunun arxasında çox böyük zəhmət dayanır. Pianoçunun işi bəzən yükdaşıyanın əməyinə bərabər olur. Bu, işin fiziki tərəfidir. Digər məqamlar da var. Sən daim öz üzərində işləyirsən, fərqli insanlar və auditoriyalarla qarşılaşırsan, onların da öz fikirləri olur".

Ətraflı süjetdə:




"Muğam" müsabiqəsində qalmaqal - Diplomu qəbul etmədi

Mədəniyyət


IX “Muğam” Televiziya Müsabiqəsinin finalında qalmaqal yaşanıb.

 

İştirakçılardan olan Kənan Novruzov haqsızlıq olunduğunu deyib. O, finalda ona təqdim olunan diplomu qəbul etməyib. Bununla bağlı paylaşımda Kənan bunları yazıb:

 

"Bütün xalq görsün ki, necə böyük haqsızlıq var muğam sənətində. Susmayaq".

 

Qeyd edək ki, müsabiqədə 3 azyaşlılardan, 3 finalçılardan qalib seçilib. Digər ifaçılara isə diplomlar verilib.

 






Göyüzü kimi sirli... - Məti OSMANOĞLU

Mədəniyyət

Özbəkistanın Xalq yazıçısı Adil Yaqubovun "Uluğbəy xəzinəsi" romanını Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sifarişi ilə 1989-cu ildə tərcümə etmişdim və kitab nəşriyyata göndərilmişdi. Mərkəzin sədri Aydın Məmmədov yol qəzasında həlak olandan sonra kitabın taleyi də qəzaya uğradı. Nəhayət, keçən il BDU Nəşr Evi buzu sındırdı. Universitet rəhbərliyinə, kitabın nəşrində əməyi olan hər kəsə dərin minnətdarlıqla.

Məti OSMANOĞLU

 

Yazıçı təxəyyülünün siyasi təzyiq altında saxlanıldığı, düşüncə azadlığının boğulduğu, bədii əsərin məzmunu ilə forması arasında sərhəd çəkilərək "məzmunca sosialist, formaca milli" qəlibinə salındığı Sovet dövründə ayrı-ayrı xalqların ədəbiyyatında ideoloji sərhədləri "pozan", xalqın mənəvi kimlik vəsiqəsinə çevrilən əsərlər də yarandı. Azərbaycan ədəbiyyatında Səməd Vurğunun "Azərbaycan" şeiri, İsmayıl Şıxlının "Dəli Kür" romanı kimi...

Özbəkistanın xalq yazıçısı Adil Yaqubovun "Uluğbəy xəzinəsi" romanı da qardaş özbək xalqının taleyində milli kimliyi təmsil etmək vəzifəsini yerinə yetirən nadir əsərlərdən oldu, xalqı özünün köklərinə, köklü ənənəsi olan dövlət təfəkkürünə və əxlaqına, dərin mənəvi dəyərlərinə qaytarmaqda müstəsna rol oynadı.

Özbək xalqının yaddaşında, eləcə də dünya elm tarixində Mirzə Uluğbəyin misilsiz yeri var. On altı yaşında - 1409-cu ildə Səmərqəndin hakimi təyin edilən Mirzə Uluğbəy 1411-ci ildə bütün Mavəraünnəhrin və Türküstanın, indiki anlayışla desək, Orta Asiyanın hökmdarı olub. Qırx il nəhəng bir səltənəti idarə edən Mirzə Uluğbəy 1449-cu ildə hakimiyyət uğrunda çəkişmələr zəminində öz doğma övladının əli ilə qətlə yetirilib.

Özbək ədəbiyyatında Mirzə Uluğbəyin şəxsiyyətinə və tərcümeyi-halına maraq 1960-cı illərdə - Stalindən sonrakı "mülayimləşmə" dövründə fəallaşmışdı və bu təşəbbüsün başında Azərbaycan əsilli yazıçı Maqsud Şeyxzadə dayanırdı. Onun "Mirzə Uluğbəy" adlı tarixi faciəsi (1960) və həmin faciənin mətni əsasında çəkilmiş "Uluğbəyin ulduzu" filmi (1964) ictimai fikirdə böyük əks-səda yaratmışdı.

Adil Yaqubovun 1970-1973-cü illərdə yazdığı "Uluğbəy xəzinəsi" romanı isə nəşr olunan kimi özbək oxucuları tərəfindən qeyri-adi maraqla qarşılandı, böyük populyarlıq qazandı. İndiyə qədər dünyanın 60-a yaxın dilinə tərcümə edilmiş romanın populyarlıq qazanmasın başlıca səbəbini dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov dəqiq göstərmişdi: bu, heç şübhəsiz, romanın bədii gücünün çəkisi ilə bağlı idi...

Əyani boyalarla verilmiş bədii detal və təfərrüatlar (personaların geyimləri, şah sarayının, mədrəsənin, rəsədxananın, dəmirçi emalatxanasının interyeri və s. kimi...), eləcə də romanın süjeti, hadisələrin ardıcıllığı, konfliktin dramatizmi, dialoqların təbiiliyi əsərin gözlə görünən "üst lay"ını təşkil edir. Yazıçının ustalığı və əsərin əsl dəyəri isə ilk baxışda nəzərə çarpmayan zəngin "alt layın" dərinliyindədir. Burada tarix oxucunun təsəvvüründə yenidən hərəkətə gətirilir, obrazlar vasitəsilə "bərpa olunur". Buna görə də mətnlə oxucu arasındakı ünsiyyətin gərginliyi oxucunu da gərginlikdə saxlayır, son dərəcə təlatümlü bir bədii aləmin içinə aparır. "Bədii aləm" dedikdə yazıçının bədii obrazlar vasitəsilə yaratdığı aləmi nəzərdə tuturam - oxucu əsəri oxuyanda və oxuyandan sonra həmin aləmin sərhədlərini qəbul edir və "tanıyır". Oxucunun "tanıdığı", yazıçı ilə müştərək yaratdığı sərhədlər pozulanda isə bədii aləm dağılır və onun yerini tarix, ideologiya, siyasət, bir sözlə, antiədəbiyyat tutur...

Adil Yaqubovun yazıçı kimi ustalığı ondadır ki, mənbələrdə və tarix kitablarında yazılanlar əsasında "bədiiləşdirilmiş" tarix yaratmamış, yazıçının müqəddəs işini yerinə yetirmişdi: tarixin bədii obrazını canlandırmış və yaratdığı obrazın dərk olunmasını oxucunun öhdəsinə buraxmışdı. Bu, tarixdə baş verənləri yaddaşda canlandırmağa imkan verməklə yanaşı, tarixlə əsərin yazıldığı və oxunduğu zaman arasında canlı dialoqun qurulmasına şərait yaradır. Hakimiyyət və xalqın mənafeyi, siyasətə nüfuz edən dini irtica və xalqı var edən, yaşadan dəyərlər kimi dilemmalar ilə üz-üzə qalan oxucu əsrdən-əsrə, zamandan-zamana daşınan əbədi xəzinə haqqında düşünməyə vadar edilir. Hakimiyyətin biri gedir, yerinə başqası gəlir, xalq və xalqın yaşatdığı (və xalqı yaşadan) dəyərlər xəzinəsi isə əbədi qalır, bir zəmanədən o biri zəmanəyə, bir nəsildən sonrakı nəslə ötürülür...

Uluğbəyin xəzinəsi - onun özünün yaratdığı elmi risalə və astroloji cədvəllər, dünyanın dörd yanından Səmərqəndə gətirdiyi və qoruduğu kitablar, nadir əlyazmaları, qiymətli sənət nümunələri (bunların arasında dahi Nizami Gəncəvinin kitabı da var), Uluğbəyin abad etdiyi şəhərlər, tikdirib qurduğu ali təhsil ocaqları - mədrəsələrdir, kainatın sirlərinə ayna tutan rəsədxanadır.

Uluğbəyin xəzinəsi - onun öz ətrafına topladığı alimlər, sənət adamları və onların yaratdıqları əsərlərdir.

Uluğbəyin xəzinəsi - elmi və mədəni mühitin tarixdə yaratdığı iqlim "dəyişikliyidir" ki, bu dəyişiklik sonradan mədəni dünyanın qütblərinin dəyişməsinə böyük təkan verdi...

Əsərin sonluğu romanın məzmununu qavramaq baxımından böyük məna daşımaqdadır. Mirzə Uluğbəyin yaratdığı elmi mühitin yetirməsi və yaxın dostu, böyük riyaziyyatçı alim Əli Quşçu sarsıdıcı faciələrdən - Mavarəünnəhr sarayında baş verən qanlı sui-qəsdlərdən, irticanın qələbəsindən, alimlərin təqibə məruz qalmasından sonra Mirzə Uluğbəydən qalan xəzinənin qiymətli əsərlərinin bir hissəsini özü ilə götürüb Mavəraünnəhri tərk edir. Romanda onun haraya getdiyi göstərilmir. O, atın üstündən əlini yelləyib, şagirdləri ilə axırıncı dəfə halallaşır və atının başını aşırıma tərəf döndərir. Aşırım müəllifin uğurla işlətdiyi metaforadır. Mirzə Uluğbəyin irticanın əlindən xilas edilmiş xəzinəsi çoxlu aşırımlar aşacaqdı. Hələlik birinci mənzil, ilk dayanacaq Fateh Sultan Mehmedin fəth etdiyi İstanbul idi. Əli Quşçunun apardığı Uluğbəy xəzinəsi əvvəl İstanbula, sonra isə daha uzaqlara gedəcəkdi...

Uluğbəy xəzinəsinin Mavərünnəhrdən aparılması metaforik bir başlanğıc idi. Bu yerdəyişmə ilə dünya sivilizasiyasının ağırlıq mərkəzi dəyişəcək, sivilizasiyanın dayaq nöqtəsi Şərqdən Qərbə, Asiyadan Avropaya keçəcəkdi.

Gənc Fateh Sultan Mehmedin fəth etdiyi, coğrafi cəhətdən Avropa ilə Asiyanın arasında olan İstanbul bir müddət Şərqli-Qərbli dünya mədəniyyətinin ağırlıq mərkəzini özündə daşıya bildi...

Ömrünün son illərini İstanbulda yaşayan, Səmərqənddə qazandığı təcrübəni Mərkəzi Asiyadan Avropaya daşıyan Əli Quşçu yüksək məvaciblə Ayasofya mədrəsəsinə müdərris təyin olundu və ömrünün sonuna qədər elmi və müəllimlik fəaliyyətini orada davam etdirdi.

Aradan təxminən yüz il keçəndən sonra Osmanlı sultanı İstanbulda Səmərqənddəki Uluğbəy mədrəsəsi ilə əkiz rəsədxana qurdurdu və 1580-ci ildə bu rəsədxana irticaçıların fitnəsi ilə dağıdıldı. Mirzə Uluğbəyin Səmərqənddə inşa etdirdiyi rəsədxana isə XVII əsrin sonuna qədər ayaq üstə qala bildi, sonra tədricən tarixin xarabalığına qarışdı...

Avropa astronomları Mirzə Uluğbəyin "Zic"i ilə XVII əsrin ortalarında tanış oldular: 1648-ci ildə bu mükəmməl əsərdən hissələr Oksford universitetində ingilis dilində nəşr edildi. Bundan sonra Uluğbəy xəzinəsinin Avropa fütuhatı başladı...

Mirzə Uluğbəyin XV əsrdə Mavəraünnəhrdən karvanla yola çıxan xəzinəsi XXI əsrdə gəlib Azərbaycana da çatdı. İşğaldan azad edilmiş Qarabağ torpağında - Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti ilə tikilmiş və Prezident Şavkat Mirziyoyev tərəfindən Azərbaycana hədiyyə edilmiş orta məktəbə Mirzə Uluğbəyin adı verildi.

Ümidvaram ki, Özbəkistanın Xalq yazıçısı Adil Yaqubovun "Uluğbəy xəzinəsi" romanını oxuyan hər bir azərbaycanlı şanlı və ibrət dolu bir tarixlə təmasda olacaq, Mirzə Uluğbəyi daha yaxından tanıyacaq, onun yadigar qoyduğu misilsiz xəzinədən özünə düşən payı götürəcək...

Bu gün Laçın Şəhəri Günü qeyd edilir!

Mədəniyyət

Bu gün Laçın Şəhəri Günüdür.  Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.

Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri "X" sosial şəbəkəsində elan edib.

Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Laçın şəhərinə məcburi köçkünlərin qayıdışına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

В будущее В прошлое

Навигация