t s

» » Sahilə İbrahimova yazır: Amerikanın cənubu

Sahilə İbrahimova yazır: Amerikanın cənubu

23-09-2015, 14:06 Yazar:  Canan Baxılıb: 491 Çap et
Sahilə İbrahimova yazır: Amerikanın cənubuİncəsənət hadisə danışmaqdı. Rəsmə, musiqiyə, heykəltaraşlığa, ədəbiyyata oxşar hər şey, sənətlə məşğul olan hamı əhvalat nəql edir. Bir az yazıçılıq marağı, bir az da etnologiya ixtisası üzrə təhsilim məni xalqların şifahi və yazılı əhvalat danışma mədəniyyətlərini öyrənməyə sövq edir. Bir müddət Amerika Birləşmiş Ştatlarının cənubu adlandırılan əraziyə məxsus əhvalatlarla maraqlandım. Amerikanın cənubu tarixçilər, etnoqraflar, folkloristlər, müharibə analitikləri, demokratik institutların araşdırmaçıları tərəfindən kifayət qədər öyrənilib. Təxmin etdiyiniz kimi, araşdırmaçıların çoxu “Vətəndaş müharibəsi”nin (1861-65) tarixinə nəzər salanda gözlərini daha geniş açır, regionun məlum savaşdan öncəsini və sonrasını anlamaq üçün daha çox o dövrə istinad edirlər. Amerikanın cənubundan olan intellektuallar “Vətəndaş müharibəsi”ndəki faktiki məğlubiyyəti qəbul etmirlər, “bir dəqiqə, bir dəqiqə dayanın, biz məğlub olmamışıq, savaşı bir qrup dərisiağ cənublu uduzub” deyirlər.

Ərazinin ilk sakinləri Berinq boğazı vasitəsilə Asiyadan gəliblər. Avropa və Afrikadan insan axını sonralar baş verib. Amerikanın cənubuna aid mədəniyyətin formalaşmasında cins, irq və sinif faktorları önəmli rol oynayıb. Bu ərazidə yaranmış əsərləri tədqiq edəndə adamların məkan bağlılığı, kimlik identifikasiyası, qrupa, topluma mənsubiyyət hissi aydınca görünür. Ərazini tanımaq üçün hadisələrə, əhvalatlara, faktlara baxaq.

At, qatır satıcısı Rey Lam cənubda çox məşhur idi. O, müasir biznes dərsliklərində əksini tapan qızıl qaydaları intuitiv şəkildə anlayan və həmin qaydalara əməl edən adam olduğundan, kimsə onunla qiymət azalımı ilə bağlı sövdələşmirdi. Tək canı ilə Rey Lam böyük bir biznes şirkətinin siyasətinə uyğun şəkildə işləyir, yaşayırdı. At satışını auksion şəkildə təşkil edən Rey adamları zallara toplayır, oturanlarla xüsusi ritmdə dediyi şeirsəl sözlər vasitəsilə ünsiyyətə girirdi. Adamlar həm alqı-satqı eləyir, həm də Reyin teatral performansından zövq alırdılar. Potensial alıcılar Reyin oturduğu dükana getməyi də sevirdilər. Orda həm nəsə almaq, həm də maraqlı əhvalatlar dinləmək olardı. Bu cür fərdi yaradıcı təşəbbüslər sonralar Amerikanın müxtəlif peşəkar biznes sahələrində də təqdim olundu. Buna misal olaraq, ilk dəfə Amerikada tətbiq olunan alış-veriş mərkəzlərində instrumental musiqi (ilk dəfə orqan musiqisi) səsləndirilməsini göstərə bilərik. Alıcıya həm estetik zövq, həm də mənəvi qida servis eləmək lazımdır.

Cənubda baş vermiş bir hadisəni xalq belə nağıl eləyir. Bir qadın Vəftiz olunmaq üçün (1.“su­ya sa­l­maq” və ya “suya batırmaq” de­mək­dir, Mə­si­hin ölüb-dirilməsinin rəmzi mənasıdır. Ka­to­lik­lə­rin fik­rin­cə, vəftiz xris­tian ol­ma­ğın ilk şər­ti­dir) ayinə gedir. Keşiş suyun içində dayanıb qadını yanına dəvət edir, “buyur, gəl, mənim balam” deyir. Qadın keşişin yanına yaxınlaşmaqdan imtina edir, “arxandakı şey mənim xoşuma gəlmir” – deyir. Dəvət və imtina bir neçə dəfə təkrar olunur. Qadın israrla keşişə deyir: “Sənin arxandakı şey mənim xoşuma gəlmir”. Keşiş qadının israrından sonra arxaya çönür, təhlükəli baxışlarını ona zilləyən timsahı görür, “o, heç mənim də xoşuma gəlmir” deyir, sudan çıxır. Bu əhvalat xalq tərəfindən dinin sorğulanması, kiminsə dəvətinə şübhə ilə yanaşma fikrini ifadə edir. Bu əhvalat xalqı ziyanlı saydığı şeyin arxasınca getməməyə səsləyir, “müqəddəs hesab edilənlərin mahiyyətini bəyənmirsinizsə, arxasında təhlükə görürsünüzsə, dillənin, bu yolla siz istənilən adamı düz yola qaytara bilərsiz” mesajını ötürür.

Moizə Amerikanın cənubuna məxsus ən məşhur şifahi xalq ədəbiyyatı nümunələrindən biridir. Moizə xalqı tərpətmək, onu kilsə dialoquna dəvət etmək üçün istifadə olunurdu. O həm də romanlara salınmışdı. Ralf Edisson məşhur “Görünməz adam” romanında bu janrdan məharətlə istifadə etmişdi. Moizə daha energetik olsun deyə xüsusi qafiyə və ritmlə deyilirdi, bu cür olduqda insanların qanı daha çox qaynayırdı. Beləliklə, şeirsəl ritmin insanın ruh halına, temperamentinə nə qədər çox təsir gücünə malik olduğunu bir daha görürük. Moizəçi nəsihətlərini, əhvalatlarını nə qədər gözəl səs və qafiyə ilə deyirdisə, xalq da ona o cür həvəslə, emosionalca geridönüş edirdi. Ümumiyyətlə, kilsə musiqisi, din təbliğatı (xüsusilə 19-cu əsrdə “Böyük oyanış” dini hərəkatı zamanı) Birləşmiş ştatların cənubunda mədəniyyətin formalaşması prosesinə böyük təkan vermiş oldu.

Cənublular səbət toxuma, yorğan, örtük tikmə sahəsində maraqlı nümunələri ilə seçilirdilər. Kişilər səbət toxumağı, qadınlar müxtəlif parçaların hissələrindən yorğan tikməyi şagirdlik yolu ilə öyrənirdi. Qadınların anadan qıza ötürdüyü bacarıqlar ocaqbaşı təlimi adlanır. Yorğanlara baxanda nə qədər incə zövqlə, ahəng duyumu ilə toxunduqlarını görmək olur. Atılmalı parçalardan yeni kompozisiya qurmaq, həndəsi ahənglik yaratmaq bacarığına malik qadınlar zəngin incəsənət duyumuna malik idilər. Onlara baxanda dünyanın nə qədər sənətkardan məhrum olduğunu düşünməmək olmur. Fərasəti göstərmək üçün fürsət olmalıdır. Akademik bilik alma imkanları olsaydı, indi onların əsərləri təkcə folklor muzeylərini deyil, ali sənət evlərinin divarlarını da bəzəyərdi.

Ceyms Tomas – blüz ifaçısı, hekayəçi və skulptur. O, Missisipi ətrafından əldə etdiyi gildən yanındakı insanların başlarını düzəltməyi sevirdi. İnsan başını, kəlləsini realda olduğundan daha böyük ölçüdə düzəltməklə bədənimizin ən əhəmiyyətli yeri kimi göstərirdi. Heykəltaraşlıqda başa fokuslanma ənənəsi Amerikanın cənubuna Afrikadan gəlmişdi. Ceyms ən çox ölülər haqqında hekayələr danışır, vəfat etmək barədə mahnılar oxuyurdu, bu həm də onunla bağlı idi ki, o, qəbirqazan işləyirdi. “Mənim məqsədim ölümü adamların yadına salmaqdı, hamının gec-tez qəbirə gedəcəyini xatırlatmaqdı” – o, öz sevimli mövzusundan əl çəkməməyini belə əsaslandırırdı.

Amerikanın cənubunda baş tutmuş incəsənət dialoqlarında tez-tez rastlaşdığım hallardan biri fotoqrafların yazıçılardan, yazıçıların fotoqraflardan ilham almasıdır. İstər rəngli, istər ağ-qara fotoqrafiyanı təmsil edən adamlar kədəri, əlacsızlığı, kasıblığı və aclığı fotolaşdırırdılar. Yazıçılar da qısa hekayələri ilə buna çalışırdılar. Eqleston Kristenberi və Volker Evansın vizual əhvalatları ilə Uilyam Folkner və Riçard Raytın sözlü təsvirləri arasında bənzərlik doğmalıq duyulacaq qədərdir. Eudora Velti isə qısa hekayə yazıçılığına fotoqrafiyadan gəlmişdi. Deyim ki, mən Eudora Veltinin səs tembrini, öz hekayəsini oxuma tərzini və bu sözlərini sevirəm, “Hadisə görüntüdən böyükdür. Ehtimal olandan böyükdür. Bunların hamısından böyük insandır. Nə edirsən, et, onu çərçivələməyi bacarmazsan.” Təkcə fotoqraflar deyil, cənublu rəssamlar da yazıçıların, xüsusilə Folknerin, Riçard Raytın və Flanneri Okonorun əsərlərindən ilhamlanırdılar.

Cənublu yazıçılar öz folklorlarından çox yararlanıblar. Onlar zənci gündəliklərini oxuyur, tarixi, etnoqrafik materiallarla tanış olurdular. Folkner deyirdi ki, cənubda keçmiş heç vaxt qocalmır, ölmür. Peşəkar tənqidçilər yekdilliklə hekayə janrını ədəbiyyatın ən çətin və lazımlı janrı hesab edirlər. Lakin hekayəçilər həmişə romançılarla müqayisədə daha az diqqət və himayə görürlər. Əksər kitab agentləri məhz roman çap etməkdə maraqlı olurlar. Eudora Velti hekayəçi idi. Dediyinə görə, çap olunmaq onun üçün qeyri-real görünürdü. Qaradərili və qadın idi, üstəlik roman yox, hekayə yazırdı, özü də bunu cənubda edirdi. Bu faktorlar onu kitabçıların gözünə çox maraqsız göstərirdi. Lakin o dövrün məşhur jurnallarından biri onu gördü və hekayələrini çap etməyi öhdəsinə götürdü. Bundan sonra Eudoranın ədəbi yolu hamarlaşdı. Kiçik müsahibələrinə baxdım, müasir ədəbiyyatı incələyir. Eudora deyir ki, tələbələrindən biri bir dəfə ondan niyə həmişə keçmişdən yazdığını soruşub. Deyir: “Təəccübləndim, mən keşmiş yazan yazıçılardan deyildim. Məsələ burasındadır ki, mən yaşaya-yaşaya yazmışdım, indi keçmiş sayılan dünənin indisi idi. İndini yaza-yaza necə də keçmişin yazarına dönmüşdüm…” Eudora bildirir ki, müasir ədəbiyyatda müşahidə etdiyim tendensiya müəlliflərin kütləvi şəkildə nəqletmə forması kimi birinci şəxsin təkindən, “mən”dən istifadə etməsidir. “Müəllif yalnız məninə-özünə bürünüb yazırsa, istedadını öldürür” – deyən Eudoranın fikri ilə razıyam. Bu monotonluq mənə də müəyyən müddətdən sonra qeyri-peşəkar təsir başlayır. Peşəkar yazıçı başqa-başqa xarakterlərdə özünü sınamalıdır. Ən azından eksperiment xatirinə.

Cənubun ən çox bəyəndiyim yazarı Alis Volkerdi. Onun etiraz əzmi, gücü hələ universitet illərində diqqətimi cəlb eləmişdi. 1982-ci ildə “Color Purple” (Bənövşəyi rəng) romanı ilə Pulitzer mükafatına layiq görülən Alis Volkerin həmin əsərinə Stiven Spilberq eyniadda film çəkib.

Uşaq vaxtı tüfəngdən açılan təsadüfi güllə Alisin sağ gözünə dəyir. O qardaşının töhmət almaması üçün evdə heç nə demir, hadisənin üstü açılanda isə xəstəxanaya getmək üçün yolpulu olmur. Nəhayət bir həftədən sonra həkimə gedən qızın yarasına sarğı qoyulur və o, ömürlük sağ gözünün görmə qabiliyyətini itirir. Tənqidçilər onun haqqında çox maraqlı cümlə işlədir: “Bir gözü kor olandan sonra onda özünüdərk prosesi sürətlə gedir. O, insanları, ətrafını daha yaxşı görməyə, analiz etməyə başlayır”. Bu, qəribə paradoksdur. Bu məntiqə əsasən, özünüdərk prosesi mənəvi və ya fiziki ağrıdan sonra güclənir. Alis təkcə yazıçı deyil, o, çox ciddi, davamlı etirazları, sosial, siyasi çıxışları ilə məşhurdur. Son dövrlərdə isə ən çox anti-yəhudi bəyanatları ilə gündəmə gəlib. Belə ki, Alis İsraili terrorist ölkə sayır. Hətta “Dünyada ən böyük terror təşkilatları Amerika və İsraildir” kimi çox cəsarətli cümlələr işlədir.

2009-cu ildə Alis İsrailə verdiyi önəmə görə, Toronto film festivalını baykot edən 50 nəfərdən biri olmuşdu. Eyni ildə o, 60 qadınla birgə Qəzzaya getmiş, yardım aparmaqla yanaşı, İsrail və Misir rəsmilərindən sərhədləri açmağı xahiş etmişdir. Alis danışır ki, yaşlı fələstinli qadın verdiyi hədiyyəni qəbul etdikdən sonra ona “Allah səni yəhudilərdən qorusun” deyə alqış elədi. Mən də bildirdim ki, artıq gecdir, mən ailəli, evli olmuşam. Alisin əri yəhudi əsilli hüquqşünas olub. Onun genləri ilə dünyaya gətirdiyi qızı Rebekka da anası kimi yazıçı, insan hüquqları müdafiçəsi, yarıfeministdir. Qızının damarlarından yəhudi qanı axmasına baxmayaraq, Alis İsrail rejimini ifşa etmək üçün hər vasitədən istifadə edir. O, “Bənövşəyi rəng” kitabının İsraildə çap olunmasını, ivrit dilinə tərcümə edilməsini qadağan edib. (Kitaba çəkilən filmin rejissoru Stiven Spilberq yəhudi olsa da). Alis zülm kimi gördüyü hər şeyə, hamıya qarşı çıxır. 2008-ci ildə Obamaya açıq məktub yazıb, ona qardaş deyir. Bundan başqa o, ərki çatdığı tanınmış müğənnilərə müraciətlər yönləndirərək onları İsraildə konsert verməməyə, ruhi zədədən qorunmağa, terroru dəstəkləməməyə dəvət edir.

Alis rəsmi internet səhifəsində ən son Ruminin sözlərini paylaşıb: “Ruhunun yaşamasını istəyirsənsə, dost tap və ona yaxın ol”. Qeyd edib ki, bəzən ən yaxın dost musiqidir. İndi ən yaxın dostum musiqidir. Qızıl günəş və bütöv ayla dolu bu cəlallı avqust ayında meditasiya edirmiş kimi, Yusuf Ganiyevin ifasında “Səhrada qızılgül” adlı sufi musiqisini dinləyirəm.

Amerkanın cənubuna məxsus ən maraqlı hekayə, ən uğurlu əsər bütün variasiyaları ilə birgə cazdır. Cənubda musiqi həm Afrikadan, həm də Britaniya adalarından – Şotlandiyadan, İrlandiyadan gətirilmiş alətlərdə səslənirdi. Caz musiqisi ilə assosiasiya olunan Amerikanın Cənubu həm də Britaniya adalarından Atlantik okeanı vasitəsilə bu əraziyə daşınan balladaların uğurla səsləndiyi yerdir. Ballada hekayə danışmaq üçün uğurlu seçimdir – musiqili hekayənin girişi, davamı və sonluğu var. (Con Henri (John Henry), Keysi Cons (Casey Jones), eləcə də çox bəyəndiyim Ola Bel Ridin (Ola Belle Reed) balladalarını dinləyə bilərsiniz)

Etno-balaban quldarlıqla mübarizə dövrünün ən məşhur alətlərindən idi. Tüsan Lovurçanın başçılığı ilə baş tutan Haiti inqilabından sonra balaban çalmaq rəsmi olaraq qadağan edildi. Belə ki, inqilabçı qruplar bir-birləri ilə bu alət vasitəsilə xəbərləşir, ondan kommunikasiya vasitəsi kimi istifadə edirdilər. Cənublu fermerlər bunu eşidən kimi qara siyahıya saldılar. Lakin ənənə itmədi, bir çox etnik musiqinin yaranmasında, sonra bu havaların ciddi musiqi əsəri kimi paketlənməsində bu alətin rolu böyükdür.

Mütəxəssislər əminliklə deyir ki, məhz caz Amerikanın ədəbiyyatını, təsviri incəsənətini, akademik musiqisini şəkilləndirib, dini, sinfi və cinsi məsələlərin ictimai müzakirəyə çıxarılmasını təmin edib. “Ağsansa hər şey qaydasındadır, qəhvəyisənsə buralarda ol, ətrafda gəzin, qarasansa geri çəkil, geri çəkil…” – bu misralarda insani münasibətlərin dəri rənginə görə tənzimlənməsi aydın görünür.

Cənubda blüzun şəhər və kənd klassifikasiyalı iki əsas qolu var. Şəhər blüzu mikrofonlu elektro-gitara və harmonika (dodaq qarmonu) vasitəsilə, kənd blüzu isə akustik gitara və səs gücləndirici olmadan ifa olunurdu. Kənd blüzunun ifaçıları arasında diqqətimi çəkən bərbər, musiqiçi və vətəndaş cəmiyyəti qurucusu kimi təqdim olunan biri oldu. Adam bərbər kimi onun yanına gələn adamlara gitarasında mahnı ifa edir, oxuyur, saç kəsə-kəsə cəmiyyətdə baş verən dəyişikliklər haqqında ciddi söhbətlər edir, adamları aktiv vətəndaş olmağa səsləyirmiş. Maraqlı faktlardan biri də odur ki, blüz ifaçılar keşişlərin müxalifəti imiş. Şənbə günü gecə adamlar blüz ifa olunan klublarda, partilərdə əylənir, bazar günü səhər tezdən keşiş moizələrini dinləməyə gəlirdilər. Beləliklə, sekulyarlıq və dünyəvilik arasında rəqabət yaranırdı. Keşişlər çox vaxt xalqa blüz dinləməyin, bu musiqi sədası altında rəqs eləməyin yanlış olduğunu deyirdilər. Belə olan halda blüz ifaçıları özlərindən çıxaraq belə cavab verirdilər: “Biz ki, bazar günləri səhər moizə oxuyub, bazar ertəsi içki içib, qadınlara söz atmırıq”. Qaradərili icmalar daxilində blüzçular və kilsə arasında bu tip münaqişə, soyuq savaş uzun müddət davam edib. Maraqlıdır ki, blüz ifaçılarının çoxu, eləcə də Blüz kralı adlandırılan Riley B. əvvəlcə kilsədə dini müsiqilər oxumuş, sonra blüza keçmişdilər. Bəzi keşişlər hətta boş vaxtlarında gizlincə gitara çalırdılar.

Maraqlı saydığım faktları Alis Valkerin sözləri ilə bitirirəm: “Daima susmağını tələb edən, inkişaf hüququnu heç sayan adam dostun ola bilməz.” Çoxsaylı əhvalat nəql edən adamların içindən şüuraltı şəkildə ancaq öz toplumuna dost olan adamları seçmişəm. Onların hamısı hansısa şəkildə mənsub olduğu cəmiyyətin dillənməyinə və inkişafına çalışır. Biz də aid olduğumuz çevrədə bu cür olmağa çalışmalıyıq. Yaşadığımız həyatı formalaşdırmağa, sivil şəkildə, estetcəsinə onu daha maraqlı və yaşanmalı yerə çevirməkdə həvəsli olaq.

SAHİLƏ İBRAHİMOVA




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:32 Ölümünə tələsən Adam... Həmin gün onu radioya dəvət etmişdilər. Çox tələsirdi. İşin tərsliyindən maşını işə düşmədi, çox çalışdı, taksi də tuta bilmədi. Fikirləşdi ki, metro ilə getsin. Amma istədiyi yerə gedib çıxa bilmədi. Ona görə ki... Bəli, ona görə ki, o müdhiş gün metroda terror aktı baş verdi. Və o da həmin
10:44 Asif Ata: “Kino – bədiiyyatın plastika, yəni canlı ifadə səviyyəsində təsdiqidir” Asif Ata ilə 21 il əvvəl olmuş bu söhbətdə kino sənətinin mahiyyəti haqqında danışılır. İşıqlı Atalı, Mütləqə İnam Ocağının Yükümlüsü -Atayla bu təmasımız Kino ilə bağlıdır. İlk sual belədir: Kino haqqında Atamızın fikri. - Kino – bədiiyyatın plastika, yəni canlı ifadə səviyyəsində təsdiqidir.
13:10 12 yaşlı qızla seksual münasibət Mediaxeberleri.az xəbər verir ki, kulis.az “Ən qalmaqallı filmlər” layihəsində amerikalı rejissor Stenli Kubrikin “Lolita” filmini təqdim edir. Kubrik “Lolita” filmini məşhur yazıçı Vladimir Nabokovun eyni adlı romanı əsasında ekranlaşdırıb. Nabokov özü filmin ssenaristlərindən biri olub.
10:45 “İdmana gəlişimdə Van Dammın rolu oldu” “İdmana gəlişimdə Van Dammın filmlərinin rolu böyük oldu” “Sosial şəbəkələrə reklam vasitəsi kimi yanaşmıram” K-1 qaydasız döyüş növü üzrə dəfələrlə dünyaçempionu olmuş “Mauqli” ləqəbli idmançı Zabit Səmədovun Ailem.az-a müsahibəsi - “Mauqli” ləqəbinizin tarixçəsi necədir? Bu, hər hansı bir
23:31 Lütfi Zadə ― Dünyaya milyardlar qazandıran azərbaycanlı Dünyanın Lütfi Zadə kimi tanıdığı məşhur şəxsiyyət 4 fevral 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadə və yəhudi əsilli pediatr Fania Korimanın ailəsində dünyaya gəlmişdir. Atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun valideynləri ziyalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az