t s

» » Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər

Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər

20-02-2015, 16:10 Yazar:  Aygün Baxılıb: 930 Çap et
Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlərAsif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən
“Yas Mərasimi”ndə deyilmiş fikirlər
Ocaq Günsırası ilə 15 Köçəri Ayı, 36-cı ildə Asif Atanın Mütləqə İnam Ocağının Evladları, Ocaqdostları və Ulusəs Atalının qohumları onun cismani bacısı Elmira xanıma“Yas Mərasimi” keçirdilər.
Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: “Yas Mərasimi”nə başlayırıq. İndi keçirdiyimiz “Yas Mərasimi” bizim özümüzün milli və insani haqqımızın ifadəsidir. Asif Ata Ocağının Evladı, həm də ölənimizin cismani bacısı Ulusəs Atalının qazandığı bir haqdır. Biz mədəniyyəti yenilmiş xalqıq. Dili, tərbiyəsi, gələcəyi yenilmiş xalqıq. Ona görə də biz zaman-zaman, yenilmişlikdən çıxmaq üçün, ayağa dururuq. Bu cəhətlərimizlə addım-addım, Asif Atanın dediyi kimi, ağac-ağac, hal-hal qabağa yürüyürük. İndiyə qədər bu ruhla, bu istəklə biz bir neçə ünvanlarda Ocaq qaydası ilə “Yas Mərasimi” keçirmişik. Bizim olduğumuz ünvanların bəzilərində rahatsız olanlar da olub. İllər öncə Azərbaycanın alimi və aydını Şamil Salehin yas mərasimində çox ağır hisslər keçirdi molla, rahatsız oldu. Ancaq mən ona da, başqalarına da başa saldım ki, biz öz milli kimliyimizin, varlığımızın təsdiqini yetiririk. Burada heç kimin hisslərinə toxunmaq amacımız yoxdur. Biz burada heç bir baxışı söyməyə gəlməmişik. Bizim hədəfimiz söymək deyil, bizim hədəfimiz aqressiya deyil. Milləti aqressiya ilə yaratmırlar. Milləti mənəvi yüksəlişlə yaradırlar. Mənəvi yüksəlişi yaradan, yaşadan oğul və qızlar gərəkdir. Biz burda öz haqqımızı ifadə edirik. Ona görə də orda dediklərimizdən hər kəsin xoşu gəldi, hər kəs minnətdarlıq elədi. Biz hər şeyi nəzərə alırıq, hər şeyi hesaba alırıq, insanlarımızın hansı dünyagörüş daşıyıcıları olduğunu bilirik…
Səhər dostumuz İlham Mustafa ilə işdən gələndə o mənə belə bir söz dedi. Məni bir şey rahatsız edir ki, başqa millətlərin mədəniyyəti bizdən yüksək görsənir, deyir, mən Qazaxıstanda olmuşam, orada insanlar özlərini pis aparırdılar, yəni türklər. Ancaq başqa xalqlarda bu yox idi. Mən ona deyirəm, İlham bəy, biz mədəniyyəti yenilmiş xalqıq. Mədəniyyəti yenilmiş xalqın tərbiyəsi aşağı olur, onun içində tək-tək aydınlar olur, ağlayır, öz soyundakı aşağı cəhətlərə qarşı çıxır. Millətin uçmaması üçün, dağılmaması üçün. Mədəniyyət deyilən bir şey, içdə güc deməkdir. İçindəki güc səni dik saxlayır, ayaqda tutur. Əgər o güc yoxdursa, sən bivec olursan, millət bivec olur, davranışını bilmir, nə gəldi, necə gəldi davranır, danışır. Tərbiyəsinə baxmır, heç nəyə baxmır.
Var öz belindən gələn övladın, var qırağın belindən gələn övlad. Qırağın belindən gələn övlada nə qədər humanist münasibət bəsləsən də, öz belindən gələnin qədrini bildiyin qədər, onun üstündə əsdiyin qədər əsməyəcəksən. Bizim özcə mədəniyyətimiz, həmən türk millətinin mədəniyyəti, belimdən gələn övladdır. Onun üzərində mən əsirəm. O, mənəvi çolaq olmamalıdır, tərbiyəsiz olmamalıdır. O məhv olmamalıdır, o gələcəksiz olmamalıdır. Olmaması üçün bütün çabalarımız onun üzərinə yönəlir. Bu bizim qarşılıqsız haqqımızdı. Heç kim bizə bu haqqı yasaq edə bilməz. Heç kim məni zorlaya bilməz ki, sən öz evinin içində ərəb dilində yaşamalısan. Ərəb mədəniyyəti ilə davranmalısan. Heç kim onu bizə yeridə bilməz, yeritməməlidir.
IMG_0680Bir ovuc erməni, bir ovuc gürcü, onlar rusla, ingilislə təxminən eyni dünyagörüşü paylaşır, təriqət fərqləri var. Pravoslav, katolik, monofizit və s. Ancaq o paylaşdığı dünyagörüşü öz millətinin, öz anasının dilində ifadə edir. Erməni peyğəmbər verməyib, o, İsanın dediyni eşitməlidir. Gürcü də verməyib, o da eşitməlidir, ancaq öz dilində eşitməlidir. Biz isə min ildir ki, öz ana dilimizə arxa çevirmişik. Türk min ildən artıqdır ərəb etkisində yaşayır. Ərəb türkü özü kimi cahil, müti saxlayır. Bəşəriyyətə ilk sivilizasiya gətirən türk, böyük mədəniyyətlər quran türk cahilcəsinə ölünün qolunu qaldırıb qulağına qışqırır ki, qəbirdə rahat yat, səni cənnətə almaqdan ötrü Allahdan xahiş edirik. Baxın, qəbirə qoyanda ölünün qolundan tutub adını çəkirlər ki, o eşidəcək. Ay geridə qalmış soydaşım, ölüm ona deyirlər ki, beyin susub, hissiyyat dayanıb, sən ona nə eşitdirmək istəyirsən?!
Bu gün bizim torpağa göməcəyimiz adam bir anadır. Millətin bir qadınıdır. O ananın öz dili var. O dildə analar bizə layla deyib, o dildə analar bizə ağı deyib, bayatı deyib, nağıl deyib. Ana dilimizin incəlikləri gözəldir, o bizə hədiyyə olunub, o bizim ixtiyarımıza verilib, əmniyyətimizə tapşırılıb. O dili biz qoruyub sabaha çatdırmalıyıq. Ancaq bu dil qupquru məişət dilinin səviyyəsinə endirilib. Bu dil mədəniyyət daşıyıcısıdır axı. Bu dil dünyagörüş ifadəçisidir, bu dil sevgi ifadəsidir, bu dil yalvarış ifadəsidir. Kimə yalvarım, kimi sevim, niyə sevim?! Bunların hamısı ifadəyə gəlir bu dillə. Bu dilin adına ana dili deyirik. Ana dilimizin urvatını, qədrini bilməyimiz gərəkdir. Buna görə Asif Atanın Ocağı olaraq bir qom adam dostumuza, tanışımıza, millət sevgisi ilə tanıdığımız yaxınlarımıza üz tuturuq, rica edirik, belə məqamlarda bir araya gələk, bir yerdə ifadə edək, bir yerdə yaşadaq o mədəniyyəti, o dili, o baxışı, milli kimliyi. Bizim balalarımız bizdən gələcək gözləyir. Bizim babalarımız bizə nə verib, nə saxlayıb, yanlışmı verib, doğrumu verib? Babalarımızın bizə verdiyi bizim əlimizdən tutub hara aparır? Biz, ağlı kəsənlər, bəzən öz babalarımızı suçlayırıq, deyirik ki, sən yanlış yolda olmusan. Yanlış yol göstərmisən mənə. Mən sənin daşıdığın suçun ağrısını yaşayıram. Sabahkı balalarımız da bizə həmin şeyi deyəcək. Yüz il, min il sonra dönüb bizə baxacaq, bizdən sorğu edəcək ki, mənə nə saxlamısan? Millətini ifadə edən bir dəyər saxla görüm, nə ifadə etmisən, mən ondan yapışım, ayaqda durum… Bunu düşünmək çox önəmlidir. Buna görə də olanaq içrə (imkan daxilində) toyumuzda, yasımızda, qonşumuzda, dostumuzun məclisində biz öz milli kimliyimizi yaşatmağa borcluyuq. Cırmaqlaşmağa borclu deyilik. Sizin sıranızda oturan Günev Atalının sinəsinə çox yumruqlar ilişib. O, yumruqları həzm eləyib, niyə, millətinin gələcəyini düşündüyü üçün. Mənim də başım həmin dərdləri çəkib millətimin gələcəyi üçün. Çünki yeniliyə qarşı həşir salan adam öz milli kimliyini dərk eləmir. Mən dərk edirəm, ona görə mən ona borcluyam. “Qanan qanmayana borcludur” deyib atalarımız. Qananlar qanmayanın silləsini də udmağa borcludur. Kiminsə üstünə ayaqlanmaqla, sillə atmaqla sən millətinə yol göstərə bilməzsən, övladına yol göstərə bilməzsən.
Ölənimiz Elmira xanım, Ulusəsin bacısıdır. Onu bizə Ulusəs bağlayır, başqa şey bağlamır. O bizim dünyagörüş daşıyıcımız deyil. O, Ulusəsin bacısıdır və millətimizin övladıdır. Bizə bu haqqı da Ulusəs verdi. Biz haqq verilməyən ünvanda söz demirik. Biz hər vaxt xalqımızın içində oluruq. Bu ayrı. Çoxsaylı oxullarda gəncliyimizin şüuruna söz deyirik. Bir yerdə ki, bizə ürək açırlar, qapı açırlar, orada biz öz milli sevgimizi, öz insani sevgimizi, gələcəyimizi ifadə edirik. Hər bir insanın millətin yaranmasında, yaşamasında, var olmasında qatqısı var. Heç bir insan deyə bilməz ki, mən nəkarəyəm, mənim millətə nə dəxlim var? Heç bir insanın bunu deməyə haqqı yoxdur. O dərk eləməyə bilər, anlamaya bilər. Anlamadığı üçün onun qatqısı yalnız fiziki olur. Ancaq qananların qatqısı təkcə fiziki olaraq deyil, həm də mənəvi, ruhani, ideoloji, dövləti səviyyədə olur. Milləti biz əmələ gətiririk. Millətin səviyyəsi bizim düşüncəmizdən, anlayışımızdan doğur. Ona görə hər bir fərdin millətin varlığında qatqısı var və bu qatqını biz onların özünə anlatmağa çalışırıq. İnsanlarımıza fərd-fərd, hal-hal anlatmağa çalışırıq. Biz ölürük, xalq ölmür. Biz bizdən sonra qalan xalqımıza qulluq göstəririk. Əslində biz öz əbədiliyimizə qulluq göstəririk. Hər bir fərdin gələcəyi xalq deməkdir. Onun başqa gələcəyi yoxdur. Onun insani gələcəyi, mənəvi gələcəyi millətə bağlıdır. Millət yaşadır onun yaxşı cəhətlərini, bütün keyfiyyətlərini. Hər bir fərd millətdən başlayır, həm də milləti başlayır. Millət, içində olan yüksək, gözəl keyfiyyəti öz doğduğuna verir. Doğduğu onun gözəl keyfiyyətini yaşadır Babəkimiz kimi, Nəsimilərimiz kimi. Ölməzlik odur. Bu baxımdan hər bir fərdin bu və başqa şəkildə xalqa qatqısı var, həm də xalqda onun nəyisə qalır. Kiminin nəsli qalır, ən az halda xatirələri qalır. Ölən ölür, amma onun yaxşı cəhətləri ölmür, zaman-zaman biz onu xatırlayırıq, biz o yaxşı cəhətləri sevirik, o yaxşı cəhətləri özümüzə örnək kimi görürük. O yaxşı cəhətləri daim yanımızda olana, tanımayana, eşitməyənə göstəririk. Xalqın içində olan ayrı-ayrı keyfiyyətləri yaddaşdan yaddaşa, sevgidən sevgiyə ötürürük. Elmira xanımın da özünə xas cəhətləri var. Bu xatirələr daha çox onun cismani bacısı olan Ulusəsdə var. Aramızdan gedən fərd özünün hansı hisslərini qoruyub, qoyub gedib?! Ölənə ağırlama sözü deyərkən, bu cəhətləri diqqətə sunuruq. Biz onu özümüzdən sonrakılara örnək olaraq sunuruq…
Dostlarımızın bu yasla bağlı fikirlərini dinləyəcəyik. Sonra bir neçə kəlmə qurallarımızı ifadə eləyib, ölənimizi götürəcəyik. Mən rica edirəm, kimin imkanı var, maşınlar da var, bir yerdə onu gömək. Bu əslində önəmli bir məsələdir. Bu tək Ulusəsin məsələsi deyil. Ulusəs mənə deyəndə ki, köhnə qonşularımız-filan var, onlara deyimmi, dedim gərək deyil, çünki o qonşular ağlaşmaya gəlir, biz burada törən keçiririk, ağlaşma qurmuruq, onlar sonra gələr.
Biz palatka qurmadıq, biz ehsan vermədik. Nurtəkinin “Beşikbaşı Mərasimi” nə dərəcədə milli hadisə idisə, bu da bir o dərəcədə milli hadisədir. Əslində ölüm hadisəsi də, ailə qurma hadisəsi də milli hadisədir. Bu, iki fərdin, bir ailənin işi deyil. İki fərdin işi olsaydı, el yığılıb ona toy eləməzdi, yas keçirməzdi. Bu baxımdan milli hadisədir. Bunu təkcə Ulusəs Amaldaşımız olduğu üçün deyil, həm də ölənin bu millətin bir övladı olduğu üçün edirik.
Ulusəsi tək qoymayaq, onun yanında olaq. Sonra isə biz elə öz getdiyimiz maşınlarla qayıdıb gəlirik, Asif Ata Ocağının quralına uyğun şəkildə “Dərddən güc alma” qonusunda fikir bölüşmələri olur, bir tikə də nahar edirik. Bu əslində ölü yerini boş qoymamaq deməkdir. Şivən qoparmırıq, kədəri anlayırıq, dərk edirik. İnsanın hansı yaşda olmasından asılı olmayaraq, o, bir insandır və o öz tanıdıqlarının, yaxınlarının arasından gedir. O, bizdə kədər yaradır, ona görə kədərdən güc alma qonusunda da istəklərimizi bölüşürük.
İndi Günev qardaşımızı dinləyək.
IMG_0714Günev Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya ali səcdə ilə sözümə başlayıram!
Biz bu gün kimə başsağlığı veririk? Kimdir bu şəxsiyyət – Ulusəs. Bəşərin qəddini əyən yükün altına çiyin verən bir qadındır Ulusəs. Hələ üstəlik şəxsi qayğılar, iki ağır xəstə. Dözümə bax. Asif Ata deyirdi ki, dözümdə dağlarla yarışmaq gərək. Sənə min alqış. Səcdə edirəm sənin bu durumuna.
Biz bu gün burda nə ilə üz-üzəyik? Belə demək olar ki, başqası da bir kəlmə söz deyir, o da aparıb torpağa gömür, biz də. Yox, belə deyil. Millət millət olaraq xeyir-şərindən başlayır. Soylu adından başlayır, Günev adından başlayır. Əlabbasdan – ərəb adından imtina elədim. Qıraq millətdən kim məni çağıranda deyər ki, bu, türk oğlu türkdü. Burdan başlayır. Bu gün bizim cismanilərimiz bizim türk adlarımızı çağırmaqdan hardasa sıxılırlar. Yəni məsələ ən adicə məişətdən başlayır. Qonşu ilə münasibətdən başlayır. Bu gün yığılan aydınların hər biri elə bir durumdadır ki, gələcəyin, eləcə də bu günün sorunu onların üzərinə düşür. Onlar bu sorunu dərk edəndə xalq yaranmağa başlayır. Burda beş nəfər, on nəfər qabağa durur ki, mən xalq səviyyəsindən aşağı düşmüşəm. Bunu mən dərk edirəm. Mən bu xalqı qaldırmaq üçün, özümü qaldırmaq üçün özümdən başlayıram. Həm də böyüklərimizin harayını sənə qaytarıram. Özünə dön, Türk oğlu o deməkdir! Bu gün bu Yas quralımızı keçirməklə biz özümüzə dönürük. Sabah münasibətimizdə, qibləmizdə özümüzə dönəcəyik. Qiblə məsələsi ciddi məsələdir. Üzümüzü tuturuq Mötəsimlərə sarı. O Mötəsimə ki, mənim Babəkimi tikə-tikə doğradı. Biz də balalarımızın adını Mötəsim qoyuruq. Hansı şəhərdə doğrandı – Samirədə. Balalarımızın adını Samirə qoyuruq. Nə qədər özünə yadlaşmaq olar axı.
Elmira xanım ulusunda yaşasın, gedən cismidir, mənasında qalsın. O keyfiyyətlər ki, o daşıyırdı, analıq, bacılıq, bu keyfiyyətlər onunla getmir, xalqda qalır. Onda yaşasın. Ulusəsin başı sağ olsun. Atamız Var olsun!
Soylu Atalı: Bu ailəyə dost olan, Ulusəslə də yaxın dost olan Abil qardaşımız bir neçə kəlmə ilə fikrini bildirsin.
IMG_0734Abil Ulusoy: Elmira xanımı mən Ulusəsə görə tanımışam. Uzun illər bir yerdə olmuşuq. Mən siyasətlə məşğul olurdum və mənimlə bir yerdə olanlar da var idi. İçdən yaxın insanlar idik. Sonra bu doğmalıq getdikcə artmağa başladı. Ulusəs “Uluyurd Hərəkatı”nın yaranmasında iştirak elədi, sonra Ocaqçı oldu. O çağlar Elmira xanım bizə qapı açdı,“Uluyurd Hərəkatı” yarananda. Onun evi “Uluyurd”un Odası idi. Həmişə bizim “Hərəkat”la bağlı söhbətlərimizə diqqətlə qulaq asırdı. Hərdən gülüb deyirdi ki, bu mənlik deyil, ancaq əlimdən gələni etməyə hazıram. İlk dəfə biz orda toplantılar keçirirdik, Azərbaycanın bütövlüyündən danışırdıq. Bütöv Azərbaycanın görmək istədiyimiz dövlət rəmzlərini yaratdıq, “Uluyurd”un bayrağı orda asılırdı, himni dəfələrlə orda səslənirdi. Çoxsaylı qonaqlar olurdu, iş gedirdi. Ordan biz Azərbaycana Uluyurdçuluğu yayırdıq. Bunların hamısını izləyirdi.
Çətin olacaq, Azərbaycanda yüzillərdir oturuşmuş yad bir ənənəni silmək. Bu ənənəni silmək üçün hədsiz dərəcədə işləmək gərəkdir. Boyumuzdan yuxarı boy göstərmək gərəkəcəkdir. Bu ənənələr yüzillərdir oturuşubdur. Milli quralımızdan isə qorxu da var, siyasətdə yararlanmaq istəyi də var. Bunu ağılla aşama-aşama toplumda oturtmaq gərəkdir. Müəyyən bir müddətdən sonra paralellik yaranacaq. Burdakıların heç biri ola bilər ki, fiiziki olaraq bunu görməsin, ancaq paralellik olacaqdır. Bu xalqın, millətin öz bağrından gəldiyinə görə milli adət-ənənə yavaş-yavaş yad ənənələri sıradan çıxaracaq. Ola bilər ki, bölgə-bölgə olsun. Sonra bütün Azərbaycan miqyasında. Millət bir gün özünə gəlməlidir. Başqa yolu da yoxdur.
Sonda Ulusəsə başsağlığı verirəm, Ulusumuz var olsun.
Soylu Atalı: Ulusəsin xəstələrinə, onun qayğılarına səmimiyyətlə acıyan, hər dəfə mənim işimi soruşmazdan öncə bu bacıların durumunu soruşan eloğlumuz, şair, aydın Əkbər Qoşalını dinləyək.
IMG_0744Əkbər Qoşalı: Mən bir neçə ay bundan öncə, bura başqa bir toplantıya gələndə Elmira xanım bizimlə burda oldu. Fiziki cəhətdən zəif olsa da, içindəki gücə dayanaraq iştirak etdi. Mən onunla görüşüb getmək istəyəndə, mənə bəzi fikirlər dedi. Üzünə sanki işıq gəldi o anda. İndi onun üzünün işıqlı vaxtını xatırlayıram. Elə bilirəm ki, mənim yaddaşımda bir bəy qızı kimi, bir xan qızı kimi, bir el qızı kimi xoş üzü ilə qalacaq. Tanrı yanında yeri uca olsun. Dərdinizə ortağam, Ulusəs bacıma da başsağlığı verirəm.
Soylu Atalı: Asif Atanın işinin yeriməsinə içdən bağlı olan, gərəkən dəstəklərini əsirgəməyən, dostumuz, şair aydınımız İlqar Türkoğlunu dinləyək.
IMG_0750İlqar Türkoğlu: Mən də bir daha başsağlığı verirəm Ulusəs xanıma. Təbii ki, bütün bu deyilənlər millətimizin yaşadığı taledir. Uzun yüz illər biz cahillikdə yaşadıq, nə dirimizlə, nə də ölümüzlə öz milli adət-ənənəmizə uyğun davrana bilmədik. Çox sevinirəm ki, bu gün Ata ideyaları millətin içərisində yayıla bilir, oturuşa bilir. Ulusəs xanıma başsağlığı verirəm.
Soylu Atalı: Bizim toplantılara çox qatıldığı üçün Ulusəs bacımızı Əlisəfa bəy də tanıyır, onu da dinləyək.
IMG_0767Əlisəfa bəy: Var olsun ruhu Asif Atanın ki, belə qaydalar qoyub. Bu boyda abidələr qoyulub, əsərlər yazılıb. Kim ki, boğazından aşağı yaşayıb, onun haqqında heç nə yazılmır. Boğazından yuxarı, idrakıyla yaşayanlar barədə örnəklər qalır. Beləliklə millətlər yaranır, incəsənət yaranır. Yalnız böyük ruhlu insanlar xalqın formalaşmasını təmin edir. Bu gün ölənləri bizim anlamadığımız dualarla yola salmalar, düşünürəm ki, cəmiyyət üçün heç nə vermir. Belə məclislərdə isə bu cür milli ruhlu dualar fərdi böyük ruhçu səviyyəsinə qaldırır. Hamı öz ürəyindən keçənləri deyir və bu deyilənləri də hamı dinləyir deyə, məhz böyük ruhçu kimi yaşamaq istəyir adam və xalqın formalaşmasında mən də var olmalıyam demək istəyir. Alqış sizə ki, bu cür məntiqi ortaya qoymusunuz. Bu çox gərəkli bir məntiqdir, sağ olsun İlqar bəy, eləcə də Güney bəy dəstək oldular. Biz məhz elə bu cür törənləri ortaya qoymalıyıq. Tanrı qatında yeri uca olsun. Yerdə qalanların başı sağ olsun!
IMG_0771Ayaz Şıxalıoğlu: Mən Ulusəs xanıma başsağlığı verirəm. Asif Ata Yolunu gedən belə xanımlarımız, təəssüf ki, çox azdır, arzu edirəm bu xanımların sayı çoxalsın. Millətləşmək üçün bu çox önəmlidir.
Xaliq Səfəvi: Oğuz elə bir siyasi coğrafiyada yerləşir ki, tarix boyu bizim ərazilərdə bir çox nüanslar olub. Hələ dini anlayışın mövcud olmadığı bir dövrdə Tanrıçılıq, ondan sonra isə yəhudizm quruluşları, onların ikisinin arasında atəşpərəstlik və bunların hamısını özündə birləşdirən vahid bir türk sistemi olub. Vahid türk sistemi özü-özlüyündə bütün inancların mənbəyini təşkil edir. Ona görə də bütün inanclar türk-turan inanclarını yıxmağa çalışıblar. Bu istər xristianlıqda, istər yəhudilikdə, istərsə də ərəb xilafəti dövründə olub. Bizim inanclarımızdan bəhrələnib, başqa don geyindirib bizim özümüzə sırıyıblar. Azərbaycan aydınlarının yüksək səviyyəliləri bu inancları bizim özümüzə qaytarmağa çalışıblar. Bu xvı yüzildə də olub, Nəsimi dövründə də olub, ondan əvvəl Xürrəmilik dövründə də olub, indi də var. Ancaq onlar yetərincə sistemli şəkildə olmadığına görə başqa sistemli baxışlar tərəfindən yeniliblər. İndi isə Türk dövlətləri bağımsız olduqdan sonra bu ideya yenidən baş qaldırıb.
IMG_0778Mən işimlə bağlı bütün Türk dövlətlərində olmuşam. Özü də aylarla. Türkiyədə Azərbaycandan olan Alpan Ocaqları var, bu Ocaqlar Qazaxıstanda Silpa Ocaqları adlanır. Azərbaycanda da Asif Ata Ocağı fəaliyyət göstərir. Bunların hamısının inanc qaynağı türk varlığına bağlıdır. Qanımızdan gələn daşıyıcılar bizi bir sistemə çəkir. İstər Azərbaycanda, Qazaxıstanda, yeni yaranmış Kıprısda da bu var. Mən bu sözü demişəm, bir daha deyirəm ki, belə hadisələri daha geniş biçimdə topluma təqdim eləmək gərəkdir. Xalq özü özünü heç vaxt zirvələrə apara bilməz, yalnız xalqın əsil aydınları onu zirvələrə apara bilər. Ona görə bunu bizim aydınlara təqdim etmək gərəkdir ki, onlar bu işi xalqa versinlər.
Ulusəs xanım, başınız sağ olsun, qədim türk inanclarında deyildiyi kimi, ruhu ulu tanrıya qovuşsun.
IMG_0788İnamlı Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə! Ata deyir ki, bir insan öləndə dünya əksilir. Ancaq indiki yas mərasimlərində dünya əksilmir, çünki insan mahiyyətinə yetmir. Nə yaşayanda özünü ifadə edir, nə də ölüm qurallarında. Ərəbçilik imkan vermir ki, insanın mahiyyəti açılsın, “dünyaya niyə gəlmişdi” anlamı insanın diqqətinə çatdırılsın. Heç olmasa ora yığışanlar bilsin ki, bu insan niyə gəldi, niyə getdi.
Bütün dəyərlər Asif Atada qiymətini alır. Ona görə də bu gün xalq Asif Atadan başlayır.
İçimdə bir qibtə var ki, Elmira xanım Asif Atanın qaydası ilə gömülür. Ulusəs xanımın bacısı ona görə bəxtəvərdir ki, bu gün ona Asif Atanın bayrağı altında “Yas Törəni” keçirilir. Mənim anam, atam, bibim öləndə burda olmamışam. Arzum idi ki, ölənlərimi Ocaq quralı ilə ortadan götürək. Atama, anama belə bir tədbir keçirərdim və anamı, atamı urvatla yola salardım. Mən fəxr edərdim ki, anamı, atamı son anda milli ruha bağladım. Bir oğul kimi fəxr edərdim ki, anamın, atamın borcundan çıxdım. Ulusəs bacımızın ulusu var olsun. Kədərimiz dərsimiz olsun, dərdimiz olmasın.
IMG_0805Ulusəs Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə sözümə başlayıram!
Öncə bu gün yanımda olanlara, bura gələnlərə təşəkkürümü bildirirəm.
Dünən hamı gedəndən sonra mən bacımın üstündə layla çaldım. Nə yaxşı ki, özümüzdə güc tapıb molladan imtina elədik, bacımın uyuduğu ev mənim laylamı dinlədi. Burada ürək acısı vardı, sevgi var idi, göz yaşı yox idi.
Mən bacım haqqında nə deyə bilərəm. O, öz qapısını dörd ilə yaxın bizə açdı. Biz orda dörd il Ocağın, Soylu Atalının quruculuğu və qatqısı ilə Uluyurd tədbirləri keçirdik. Ora insanlar dəvət edirdik. Biz hər məclisimizə 30-40 adam toplayırdıq. Ora Akademiyanın işçiləri gəlirdi. Onlara ortam yaradan mənim bacım olub. O özü dərinliyinə qədər Ocağı başa düşməsə də, bilirdi ki, onun türk kimi haqqı var.
Hər adamın haqqı var ki, məclisini bu qayda ilə keçirsin. Düzdür, biz buna Ocaq-türk qaydası deyirik, ancaq bu hamının qaydasıdır. İnamlının qibtəsində mən haqq görürəm. Özümdən razıyam ki, mən bacımın haqqını yerinə yetirdim. Mən bunu sizin qatqınızla həyata keçirməyimlə fəxr edirəm. Mən Asif Ataya səcdə qılıram, doğrudan da, o, bizi anlada bilib ki, biz kimik. Hansı yolu tutmağımızı biz anlamışıq. Gəldiyinizə görə təşəkkür edirəm. Var olun! Ulusumuz var olsun!
Soylu Atalı: Hər kəsə, ləyaqətlə dediyi sözə görə, təşəkkür edirəm. Bir haşiyə olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, bizim qurallarımızın kitabı var. Asif Atanın Ocağında yaranan bu Qural milli-insani haqqımızın ifadəsidir. Bu kitabda ölümlə davranmanın bütün çalarlarını biz işləmişik. Ulusəs bacımız da dedi, tam olmasa da, toplumun içinə addım-addım gedirik. Ulusəs öz ölüsünü öz milli quralları ilə gömür. Haysız, həşirsiz. Nə qədər gözəl kədərdi bu.
İndi biz qurallarımızı ifadə edəcəyik.
Göylü Atalı Asif Atanın “Ölümlə Görüş” içsəsini oxudu:
IMG_0821Ölümlə Görüş
– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlərimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpiləcəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!
Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdurursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!
Yasin Türksoy “Aqibət”i oxudu.
IMG_0831Aqibət
İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim arayacaq, arayacaqdı.
Soylu Atalı: İndi ölənimizin adına ayağa duraq və “Matəm üstə Mütləqlə Təmas”ı dinləyək:
IMG_0841“Matəm üstə Mütləqlə Təmas”
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
İndi ölümüzü yerdən qaldırıb gömməyə aparırıq.
Bununla mərasim başa çatdı. Gömmədən sonra Ocaq Yükümlüsü bir neçə kəlmə söz dedi və qatılanlara, gələnlərə təşəkkürünü bildirdi.
Köçəri Ayı, 36-cı il.
(fevral, 2015.)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın
09:22 MŞ-nin iqtidar-müxalifət görüşünü “şou” adlandırmasına sərt reaksiyalar Mirmahmud Mirəlioğlu: “Orada bəziləri öz adamlarını aldadaraq deyirlər ki, Əli Həsənov bizə on dəfə zəng elədi, amma getmədik”; İqbal Ağazadə: “Bu, ciddi xəstəlikdir, müalicəsi mümkün deyil” Sərdar Cəlaloğlu: “İŞİD də özünü Suriyada hakimiyyətə qarşı əsas müxalifət elan etmişdi” Milli Şuranın
20:28 Mətanətdən əkiz bacılara sərt sözlər - "Balakən Naxçıvanda yerləşir? Onda kül sizin təpənizə!”. ATV-də yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva açıqlamasında ona qarşı edilən tənqidlərə belə cavab verib: “Bəli bü gün verlişim barədə tənqidi fikirlər var, amma cüzi qədərdir. Hamı “Gündəlik” verilişini sevir, əgər sevilməsəydi bu qədər reytinq qazana bilməzdik. Yaxşı
15:58 Televiziya insana niyə yadlaşır? İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Çağdaş bəşərin həyatında onillərdir ki, televiziya mərhələsi başlayıb. İnsan əhvalları verilişləşir, konulaşır. Televiziya informasiyanın sürətlə, görüntülü yayımı deməkdir. Gəlin aydınlaşdıraq ki, televiziyanın başlıca hədəfi nədir, onun insana
18:24 Rəqsanə: O, başqasının əri, kişisidir “Qulaqlarım batmışdı, gözlərim də görmürdü. Mediaxeberleri.az ailem.az-a istinadla müğənni Rəqsanənin müahibəsini təqdim edir: - Sizlə bir neçə il öncə müsahibə etmişdik. O zaman mənə xərçəng xəstəsi olduğunuzu demişdiniz. Sonradan o xəstəliyə qalib gəldiniz, yoxsa ümumiyyətlə o sizdə heç yox

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az