t s

» » Sülh sazişindən imtina edən İrəvan təlaş içərisindədir

Sülh sazişindən imtina edən İrəvan təlaş içərisindədir

20-03-2015, 09:45 Yazar:  Aygün Baxılıb: 787 Çap et
Sülh sazişindən imtina edən İrəvan təlaş içərisindədirRusiyanın Bakıya silah satmasından narahat olan düşmən ölkə Türkiyəni neytrallaşdırmağa çalışır


Son zamanlar işğalçı Ermənistanın rəhbərliyi sərsəm davranışları ilə həm Azərbaycan əsgərindən qorxduğunu nümayiş etdirir, həm də qorxutmağa yönəlik cəhdlər göstərir. Beynəlxalq aləmin davamlı çağırışlarına baxmayaraq, Ermənistan böyük sülh sazişinin hazırlanması istiqamətində konstruktiv mövqedən çıxış etməyə tələsmir.

Bugünlərdə məlum oldu ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində böyük sülh sazişi üzərində işləmək üçün işçi qrupunun yaradılması təklifindən imtina edib. “Trend”in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib. Nazir deyib: “Ermənistan tərəfinin son çıxışları imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vəziyyəti ilə bağlı optimist olum”.

E.Məmmədyarovun sözlərinə görə, Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur: “Bəlkə bu, daxili auditoriya üçündür. Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh sazişi o qədər tez imzalanacaq. Azərbaycan öz inkişafını davam etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, bizim arqumentləri bilir: əsgərlərini işğal olunmuş torpaqlardan çıxarmalıdır”.

Azərbaycanın Türkiyə ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə artan əməkdaşlığı İrəvanda təşviş doğurur. Elə işğalçı ölkənin rəhbərliyindən gələn son reaksiya da bundan xəbər verir. İki qardaş ölkənin hazırda davam edən birgə hərbi təlimlərindən narahatlığını gizlətməyən erməni hakimiyyəti iddia edib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə problem yaradıb. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Yohannes Han ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əgər Ankara doğrudan da kömək etmək istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən uzaq durmalıdır. Nazir AŞ PA-nın Demokratiya və siyasi məsələlər komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin obyektivliyini şübhə etdiklərini də söyləyib. Qəribəsi odur ki, Ermənistan rəhbərliyi Rusiyanın Ermənistana göstərdiyi hərtərəfli dəstəyi ört-basdır etməyə, hətta ərazilərimizin işğalında Rusiya əsgəri və silahından istifadəni unutdurmağa cəhd göstərməklə Türkiyə-Azərbaycan hərbi-siyasi əməkdaşlığı ilə bağlı sərsəm iddialar səsləndirib.

Hələ bu azmış kimi, Ermənistan prezidenti Rusiyadan aldıqları milyardlarla dollarlıq silah-sursat, texnikanı, həmçinin İrəvan-Moskva hərbi əməkdaşlığını, Gümrüdəki hərbi baza faktını kül altında köz kimi gizlətməyə mənasız cəhd göstərib. Müstəqil olandan sonra heç bir ölkə Rusiyanın Ermənistana verdiyi dəstəyin heç bir 1 faizini göstərməyib. Bu barədə Ermənistan prezidenti Serj Sərkisyan açıqlama verib. Sərkisyanın sözlərinə görə, Rusiya və Ermənistan arasında hərbi əməkdaşlıq böyük rol oynayır. Lakin Sərkisyan Rusiyanın Azərbaycana silah satması barədə də danışıb və narahatlığını gizlətməyib. “Bizi narahat edən məsələ Rusiyanın Azərbaycana silah satmasıdır. Bunun nəticəsində əsgərlərimiz başa düşür ki, Azərbaycan və Ermənistanın təmas xəttində onları Rusiya silahları ilə öldürmək istəyirlər” deyə, Sərkisyan bildirib. O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə çalışır. Halbuki Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Sərkisyan uşaqların, qadınların görünməmiş vəhşiliklərlə öldürüldüyü Xocalı soyqırımının da birbaşa iştirakçısı olub. Azərbaycan Ordusunun sürətlə silahlanmasından narahat olduğunu gizlətməyən Sərkisyan, görünür, ordusuna çox da güvənmir. Ermənistanın cani rəhbərinin bununla Rusiyanı şantaj etməyə cəhd göstərdiyi də şübhə doğurmur.

Qeyd edək ki Azərbaycan Avropada əsas silah növlərinin ikinci ən böyük idxalçısıdır. “ Stokholm Dünya Problemləri Araşdırmaları İnstitutunun dərc etdiyi ”Beynəlxalq silah transferində trendlər-2014" adlı hesabatında bu barədə məlumat verilib. Hesabatda dünyanın bir sıra regionlarında 2010-2014-cü il və 2005-2009-cu illər ərzində silah idxalı və ixracı üzrə məlumatların müqayisəli təhlili əks olunub. Qeyd olunub ki, 2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə Azərbaycana silahların idxalı 249% artıb. Verilən məlumata əsasən, Azərbaycana silah idxalının təxminən 85%-i Rusiyanın payına düşür. Ermənistan tərəfinin silah idxalı Azərbaycanın idxal etdiyi həcmin 4%-ini təşkil edir. İnstitutun ekspertləri bu statistikanı Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın böyük sülh sazişi ilə bağlı işçi qrupdan imtina edəcəyi əvvəlcədən bəlli idi: “Çünki bu saziş münaqişənin mərhələli həllini diktə edir. Yəni sadədən mürəkkəbə doğru hərəkət edilməlidir. Bu isə işğalçı dövlətin maraqlarına cavab vermir. Onlar bölgənin status məsələsini bəri başdan müəyyənləşdirmək istəyirlər ki, bu da mümkün deyil. Böyük sülh sazişi ideyasına yalnız İrəvan müqavimət göstərmir. Mən Minsk Qrupu həmsədrlərindən də bu ideyaya ciddi maraq hiss etməmişəm, elə bir açıqlamaları da yoxdur. Fərqi yoxdur, həmsədrlər təki özlərinin hazırladıqları ”Madrid planını" İrəvana qəbul etdirsinlər. Bu da bizim üçün məqbuldur. Sadəcə, bu istiqamətdə də hələ irəliləyiş yoxdur".

E.Şahinoğlu qeyd etdi ki, onun diqqətini Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bir başqa fikri çəkdi: “Nazir deyib ki, Ermənistan martın 17-də təməli qoyulan TANAP layihəsində iştirak etmək istəyirsə, işğal faktına son qoymalıdır. Faktiki bu İrəvana növbəti mesajdır. Yəni əgər regional layihələrə qoşulub pul qazanmaq istəyirsinizsə, heç olmazsa Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldın. Lazımi mesajdır. Çünki beynəlxalq aləm də bilməlidir ki, biz Ermənistanla əlaqələrin əleyhinə deyilik, sadəcə, vacib şərtimiz var ki, o yerinə yetməlidir. Qərb bəzən bizdən münaqişə nizamlanmadan da Ermənistanla iqtisadi münasibətlərin qurulmasını istəyir. Rusiya Krımı ilhaq edib, belə olan halda Ukrayna ilə Rusiya arasında ortaq iqtisadi layihələrin reallaşması mümkündürmü? Avropalı rəsmilərinin və diplomatlarının cavabı bəllidir: indiki halda bu, mümkün deyil”.

Ermənilərin Türkiyəni neytrallaşdırmaq cəhdlərinə gəldikdə, politoloq E.Şahinoğlu xatırlatdı ki, son zamanlar Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacağına dair beynəlxalq aləmə ciddi mesajlar göndərir: “Təsadüfi deyil ki, Türkiyə ilə Almaniyanın ATƏT-in Minsk Qrupu həmsədrlərinə qoşulması mümkünlüyü müzakirə predmetidir. Bu isə İrəvanı ciddi narahat edir. Ona görə də Ermənistanın xarici işlər naziri Türkiyəni münaqişənin həllindən uzaq dayanmağa çağırır. Ancaq o deməklə deyil ki, əgər işğalçının xozeyini Rusiya prezidenti Türkiyənin regional dövlət olduğunu etiraf edirsə, bunun özü Ankaranın rolundan və imkanlarından xəbər verir. Türkiyə artıq Cənubi Qafqazda ağırlığını ortaya qoyub. Söhbət yalnız regional enerji layihələrindən getmir. Azərbaycanla Türkiyə arasında hərbi təlimlərin sayı və miqyası genişlənir. Demək, Ankara danışıqlar prosesinin özündə iştirak etməsə də, ümumi prosesə təsir edən əsas oyunçulardan birinə çevrilib. O ki qaldı, erməni nazirin AŞ PA-nın Demokratiya və siyasi məsələlər komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin obyektivliyinə şübhə etməsinə, bu da anlaşılandır. Çünki İrəvana bəllidir ki, AŞ PA ərazi bütövlüyü prinsipindən çıxış edir. Ümumiyyətlə, Krımın ilhaqı Qərbin ərazi bütövlüyü prinsipini ön plana almasını aktuallaşdırıb. Bu mənada biz beynəlxalq aləmdə xeyrimizə formalaşan ab-havadan xeyrimizə istifadə etməyə çalışmalıyıq”.

E.Şahinoğlu Sərkisyanın rus silahı ilə bağlı narahatlığını təbii sayır: “Ermənistan hakimiyyəti öz xozeynindən də qorxur. Çünki Azərbaycan Rusiyanın əsas silah alıcılarındandır. İrəvan nə qədər narazı olsa da, ”Azərbaycana silah satmayın" açıqlamasını səsləndirəcək qədər cəsarətin sahibi deyil. Rusiya Azərbaycana silah satmaqla milyardlarla dollar qazanır. Kremldə İrəvanı saya salan da yoxdur. Ermənistan cəmiyyətini hətta o amil də qıcıqlandırır ki, Moskva Qırğızıstanın borclarını silir, eyni yanaşmanı Ermənistana tətbiq etmir. Kremlin niyə belə addım atmalıdır ki? Qırğızıstan müstəqil dövlətdir, Ermənistan isə vassaldır. Vassal isə əmrləri yerinə yetirməlidir".



XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirdi ki, Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar mövqeyi ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır: “Onu nəzərə almaq lazımdır ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə ən başlıca məqam məhz Kəlbəcərin işğalı faktıdır”. Nazirlik rəsmisi Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının qətnamə qəbul etdiyini xatırlatdı: “Beynəlxalq ictimaiyyətə bir daha aydın oldu ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcər rayonu işğal olundu. Sonrakı mərhələdə də Türkiyə-Ermənistan əlaqələrindəki mövcud vəziyyət yarandı. Türkiyənin mövqeyi beynəlxalq hüquqa, ədalətə əsaslanır. Türkiyə də Minsk Qrupunun üzvüdür və bu qrupun bütün üzvləri tənzimlənmə prosesində iştirak edirlər. Bu proses də Ermənistanın işğal və təcavüzü aradan qaldırmasına xidmət etməlidir. Türkiyənin Minsk Qrupundakı fəaliyyəti də yüksək qiymətləndirilir”.

H.Hacıyev Ermənistanın böyük sülh sazişindən imtinasına da reaksiya verdi: “Ermənistan prezidenti və Ermənistan XİN başçısının son günlərdə verdiyi açıqlamalar kifayət qədər ziddiyyətli, aqressiv xarakter daşıyır. Bu, bir daha onu göstərir ki, Ermənistan tərəfi böyük sülh sazişi üzərində işə başlamaqdan yayınmağa çalışır və müxtəlif bəhanələrlə, xüsusilə aqressiv ritorika ilə bundan imtina etməyə cəhd göstərir. 2014-cü ildən başlayaraq qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində təxribatçılıq əməllərinin şiddətlənməsinin bir daha şahidi olduq. Eyni zamanda siyasi müstəvidə də Ermənistan tərəfindən təxribatçılıq və siyasi möhtəkirlik fəaliyyətinin şahidi oluruq ki, burada əsas hədəf böyük sülh sazişindən yayınmaqdır. Amma burada ATƏT-in Minsk Qrupu həmsədrlərinin konkret çağırışı var ki, tərəflər böyük sülh sazişi üzərində işləməlidir. Ermənistan isə buna məhəl qoymamaq siyasəti yürüdür”.



XİN rəsmisi İrəvanın rus silahının Azərbaycana satılmasından dolayı narahatlığına da şərh verdi. H.Hacıyev: “Ermənistan ilk növbədə ondan narahat olmalıdır ki, özü işğalçı və təcavüzkar dövlətdir. İşğalçı və təcavüzkar dövlət kimi regiondakı gərginliyin, qeyri-sabit vəziyyətin məsuliyyəti bilavasitə Ermənistanın üzərinə düşür. Azərbaycan işğala məruz qalmış dövlət kimi öz müdafiə qabiliyyətini artırmaq hüququna malikdir. Bu hüququndan da istifadə edərək öz hərbi potensialını gücləndirib daha da inkişaf etdirir. Bütün bunlar Azərbaycanın müdafiəsinə xidmət edən addımlardır. Bu sahədə Azərbaycan bir çox dövlətlərlə əməkdaşlıq edir. Azərbaycanın hərbi əməkdaşlığının coğrafiyası kifayət qədər geniş xarakter daşıyır. Həmçinin ölkəmizin müdafiə sənayesi də çox sürətli inkişaf prosesindədir. Ermənistanın belə bir narahatlığı varsa, işğalçı və təcavüzkar dövlət olaraq öz məsuliyyətini və narahatlığa görə səbəbləri özündə axtarmalıdır”.

Yeri gəlmişkən, düşmən ölkənin sərsəm açıqlamalarına Azərbaycandan daha bir cavab gəlib. Martıq 19-da müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təlim poliqonunda tank bölmələrinin hazırlıq məşqlərini izləyiblər. Müdafiə Nazirliyinin məlumatına görə, döyüş təlimi hazırlığı çərçivəsində tank heyətləri ərazidə yaradılmış müxtəlif maneələri manevrlə aşma tapşırıqlarını yerinə yetiriblər. Tank heyətləri marşrut mərhələlərində maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə bacarıqlarını nümayiş etdiriblər. Heyətlər tanklardan atəş açaraq təlim sahəsində yaradılmış tank, tankəleyhinə pusqu və helikopter hədəflərini döyüş atışları ilə məhv ediblər.
Tank heyətlərinin hazırlığından razı qalan müdafiə naziri təlim məşqlərinin daha da ciddi və intensiv aparılmasına dair tapşırıqlarını verib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:13 Azərbaycan XİN-dən Sarkisyana - CAVAB “Münaqişənin kompleks həllinin yeganə yolu yalnız bundan ibarətdir”. Avropa və dünya dəyərləri əsasında xalqların öz müqəddəratını müəyyən etməsinin alternativi olmadığını deyən Ermənistan rəhbərliyinə xatırlatmaq istərdik ki, mahiyyətinə varmadan onun tərəfindən iddia edilən bu dəyərlərdə qanlı
16:17 Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısıdır Azərbaycan Avropada əsas silah növlərinin ikinci ən böyük idxalçısıdır. Report xəbər verir ki, bu barədə Stokholm Dünya Problemləri Araşdırmaları İnstitutunun dərc etdiyi "Beynəlxalq silah transferində trendlər-2014" adlı hesabatında deyilir. Hesabatda dünyanın bir sıra regionlarında
19:21 Qarabağla bağlı dəqiq vaxt tələbi XİN: Ermənistan qeyri-konstruktiv və işğalçı siyasətini davam etdirir Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Uolteri qəbul edib. Azərbaycan
00:36 "Azərbaycan artıq bu təklifi qəbul edib" - Nazir sülh sazişindən danışdı "Azərbaycan sülh sazişinin hazırlanmasına dair işçi qrupunun yaradılması təklifini qəbul edib" “Həmsədrlər birmənalı bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsindəki indiki status-kvo qəbuledilməzdir. Sonuncu dəfə Parisdə keçirilmiş görüşdən sonra Fransa prezidenti çıxışında Sülh sazişi üzərində
22:27 XİN: Ermənistan danışıqların başlanmasına əngəl yaratmağa çalışır “Gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”. Ermənistan xarici işlər naziri təəssüf doğuran ziddiyyətli şərhləri ilə regionda kimin sülh və təhlükəsizliyin bərqərar olmasına real əngəl yaratdığını bir daha göstərib. Mediaxeberleri.az-ın məlumatına görə, bunu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az