t s

» » Babəkin edam olunmasının ildönümü qarşısında

Babəkin edam olunmasının ildönümü qarşısında

19-03-2015, 19:24 Yazar:  Aygün Baxılıb: 880 Çap et
Babəkin edam olunmasının ildönümü qarşısındaBabəkin edam olunmasının ildönümü qarşısında
(Babək martın 14-də edam olunub)
Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız.


Bu gün “Türkel Araşdırma Qurumu”, hər vaxt ulusal dəyərlərimizi qoruyan, bu dəyərlərlə bağlı öz sevgisini, münasi­bətini ortaya qoyan aydınları yenidən bir araya gətirib. Bugünkü qonumuz Azərbaycanın önəmli bir dəyəri olan Babək Xürrəmidin haqqındadır. Bu gün biz Babəkin doğran­masının, yəni faciəvi şəkildə öldürülməsinin ildönümü qarşısındayıq. Bu gün Babəkin öldürülməsindən, şaqqalan­masından 1177 il keçir – martın 14-ü Babəkin edam olunduğu gündür. Hər bir soydaşı­mız bu tari­xi ağlına və ürəyinə yazmalıdır. Əslində Babəkin edam olunması Azər­baycan xalqı üçün, bütöv­lük­də türk milləti üçün böyük bir faciənin başlanğıcını qoydu. Çünki xalq özgürlük gələnəyindən ayrıldı, onun ulusal şüurunda əsaslı dəyişikliklər getdi. Uzun yüzil­lərdir ki, bu olayın etkisi xalqımızın həyatında yenə özünü göstərməkdədir. İndi mən çox istəyər­dim ki, belə bir gündə şərəf tariximizin, qeyrət tariximizin özüllərindən biri sayılan Babəkimizin qarşısında ayağa duraq. ( Ayağa dururlar- G.A.)

Mən istəyərdim ki, Babəkimizin qarşısında Bütöv Azərbaycan toplumu, ona sayğı, səcdə duruşunda ayağa dursun. Çünki Babək bizim özgürlüyümüzün rəmzi anlamına çevrilib. Biz Babək­dən çox şey öyrənə bilərik. Biz Babəkə dayanıb qeyrət örnəkləri göstərə bilərik, baxmaya­raq ki, Babəklə bağlı çox çaşdırıcı mövqelər sərgilənir.
Mən Babəkin dünyagörüşüylə bağlı, tarixi şəxsiyyət olaraq Azərbaycanın bugününə gərəkliyi ilə bağlı və Babəkin türk dünyasına bağlılığı, gərəkliyi qonusunda söhbətimizi genişləndirmək istəyirəm. Bunun üçün də istəyərdim ki, Babəkin, bir tarixi şəxsiyyət olaraq, Azərbaycan üçün nə demək olduğunu, Azərbaycanın bu günü üçün nə demək olduğunu Xaliq bəy vurğulasın. Növbəti qonuları bundan sonra davam eləyək. Buyurun.

Xaliq Bahadır: Babək sağlığında canlı bir Azərbaycan idi. Baxışıyla, yerişiylə, duruşuyla, dirənişiylə bütöv bir Azərbaycan idi. Babəkin sağlığı Azərbaycanın sağlığı demək idi. Ona görə də Babəkə qarşı islam dövləti özünün bütün gücünü yönəltdi. Bu dövlət Xəlifə Mötəsimədək Babəklə böyük savaş aparmışdı. O savaşların hamısı boşa çıxmışdı. Xəlifə Məmun öləndə yerini qardaşı Mötəsimə verdi. Ona sonərk (vəsiyyət) eləmişdi: Bütün gücünü Azərbaycana yönəltməli­sən. Bütün gücünü Babəkə qarşı yönəltməlisən. Babəki yenməlisən. Babəki yenməsən Xilafət yeniləcək. Mötəsim də elə elədi. Sonərki yerinə yetirməklə dövlətin bütün gücünü, ən güclü komandanları ilə bir yerdə Azərbaycana yönəltdi, Babəkə qarşı yönəltdi. Çox geniş işlər gördülər. Ordunu gücləndirməkdən kəşfiyyatacan, casusluğacan. Böyük kəşfiyyat, casus şəbəkə­si qurdular Azərbaycanda. Babəki ələ keçirmək üçün. Babəklə bağlı çox şeylər deyirlər. Fakt budur.
Babəklə bir yerdə bütün Azərbaycan vuruşurdu. Belə olmasaydı, 22 il o boyda Xilafətin qarşı­sında duruş gətirə bilməzdi. Çünki xilafətin güclü çağları idi, yeni yaranmışdı. Hələ orda dağılma prosesləri getmirdi. Dünyanın yarısını tutmuşdular. Hər yerdən vergi alırdılar. O da dövləti istər-istəməz gücləndirirdi.
Çeşidli yollara əl atmaqla Babəki ələ keçirib, öldürdülər. Bu bir dönəmdir. Bundan sonra Xəlifə Mötəsim başladığı işi yarımçıq qoymadı. Birinci növbədə o göstə­riş verdi. Azərbaycandan çıx­maq istəyən hər bir adama, hər bir ailəyə yaxşı imkan yaradıl­sın. Onlara yardım edilsin, pul-filan, asanlıqla ölkədən çıxıb getsinlər. Elə də elədilər. Ölkədə böyük qırğınlar başlamışdı Babək­­dən sonra. Çoxlu adam ölkədən getdi. Ondan sonra Azərbaycanda islamlaşma bütün gücüylə yayıldı. Ərəb əsgərləri Azərbaycana doluşdular. Cavan qızları, gəlinləri ələ keçirdilər. Onlardan olan uşaqlara seyid adı verdilər. Bu da Azərbaycanı bütünlüklə assimilyasiya etmək, ələ keçirmək üçün idi. Azərbaycanda özlərinə güclü dayaq yaratmaq üçün idi. Bundan sonra Mötəsimin başçılıq etdiyi xilafət Azərbaycanı dörd yerə böldü. Özünə də Ermənistan adı verdi: I Ermənistan, II Ermənistan, III Ermənistan, IV Ermənistan. Görün necə siyasət yürütdülər?! -Azərbaycan adını sildilər. Çünki Azərbaycandan gözləri qorx­muş­du. Azərbaycan deyəndə yadla­rına Babək düşürdü, Babək deyəndə Azərbaycan. Bax, o qor­xu bunların yuxusunu da dağıdırdı.
Babəki şaqqaladılar. Çalışdılar bir yandan Babəkin izini itirələr, o biri yandan Azərbaycan adını bütünlüklə silələr. Baxın, o siyasət bu gün də gedir. Deməli, ərəb dövləti Azərbaycanı dörd yerə böldü, bu gün həmin siyasəti İranda fars-islam rejimi gerçəkləşdirməkdədir, bilirsiniz. Ostanlara bölürlər Azərbaycanı. Çalışırlar ki, bütöv Azərbaycan olmasın. O yolla yavaş-yavaş Azərbaycan adını silmək, aradan aparmaq.

Soylu Atalı: Sizin sözünüzə qüvvət, Azərbaycanın təkcə Güneyində, əsas özəyində deyil, diqqət edin, Borçalı mahalında da həmin siyasət həyata keçirildi. Borçalı tarixən 11 rayondan ibarətdir. Sovetlər vaxtı 11 rayonun üzərində elə inzibati bölgülər apardılar ki, onun 4 rayonu oldu Ermə­nistan ərazisi, – Cəlaloğlu, Gümrü, Daşlı, bir də Boranlı rayonları. İndi onların sonrakı adlarını deyi­rəm: Stepanavan, Leninakan, Kalinino və Noyemberyan rayonu. Bundan sonra qaldı 7 ra­yon. 7 rayonu da yenə parçaladılar, fərqli inzibati vahidlərə ayırdılar. Kvemokartli adı altında 4 rayo­nu saxladılar – Başkeçid, Bolus, Borçalı (buna arada Sarvan dedilər mərkəz statusunu azaltmaq məqsədiylə), bir də Qaratəpə rayonları. Onların da sonrakı adlarını deyirəm: Dmanisi, Bolnisi, Marneuli, Qardabani (uyğunlaşdırıblar Qaratəpəni Qaratapani – Qardabani eləyiblər). Qaracayurdunu (bu rayonun da adını gürcü dilinə çevirib eləyiblər Saqaredco, “sa” yurd anlamı verir, məsələn, Sakartvelo – gürcü yurdu deməkdir), sonra Barmaqsızı (Zalqa deyirlər onun adına) və Ağbulaq rayonunu (onun adına da Tetriskaro deyirlər) Borçalı bütövlüyündən ayırdılar, dağınıq inzibati zona kimi sənədləşdirdilər. İndi Borçalı bu dörd rayondan ibarətdir, özü də Kvemokartli adı ilə.
Azərbaycanın hər yerində eyni siyasət aparılır, hər yerdə Azərbaycan bütövlüyünə balta vururlar, içimizdən də bu sarsaq siyasətə yardımçı olanlar tapıb milli şürumuzda umudsuzluq yaradırlar.
Xaliq Bahadır: Deməli, ərəb imperiyaçılığından gələn parçalanma siyasəti bu günəcən də gəlir. Azərbaycan görün neçə yerə parçalanıb. Sonradan parçalanmalar bəlli səviyyədə birləşdirildi – Şah İsmayıl dönəmində, Nadir dönəmində, Ağa Məhəmməd şah Qacar dönəmində… Sonradan farslıq gücləndi, o da, sözsüz, öz suçumuzdan oldu. Burada da rus imperiyası Azərbaycanı bölüb parçaladı. Ərəb siyasəti çox güclü siyasət oldu, özünü doğrultdu, başqa imperiyalar üçün. Ona görə o siyasət bu gün də gedir. Ən pisi odur, bu gün Quzey Azərbaycanda da o siyasət başqa bir biçimdə yürüdülür. Bu gün Azərbaycanda başqa yerlərdə olduğu kimi, Babəkə qarşı kompaniya aparılır, içdən, dışdan. Şah İsmayıla qarşı kompaniya aparılır, Nadir şaha qarşı kompaniya aparı­lır, Ağa Məhəmməd şah Qacara qarşı kompaniya aparılır. Yəni hərəsində nəsə bir şey tapır­lar, onlara qarşı kompaniya aparırlar. Onları gözdən salmağa çalışırlar.
Çex yazıçısı var, Melan Kundera, onun belə bir sözü var, deyir, bir xalqı yox eləmək üçün onun yaddaşını əlindən alırlar. Kitablarını, kültürünü, tarixini yox edirlər. Ondan sonra xalq getdikcə kimli­yini, keçmişini unudur. Bax, bu gün bizim başımıza gətirilənlər də onu edir. Bizi elə eləyirlər ki, yaddaşımızdan əl çəkək. Yaddaş nədir? Tarix özü ən gözəl yaddaşdır. Tarix– yazılan yaddaş­dır. Bu “tarix yaddaşı”mıza qarşı çox böyük kompaniya aparılır, istər içdə, istərsə də dışda. Bütöv Azərbaycanın olmaması üçün. Azərbaycan türklüyünün dirçəlməməsi üçün. Bizsə onu başa düşmürük, başa düşmək istəmirik, sanki. Yaddaş silinir, əldən alınır. Ondan sonra xalq özünü tanımır, manqurt olur.
M.Ə.Rəsulzadəyə qarşı da çıxış eləyənlər var. Onda da nəsə tapırlar.
Mən bir şeyə də toxunmaq istəyirəm. Babəkdən sonra biz elə bil, Azərbaycan olaraq, yoxluğa sürükləndik. O inersiyalı xalq, o passionar xalq elə bil yoxa çıxdı. Çox maraqlıdır, bizim sonrakı tarixləri­mizdə bu var. Şah İsmayıldan sonra belə oldu. Şah İsmayıl dönəmində bir yüksəliş oldu, sonra eniş oldu. Sonra Nadir şah gəldi, yüksəliş oldu, eniş oldu. Ağa Məhəmməd şah Qacar gəldi, yüksəliş oldu, eniş oldu. 20-ci yüzildə Səttarxan böyük bir qalxım elədi. Bütün dünyanın baxışları bura yönəlmişdi. Səttarxan öldürüldü, görünməmiş bir eniş oldu. Səttarxandan sonra Ş.M.Xiyabani xalqı yüksəltdi. Sonra eniş oldu. Ondan sonra S.C.Pişəvəri xalqı yüksəltdi, sonra eniş oldu. Çox maraqlı görsənişdir. Deyək ki, Fransada da olubdur da…
Soylu Atalı: Yenə bağışlayın, bir əlavə də edim. Baxın, sizin saydığınız Güney Azərbaycanda ge­­dən proseslər idi, Səttarxan, Xiyabani, Pişəvəri, eyni halda Quzey Azərbaycanda M.Ə.­Rəsul­zadə­nin Cümhuriyyət hərəkatı. O özü də bir hərəkat idi.
Xaliq Bahadır: Sözsüz, hərəkat idi.
Fransada devrim oldu. Devrimin başında dururdu Robespyer, Marat, başqaları. Onları gilyotinə göndərdilər. Hamısının başını kəsdilər. Ancaq Fransa devrimi onunla qurtarmadı. Dalınca başqa öndərlər çıxdı ortaya, yenə də nəsə qırıldı, ancaq Fransa devrimi gəldi öz zirvəsinə çatdı. Yəni uğur qazandı. Çox maraqlıdır, bizdə belə şey olmayıb. Bax, biz, yaxşı olar, keçmişimizi ələşdi­rəndə yanlışları görməklə yanaşı, tutaq, Babəkdə yanlış nəsə axtarmaq, Şah İsmayılda nəsə pis axtarmaq, hər çalışan, vuruşan adamda hansısa çatışmazlıq olmalıdır. Çalışma, vuruşma olmayan yerdə yanlış olmur. Ancaq biz artıq nəyi düşünməliyik, nəyi ələşdirməliyik, nəyə baxışımızı yönəlt­məliyik, nəyə görə bizdə o boyda yüksəlişlərdən sonra elə kəskin enişlər baş verdi.?! Bax, min ildir belədir. Min ildən də artıqdır belədir. Nəyə görə bizdə kəskin yüksəliş olur, kəskin də eniş olur?! Biz bunları axtarmalıyıq. Sağlam, uğurlu gələcəyimiz üçün. Bizim politoloqlarımız da, tarixçilərimiz də onları axtarmaq yerinə, onları xalqa göstərmək yerinə, çalışırlar hansısa tanın­mışlarımızda çatışmayan bir şey tapıb onu gözdən salsınlar. Bu da xalqın ziyanınadır. Xalqın burda heç bir qazancı yoxdur, ola da bilməz.
Soylu Atalı: Təşəkkür edirəm, sağ olun. Demək, Babək hərəkatı elə bir hərəkat idi ki, bəli, o enişlərin hardasa əsasını qoydu. Xalqın şüuru dəyişdi sanki. Xalqın, zorlanaraq, özünə yadlaşma prosesi başladı. Onun sonucu olaraq vurğulanan fəlakətlərin hamısını yaşaya-yaşaya bu gün də onu davam eləyirik.
Bu cəhətdən araşdıranda bəlli olur ki, Babək Azərbaycanın özgürlüyüylə uğraşan elə bir şəxsiy­yətdir ki, bizim şüurumuza min ildir basqı göstərən, bir gəlişə, bir hücuma dirəniş göstərir­di. O dirənişlə əgər Azərbaycan ayaqda qala bilsəydi, yenilməsəydi, görün nələr baş verə bilərdi. Tək­cə Azərbaycan üçünmü o inkişaf, o qalxınma baş verəcəkdi? Yox! Bütövlükdə türk dünyası üçün çox böyük bir stimul olacaqdı. Aydın bir xətti, milli yönü olacaqdı. Bu baxımdan istəyər­dim ki, Əlisəfa qardaşımız Babəkin türk dünyası üşün önəmi, Babək və türk dünyası qonusunda öz fikirlərini bölüşsün.
Əlisəfa bəy: Mən tarixçi deyiləm. Xaraktercə praqmatikəm. Ona görə də jurnalist gözüylə, bugün cəmiyyət üçün Babək, yəni ölümündən sonra yaşayan Babək kimdir, o barədə öz mülahi­zələri­mi deyim.
Soylu Atalı: Bağışlayın, bayaq biz onu dedik. Burada Babəklə bağlı biz bir neçə kərə ciddi söhbət­lər aparmışıq. Babəkə qədər, Babəkin dönəmi və Babəkdən sonra bir sıra tarixi faktlara da münasibət sərgiləmişik. Bu nədəndən də, bugünkü söhbətimiz hardasa fərqli xarakter daşıyır. Bu gün Babəki mənəvi, milli-xəlqi bir müstəvidə tanıtmaq (təqdim etmək) istəyirik.

Əlisəfa bəy: Belə təsəvvür edək ki, mən Babəkin yaşadığı dövrü heç bilmirəm. Ancaq bu gün Babəkin təkcə adı böyük bir abidədir. Mən oğlumla, nəvəmlə Babəkin abidəsinin yanından keçən­­də göstərirəm ki, bu Babəkdir. Babək adı çəkiləndə bir neçə anlayış ortaya çıxır: – birinci anlayış – qəhrəmanlıq. Körpə uşaq da, böyük də, Babəklə bağlı birinci o anlayışı ortaya qoyur – Qəhrəmandır. Əgər bu qəhrəman­dırsa, düşünülmür bu, Şotlandiyanın Uilsidir, ya deyək ki, hinduların Mogikanıdır, ya deyək ki, Orta Asiyanın Şirakıdır.
Babək qəhrəmandır. Elə təkcə bu ad milli varlığımızda qürur yaradır. İnsan istər-istəməz bu ad qarşısında baş əyir. Elə təkcə bu keyfiyyət bəs edir ki, Babəki hansısa bir mənfi cəhətdən analiz etməyəsən. Babək möhtəşəmdir. Qəhrəman kimi möhtəşəmdir.
Ondan sonra, həmin bu abidəni görəndə insanın yadına ikinci anlayış düşür: – Torpağın yiyəsi! Mən heç düşünmürəm ki, Babəkin qəhrəmanlığını düşünəndən sonra, durub axtarasan ki, hansı etnosun yiyəsidir. O türkdürmü, ya Hindistanlıdırmı, ya ərəbdirmi. O, torpağın yiyəsi idi. O bu torpağa vətən deyirdi. O bu torpağa Azərbaycan deyirdi. Ona görə də o, torpağın uğrunda döyüşüb. Canını, nəslini itirən Babəkin torpağında, mən onun adıyla, vətən qurub yaşayıram. Ondan öyrənirəm ki, bu torpağı qoruyan kişilər var idi. Onların ən möhtəşəmi Babək idi.
Torpağın yiyəsidir Babək! Ona görə də biz bu gün onun ruhunu anmalıyıq və qarşısında baş əyməliyik.
Üçüncü gəlir varislik anlayışı. Babəkin abidəsini görəndə düşünürəm ki, mən bunun varisi­yəm. Hansı anlamda? Baxırsınızmı, yer üzünün ayrı-ayrı iqlimlərində yaranan dövlətlər o iqlimin xarak­terinə uyğun olur. Baxmayaraq ki, Latın Amerikasından tutmuş, Sibirədək yayılmış türk­lər ayrı-ayrı (bu gün də 50-yə yaxın) qruplara parçalanıblar. Millət səviyyəsinə qalxanı var, dövlət quruluşunu əldə edəni var. Ayrı-ayrı yerlərdə yaşayırlar, bu gün də onların düşüncələrində fərqli-fərqli xarakter görürəm. Bu Azərbaycan torpağında, dinindən, qanından, genetik mənsubiy­yətindən asılı olmayaraq, yaşayanların hamısı bir təfəkkürdədirlər, bir düşüncədədirlər, bir üz quruluşundadırlar. Xahiş edirəm, belə düşünməyin ki, mən kosmopolit düşünürəm. Mən yanlız, bu torpağın yetirdiyi Babəkin düşüncəsindəyəm. Mən onun varisiyəm. Yəni bu torpaq məni Babəki yaratdığı kimi yoğurub, yapıb yaradıb. Yəni o abidə qarşısında dayananda mən Babəkin varisi kimi dayanıram.
Nəhayət, milli anlayışdır Babək. Mənimdir! Yəni mən bir millət kimi dövlət qurmuşam. Mənim dilim dövlət dilidir. Azərbaycan türk dövlətidir. Bu dövlət, bu dövlətin toplumu min illər bundan qabaq burda formalaşan bütün dövlətlərin, yaşamış etnosların, yaradılmış bütün mədə­niy­yətlərin, incəsənətin hamısına sahib çıxır. Milli anlayış kimi, Babəkin varisi olduğumdan, mənim üçün bu torpaqda yaranmış tarixin, ənənənin, incəsənətin, mədəniyyətin qoruqçusu kimi çıxış eləməyə haqqım var. Bu anlamda da Babək mənimdir. Mən də Babəkin davamçısıyam.
Buna görə də, bu gün onun üzərinə gedib demək ki, Babək hansı dildə danışıb, Babəkin boyu-buxunu necə olub, atası kim olub, anası kim olub, onlara mən önəm vermirəm. Bayaq dediyim şərtlər göstərir ki, Babək mənimdir.
Belə düşünürəm ki, Babəkin abidəsi Azərbaycan boydadır. Biz də onun davamçıları olmalıyıq.
Soylu Atalı: Təşəkkür edirəm.
Demək, ailə qurulur. Ancaq bu ailə öz yaşamını sürdürmək üçün heç bir proqram-zad yazmır. Təbii bir ahənglə yaşayır, həyatını sürür. Ancaq dövlət və dövlətdə ideoloji yön yaradan kimsələr, xalqın yönünü bəlli eləmək, xalqın həyatına yön vermək üçün ortaya fikir, ideya gətirir. Proqram qoyur. Bu baxımdan Babək özü hadisə idi. Babəkin hadisə olmasını şərtləndirən isə Xürrəmidinlik idi. Babəkdən öncə başlayan və Babəkdə daha yetkin bir səviyyəyə gəlib çıxan Xürrəmidinlik hadisəsi var idi. Xürrəmidinlik dünyagörüşü Xürrəmidinlik hərəkatının yaran­ması­na gətirib çıxardı. Deməli, Babəkin yadlıqlara qarşı savaşı belə bir ideoloji özül üzərində biçimlənmişdi. Yəni Babəkin döyüşü konkret ideologiyaya dayanırdı. Buna görə Babək yenil­mirdi. Bu ideyanın gücünə dayanıb Babək Azərbaycanın özgürlüyü uğrunda savaş aparırdı.
Asif Ata deyir: “mən qəti əminəm ki, Xürrəmidinliyin fəlsəfəsi olubdur. Onu ərəblər yandırıb”. Çünki fəlsəfə, fikir-ideya olmasaydı, o cür möhtəşəm hərəkat biçimlənə bilməzdi. Özgürlük uğrunda o cəsarətlə, o sevgiylə, o yenilməzliklə savaş aparmaq mümkün deyildi. Deməli, bir daha vurğu eləmək istəyirəm, əgər Xürrəmidinlik adlı dünyagörüş varsa, deməli, onun fəlsəfəsi var, onun yazısı var. Onun özülü var. Özülsüz, yazısız dünyagörüş olmur və özülsüz, yazısız hərəkat biçim­lənmir, yerimir, yönəltmir, yönləndirmir.
Bu gün də Azərbaycana qarşı savaş cəbhəsi açanlar, daha doğrusu Azərbaycanın dəyərlərinə qarşı savaş cəbhəsi açanlar bizim təkcə şəxsiyyətlərimizi vurmurlar. Eyni zamanda şəxsiy­yətlərimizin tapındığı, dayandığı ideyaları vururlar. Onların hamısını qırağa bağlayırlar. Sanki bizə içəriliyi (aidiyyəti) yoxdur. Babəkin yenilməzliyini şərtləndirən nə idi? Babək deyirdi ki, mən içimdə Şirvin gəzdirirəm. Şirvinlik gücü onun ideyasından gəlirdi. Şirvin hürufilərin dediyi “həqq mənəm” ideyasının özülündə vardı. Şirvin Şərqdə qüdrət allahının adı idi. İçimdə Şirvin gəzdirirəm – içimdə allah gəzdirirəm demək idi. Məsələ onda deyildi ki, bu allahın adını kim qoyub, Şirvin kimin sözüdür. Şirvini başqalarına bağlamaq və demək ki, Babək türk deyildi, Xürrəmidinlik də türk baxışı deyildi, bu kökündən yanlışdır. Mən qəti əminəm ki, Şirvan sözü Şirvin sözünə bağlıdır.
Məsələ burasındadır ki, Babəkin içində qüdrət var. O qüdrətin adına nə istəyirsən de. Söz yox ki, anlayışın sözü türkə bağlı olsa daha yaxşı olardı. Ancaq diqqəti məsələnin mahiyyətinə yönəltmək gərəkdir. O dövrdə mədəniyyətlərin iç-içə qarışmasının anlayışlara da etkisi olub. Ərəblərlərin “Həqq” anlayışı vardı, Hürufilər də “Həqq” anlayışından yararlanırdılar, ancaq bəlli olduğu kimi, tamam fərqli anlamda. Bu ayrı qonudur, davam etmək istəmirəm.
Ba­bək içində daşıdığı qüdrətə görə yenilmirdi.
Babəkin inancının adı vardı: Özgürlük. Ona görə onun xalqına gətirilən “itaət inamına” qarşı dayanır­dı, qəbul eləmirdi. Əgər Babəkin bu cür yenilməzliyi olmasaydı, bu cür dünyagörüşü olmasaydı, onda o, heç “itaət inamına” qarşı savaşmazdı, könüllü qəbul edərdi. Çünki insan əsas tapmırsa, səbəb tapmırsa, heç vaxt savaşmaz. Deməli, o, xalqının özgür yaşayacağına qətiyyətlə inanırdı. Onun da özülünü, olanağını xalqın öz içində, öz baxışında görürdü.


Xaliq Bahadır: Bilirsiz, Soylu bəy, tarixi faktdır, ərəb xəlifələri çox çalışırdılar Babəki özlərinin komandanlarından birinə çevirələr. Nəyə görə? Onların birinci planında vardı Bizansı tutmaq, Avropaya yayılmaq. Ona görə də onlar düşünürdülər, Babəki sərkərdələrimizdən birinə çevirsək, Bizansı çox asanlıqla ala bilərik. Babəkin əliylə. Babək ona getmədi. Dönə-dönə ona böyük pullar da verirdlər, ona hər şey verməyə hazır idilər. Sərkərdəlik də balaca bir şey deyildi. O boyda ərəb dövlətinin, Hindistanacan uzanmışdı, sərkərdələrindən biri olmaq balaca şey deyildi. Babək ona gedərdi. Niyə getmədi? Özünün ideologiyası olduğuna görə. Özünün ayrıca inancı olduğuna görə. Gəlin belə götürək, sən sərkərdəsən, böyük dövlət var ortada. O istəyir səni özü­nün sərkərdələrindən biri eləsin. Sən ona niyə getməyəsən? Axı burda sənin elə bir dövlətin yoxdur. Bu olan dövlət də qorxu altındadır. Babək ona getmədi. Özünün ideologiyası olduğuna görə. Özünün inancı olduğuna görə. Babək üçün Azərbaycandan başqa heç nə yox idi.
Soylu Atalı: Baxın, Babəkin də dünyagörüşü, ötənlərdə vurğu elədiyimiz kimi, Zərdüştdən qay­naq­lanırdı. Lap dərinə gedəndə Zərdüştün özünün də inancının mayasında Tanrıçılıq baxışının etkisi vardı. O ayrı. Ancaq əsas etibarilə Babəkin inancında Zərdüştlüyün qatqısı var idi. Fikir verin, Zərdüştdən gələn təmiz duyğu, təmiz fikir, təmiz əməl, – Babəkdə özgür idrak, özgür ürək, özgür iradə ideyasına çevrilmişdi. Bu da, bütünlüklə, onun xalqının özgürlüyünü təsdiq edir. Onun ideyasının canı bu idi. Babək ona görə yenilmirdi. Babək Hürmüzdü Əhrimənə təslim eləmək istəmirdi. Babək Hürmüzd işığında xilafətin şər olduğunu, eybəcər olduğunu görə bilir, dərk edir, anlayırdı. Ona görə xilafətin fiziki biçiminin hüdudsuz, sınırsız olduğuna baxmayaraq, Babək onun gələcəyini aşırı dərəcədə yenilməz saymırdı. Babək xilafəti mənən yenilən hesab edirdi. Ona görə özü ruhən yenilmirdi. Zarafat deyil, qat-qat ondan az bir qüvvəylə, xilafətə qarşı döyüşəsən. İçində Allah olmasaydı, “itaət inamı” olsaydı, yenilərdi, qorxardı, gerçəkliyi hesab­layar­dı ki, mən hara, başı Avropada, ayağı Hindistanda olan böyük bir ordu hara?! Bu orduyla döyüşmək olmaz. O gerçək itaət Babəkə onu deyəcəkdi. Ancaq özgürlük eşqi ona dedi ki, qarşıdakı şərdir, işğalçıdır, talançıdır, oununla axıra qədər savaşmaq gərək. Özgürlüyü qurban vermək olmaz.
İndi Babəkin qəhrəmanlığıyla bağlı söhbət edirik. Babəki biz tarixdən də bilirik, ərəb tarix­çilə­rinin özlərinin də ortaya qoyduğu fikirlər, düşüncələr hamısı gəlib bir şeyin üzərində dayanır ki, Babək, doğrudan da, şaqqalanıb. Babək sümük-sümük doğranıb. Bəzən bizim içimiz­dən ayrı-ayrı adamlar durub deyirlər ki, Nəsiminin heç dərisi soyulmayıb. Bu tarixi faktlar olmasa, deyərlər, Babək heç şaqqalanmayıb. Niyə bunu deyirlər? Çünki Azərbaycanın yenilməzliyini doğruya çıxartmamağa çalışırlar. Yanlışlığa uğratmağa çalışırlar ki, Azərbaycan yenilməz hünər qoya bilməz ortaya. Yəni qəhrəmanlıq gözümüzdən düşsün, biz qəhrəmanları­mıza bənzəməyək. Bu gün bizim içimizə istər Doğudan, istər Avropadan gələn cılızlığın etki­sində yaşayaq. Biz qəhrəmanlığı bizə təlqin olunan balacalıqlarda görək.
…Görün özgürlük hissi Onun içərisində necə oturuşub, necə dərinliklərə işləyib ki, sümük-sümük doğrayırlar, səsi çıxmır. Bu insan doğrananda Azərbaycan deyir. Yaxud Nəsiminin dərisini soyur­lar, həqq məndədir deyir. Çünki insan içində daşıdığı ideyaya görə, daşıdığı sağlam fikrə görə ayaqda durur, yenilmir. O güc onu içindən dik saxlayır ki, o döyüşə bilir. O güc onu ayaqda saxlayır ki, doğranır, amma özgürlüyünü qurban vermir, ideyasından, düşüncəsindən əl çəkmir.
Bizim qəhrəmanlığımızı cılızlaşdırmaq istəyirlər, adiləşdirmək istəyirlər. Bu gün Azərbaycanın içərisinə gələn fərqli baxışlar, kişiliyi öldürən gəlişlər, mədəniyyət adına sırınan nəsnələrin hamısı gəncliyimizə pis örnəkdir. Gəncliyimiz gələn, gətirilən, cılızlaşdıran fikirlərə qulaq asır cılızlara, balacalara bənzəməyə çalışır. Gəncliyimiz Babək yenilməzliyinə bənzəmək istəmir. Ona görə Babəki gəncliyin gözündən salırlar ki, gənclik ona bənzəmək istəməsin. Gənclik özgürlüyü uğrunda savaşmasın. Özgürlüyü haqqında düşünməsin. Baxın, Babəkin içində daşıdığı Şirvin, Babəkin dünyagörüşü qat-qat uca idi. Məhəmmədin lailahəillallah ideyası çox sönük idi Babəkin xürrəmidinliyinin qarşısında. O ideyanın yenilməsi xalqın yenilməsini min ildir bizə görk eləyib. Min ildir biz onun ağrısıyla, acısıyla yaşayırıq. Bu gün də bizim içimizdən ayrı-ayrı özünəyarar düşünənlər (mənfəətsevərlər), ayrı-ayrı satılmışlar, onun-bunun qucağından boyla­nan­lar Azərbaycana qəsd edirlər, xəyanət edirlər. Azərbaycanı vətən eləyən, torpağını qutsal eləyən dəyərləri söyürlər, aşağılayırlar, gözdən salırlar. Ancaq gedib başqa torpaqları ziyarət edirlər. Gedib ərəb torpaqlarını qutsallaşdırırlar. O ərəb torpağı ki, onun sahibləri Azərbaycanın namusuyla oynayıb. Azərbaycanın namusuna, ləyaqətinə, qeyrətinə balta vurub. Babəki şaqqa­layan baltalar Azərbaycanın qeyrətini, ləyaqətini baltalayıb. Bu gün gedib ərəblərin torpağında sürünüb ziyarət etməyə çox pis baxıram. Yurdunu sevməyənlər özgə torpaqlarında sürünürlər. Mən hesab eləyirəm ki, sənin dinin, imanın, varlığın vətənindir, millətindir, onun dəyəridir, onun gələcəyidir. Mən ərəbin də, ingilisin də, başqasının da torpağı­na, vətəninə sayğı duyaram, öz torpağımı, öz yurdumu qutsal eləyəndən sonra. Öz yurdumu qoruya biləndən sonra. Öz yurdu­mun dəyərlərini öz ulusuma verdiyim qədər başqasına sayğı duyaram. Başqasının basqısına, etkisinə uğradığım qədər mən onun torpağını ziyarət eləmək, onun torpağını yalamaq, öpmək, qutsallaşdırmaq, özümünkünü isə gözdən salmaq eybəcərliyinə birmənalı şəkildə yox deyirəm.
Biz hesab eləyirik ki, Babəkin həm dünyagörüşü, həm şəxsiyyəti, həm yurdçuluğu bütöv bir hadisədir. Azərbaycana əbədi gərək olan bütöv bir hadisədir. Biz Babəkdən örnək götürürük. Bu gün də fars-molla rejimi altında inildəyən Güney Azərbaycanlı soydaşlarımız ildə bir dəfə Bəzz Qalasına yürüyüb Babəkdən özgürlük istəyirlər. Babəkə dayanmaq, Babəkə söykənmək istəyir­lər. Mən onu mətbuatda dönə-dönə yaz­mı­şam, Babəkdən özgürlük istəyirlər. Dindən istəmirlər, başqasından istəmirlər. Məhz Babək­dən istəyirlər. Babək özgürlük savaşçısıdır, dünyagörüş yaradıcısıdır, böyük bir örnəkdir. Bunu sevməmək, tanımamaq, bunun qədrini bilməmək, qorumamaq hesab eidrəm ki, milli qəsddir.
Xaliq Bahadır: Xəlil Rzanın bir dördlüyü var. Adı “Babək”dir.
Deyir:
Aradım qəbrini tapa bilmədim,
Qoşqarla Savalan abidəsidir.
Dərbənddən başlamış Həmədanadək,
Təbiət üstünün gül dəstəsidir.

Soylu Atalı: Bu gün biz, Babəkin edamının 1177-ci ildönümü qarşısında, Azərbaycan aydını olaraq, öz baxışımızı sərgilədik, Babəkə sevgimizi sunduq.
Hər il martın 14-ü Azərbaycanın hər yerində Babə­kə anım günü keçirilməlidir. Düşü­nürəm ki, Babəkin edamından, ölümündən bizim ləyaqə­ti­miz dərs götürməlidir. Babək doğrandı, ancaq milli ləyaqətimizə xəyanət eləmədi. Tərsinə, göylərə yüksəltdi. Biz Babəkin qeyrətinin işığında bu gün böyük qürur duya bilərik. Bu baxım­dan Babəkin edam olunduğu gün, yaxşı olar ki, həyətlərimizdə tonqal qalayaq. (Şəxsən mən qalayacam). Tonqal qalayıb, onu Babəkin rəmzi işığı kimi sunaq.
Bununla da bugünkü söhbətimizi başa çatdırırıq.
Türkel Araşdırma Qurumu sundu
Günəş Ayı, 37-ci il. Atakənd.
(mart, 2015. Bakı.)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:47 Qeyri-adi elan: Zəng et ərə get - VİDEO 'Zəng et, ərə get'.Bərdədə bir yük maşınının sürücüsü avtomobilinə belə şüar yapışdırıb.Şüarin altında da telefon nömrəsi.Bu da görənlərin xeyli diqqətini çəkir.Baxın görün, 26 yaşlı gənc bu işi nəyə görə görüb? 'Zəng et ərə get 'elanı, altında isə telefon nömrəsi. Avtomobilinə qeyri-adi elan
15:20 Soylu Atalı: "Milli Faciəmizin Xocalısı" Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik ki, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması və dövlət idarəetməsində
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
14:04 Ana dilini yaşatmaq hünəri İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Dil – ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də ölüb gedərdi. Hər bir xalq öz adıyla bağlı olan dilin yaradıcısı,
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az