Ağstafa şəhərinin yol-nəqliyyat infrastrukturunun davamlı yenilənməsi diqqətdə saxlanılır
Ölkə rəhbərliyinin müvafiq göstərişlərinə uyğun olaraq Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində əhalinin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi ilə yol-nəqliyyat və digər infrastrukturların müasir tələblərə uyğunlaşdırılması işlərinə xüsusi diqqət yetirilir. Bu məqsədlə icra olunan ardıcıl tədbirlər çərçivsində Ağstafa şəhərinin bir sıra küçəsində əsaslı təmir və quruculuq işləri həyata keçirilmişdir. Belə ki, Əmrah Əhmədov küçəsinə yeni asfalt örtüyü salınmış, elektrik təsərrüfatı yenidən qurulmuş, müasir işıqlandırma sistemi çəkilmiş, vətəndaşlar GPON texnologiyalı sürətli internetlə təmin edilmişdir. Rafiq Alcanov küçəsində avtomobil yolunun sıradan çıxmış hissəsi çıxarılaraq yeni asfalt örtüyü salınmışdır. Hüseyn Arif küçəsi ilə Ağstafa-Poylu avtomobil yolunu birləşdirən yeni yol əsaslı təmir olunaraq asfaltlanmışdır. Hazırda Ağstafa şəhərində abadlıq-quruculuq işləri, o cümlədən Heydər Əliyev prospekti boyunca vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə daha müasir tipli səki daşlarının döşənməsi işləri davam etdirilir.