ATƏT sədri erməniləri məyus edib - “İki ölkənin mövqeyinə hörmətlə yanaşırıq...”
ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının Xarici İşlər naziri Yan Borqa İrəvanda səfərdədir. Mediaxeberleri.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Ermənistan XİN başçısı Ararat Mirzoyanla keçirdiyi brifinqdə Y.Borqaya Qarabağdan gedən ermənilərin gələcək taleyilə bağlı sual verilib. Erməni jurnalist Qarabağdan gedənlərin guya geri qayıtmaq istədiyini iddia edib və onların adından hər iki nazirə məktub təqdim edib. Daha sonra ATƏT sədrindən soruşulub ki, qurum “Qarabağ məsələsi”ni tam bitmiş hesab edirmi və ATƏT ermənilərin geri dönüşünü necə görür? ATƏT-in fəaliyyətdə olan sədri cavabında qeyd edib ki, “ATƏT özünün iştirak etmədiyi prosesə müdaxilə edə bilməz və təşkilat hər iki ölkənin mövqeyinə hörmətlə yanaşır”. Erməni mətbuatı ATƏT sədrini bu mövqeyinə görə sərt tənqid edib: “Beləliklə, indiki sədr birbaşa qurumla bağlı sualdan yayınmaqla yanaşı, ATƏT-in Minsk Qrupunu da dəfn etdi”. Xatırladaq ki, Ermənistan hökuməti rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edib və uzun illər bu məsələni uzatmağa çalışan beynəlxalq təşkilatlar da bununla hesablaşmaq məcburiyyətindədirlər. “AzPolitika.info”