14 yaşlı qızla evlənən şəxsə cinayət işi açıldı: ailəsi şikayətçi olmadı
Gəncədə 14 yaşlı qızla evlənən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhəri Hərbi şəhərcikdə yaşayan 1996-cı il təvəllüdlü Rəşad Abbasov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb. Müəyyən edilib ki, 2022-ci ildə Gəncə şəhər sakini olan Aynur Əliyeva Türkiyəyə işləməyə gedib. O, 2008-ci il təvəllüdlü qızı Nərmini Gəncədə yaşayan rəfiqəsinə tapşırıb və onun evində yaşamasını xahiş edib. Bundan sonra Nərmin Rəşadgildə yaşamağa başlayıb. Bu müddət ərzində yeniyetmə qızla gənc oğlanın arasında münasibət yaranıb və yetkinlik yaşına çatmamış qız hamilə qalaraq uşaq dünyaya gətirib. Hadisədən hüquq-mühafizə orqanları xəbər tutduqdan sonra cinayət işi açılıb. Məhkəmədə cinayət işi üzrə ifadə verən Nərmin Rəşadı sevdiyini deyib və özünə qarşı zorakılıq edilmədiyini bildirib. O, 17 yaşı tamam olandan sonra Rəşadla rəsmi nikaha girəcəyini və körpə övladlarının olacağını deyərək Rəşada həbs cəzasının verilməməsini xahiş edib. Gəncə şəhər Məhkəməsinin hökmü ilə 28 yaşlı Rəşad Abbasova sınaq müddəti təyin edilməklə, şərti cəza təyin edilib.