Sabiq icra başçısının qohumları əmlakları geri istəyirlər - SİYAHI
Həbsdə koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlakları ilə bağlı Ali Məhkəməyə müraciət edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum Quliyevin hüquqi varisi 600 min manatlıq əmlakın müsadirəsi qərarının ləğv edilməsini istəyir. Eks-icra başçısının vəfatından sonra onun qardaşı hüquqi varisi qismində tanınıb. Onun tərəfindən verilən kassasiya şikayətinə yaxın günlərdə baxılacaq. Mərhum N.Quliyevin dövlət nəfinə alınmış əmlaklarının siyahısını təqdim edirik: Goranboy rayonu, Heydər Əliyev prospekti, 106 ünvanında yerləşən orta bazar dəyəri 330 min manat olan qeyri-yaşayış binası; Goranboy şəhəri, Heydər Əliyev prospekti, 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası; Goranboy şəhəri, V.Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 min manat olan daha bir qeyri-yaşayış binası. Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 20 min 800 manat olan torpaq sahəsi; Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Külli miqdarda mənimsəmə, rüşvət alma kimi cinayətlərdə təqsirli bilinən sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü il 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə əsasən, üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib. Quliyevin vəfatından sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə qərarın əmlakların müsadirədən azad edilməsi hissəsi ləğv edilib. Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əmlakların yenidən müsadirəsinə qərar verib.