Arvadını və uşaqlarını öldürdü... - Dəhşətli qətlin arxasında dini təriqət dayanır?
İtaliyanın Siciliya bölgəsindəki Palermo əyalətində baş verən kütləvi qətllər ölkəni dəhşətə gətirib. Hadisənin arxasında dini təriqətin dayandığı ehtimal edilir. Mediaxeberleri.Az xəbər verir ki, Palermo əyalətinin Altavilla Milicia şəhərində 54 yaşlı Giovanni Barreca həyat yoldaşı Antonella Salamonu və 5 və 16 yaşlı iki uşağı Emanuel və Kevini öldürüb. Evdə olan digər 17 yaşlı qız özünü xilas edə bilib. Qurbanların ən azı 36 saat ərzində öldüyü təxmin edilir. Qadının yandırılaraq, uşaqların isə zəncirlə boğularaq öldürüldüyü bildirilib. Polis dini təriqət ayinindən şübhələnir. Hadisələrin şahidi olan Barrecanın qızının sözlərinə görə, atası gecə yuxudan oyanaraq evdə cin kimi varlıqlar gördüyünü deyib. "Bütün bunların necə mümkün olduğunu başa düşə bilmirik. Hər ailədə baş verən mübahisələri bilirdik, lakin bunların baş verə biləcəyini düşünə bilməzdik", - Giovanni Barrecanın yaxınları məlumat verib. Hadisə yerində polis araşdırmaları davam edir. Cinayətdə şübhəli bilinən digər şəxslər də polisdə dindirilir.