Cəlilabadda 14 yaşlı oğlanın faciəvi ölümü: Qızılca, yoxsa... - YENİLƏNİB + VİDEO
Cəlilabadın Alar kənd sakini, 14 yaşlı Yusif İbayevin qızılcadan dünyasını dəyişməsi barədə xəbərlər yayılsa da, ailə üzvləri yeniyetmənin başqa xəstəlikdən öldüyünü bildiriblər. Mərhumun babasının sözlərinə görə, yeniyetmənin ağciyərlərində problem olub: “Uşağı apardıq Bakıya, orada 10 nəfər qan verdi. Üç mindən çox pul xərcləndi. Dedilər uşaq qızılcaya yoluxmayıb, ağciyərlərində problem var”. Yeniyetmənin ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs yanvarın 24-də dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub. Xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəstə vəfat edib. Faktla bağlı araşdırma aparılır. Ətraflı Baku TV-nin süjetində: 10:54 Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib. “Qafqazinfo” xəbər verir ki, Cəlilabad rayonunun Alar kənd sakini 2010-cu il təvəllüdlü Yusif Bəhruz oğlu İbayev qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, orada vəfat edib. İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib. Xatırladaq ki, ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib. Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.