Azərbaycanda hakimiyyət nümayəndəsini yumruqla vuran şəxsə bu cəza verildi
Şirvan şəhərində vəzifəli şəxsə qarşı zorakılıq etmiş şəxsin məhkəməsi yekunlaşıb. Mediaxeberleri.AZ-ın əldə etdiyi məlumata görə, Şirvan şəhər Məhkəməsində keçirilən prosesdə 1967-ci il təvəllüdlü Asəf Yusifov Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham edilib. Bildirilib ki, ötən ilin may ayında Asəf yaşadığı binanın qarşısında Şirvan şəhər İcra Hakimiyyəti Mənzil-Təsərrüfat İdarəsinin rəisi İsmayıl İsmayılovla mübahisə edib. O, ərazidə iş aparan dövlət qurumunun əməkdaşlarının oturacaq qismində ağacların arasında quraşdırılmış taxtaları sökməsinə etiraz edib. Bu zaman Asəf idarə rəisinə hücum edərək ona zərbə endirib. Hadisə ilə bağlı cinayət işinə baxılarkən İ.İsmayılov ona qarşı aqressivlik etmiş vətəndaşı bağışladığını, ondan şikayətçi olmadığını bildirib. Şirvan şəhər Məhkəməsinin çıxardığı hökmlə təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Həmçinin hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməsi qadağan edilib.