İş axtaranların nəzərinə: 300-dən artıq vakansiya var
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Vakansiya Bankında hazırda işğaldan azad edilmiş ərazilər üzrə 300-dən artıq vakant iş yeri var. Bu barədə Mediaxeberleri.AZ-a nazirlikdən məlumat verilib. Böyük Qayıdış proqramı çərçivəsində bu ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin davam etdirilməsi, habelə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı nəticəsində iqtisadi aktivlik yeni vakansiyaların formalaşması və tələb olunan peşələrin sayının artması ilə nəticələnir. Mövcud vakansiyalar əsasən tikinti, kənd təsərrüfatı və xidmət sahələrini əhatə edir. Vakansiyalara müraciət etmək istəyən işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış və ya məskunlaşması nəzərdə tutulan keçmiş məcburi köçkünlər ərazi üzə regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilər.