Nazirlikdən ƏMƏLİYYAT: Pirotexniki vasitələrin satışını təşkil edənlər aşkarlanıblar
Bakıda və bölgələrdə pirotexniki vasitələrin satışını təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mediaxeberleri.AZ-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən köşklərin birində pirotexniki vasitələrin satıldığı aşkar edilib. Qeyd edilən pozuntusuna yol verən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. Analoji qayda pozuntusunu Saatlı rayonunda da aşkarlanıb. Belə ki, rayonun Şirinbəy kəndi ərazisində yerləşən mağazaların birində qanunsuz olaraq pirotexniki vasitələrin satışını təşkil edən bir nəfər müəyyən edilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı iki nəfər rayon sakininin qanunsuz olaraq külli miqdarda pirotexniki vasitələr satdıqları müəyyən edilib. Həmin şəxslər tərəfindən satılan pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.