Öncə bayraq dalğalanacaq, sonra müstəqillik tanınacaq: Əliyevin Şimali Kipr mesajının Xankəndi izləri
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan edib. Prezidentin bu sözləri indiki məqamda iki mühüm məsələdən xəbər verir: 1. Şimali Kiprin müstəqilliyinin tanınması; 2. Xankəndi və ətraf ərazilərə nəzarətin bərpa edilməsi; ŞKTC-nin müstəqilliyinin tanınması uzun müddətdir ki, gündəmdədir. ŞKTC təkcə Türkiyə tərəfindən tanınır. Rəsmi Ankara illərdir Şimali Kiprin müstəqilliyinin tanınması istiqamətində addımlar atır. Hətta rəsmi Bakıdan Şimali Kiprin müstəqilliyinin tanınması bir neçə dəfə istənilib. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Bununla belə, Azərbaycan ŞKTC-nin müstəqilliyini tanımayıb. Buna səbəb Ermənistanla müharibənin olması və işğalın davam etməsi idi. 44 günlük müharibə nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Azərbaycan münaqişə kontekstinə keçdi. Düzdür, bu, rəsmi Bakının mövqeyini dəyişməsə də, nisbi loyallığa zəmin yaratdı. Misal üçün 2022-ci il avqustun ayında Prezident İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarla görüşüb. Bu, planlaşdırılmış görüş deyildi və Türkiyə prezidentinin istəyi əsasında gerçəkləşmişdi. Bu görüşdən sonra 2022-ci ilin noyabr ayında Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edildi. Prezident İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında ŞKTC bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsi Bakının yaxın gələcəkdə Şimali Kiprin müstəqilliyini tanıyacağını, hətta digər TDT üzvü olan ölkələrin də anoloji addımı atmasını təklif edəcəyini göstərir. Prezidentin bu açıqlaması həm də ondan xəbər verir ki, Bakının Xankəndi və ətraf ərazilərlə bağlı narahatlığı qalmayıb. Prezidentin bu rahatlığının səbəbi, hesab edirəm, yaxın günlərdə məlum olacaq. Xankəndi və ətraf ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ŞKTC-nin müstəqilliyinin tanınmasını labüd edir. Müəllif: Politoloq Turan Rzayev