Bakıda məktəbli qızdan əl çəkməyən 21 yaşlı oğlan həbs edildi
Bakıda məktəbli qızı daimi olaraq narahat edən, telefonla ona zəng edən 21 yaşlı oğlan həbs edilib. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. Rayon sakini M.M Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək Tuncay adlı şəxsin onun qızını hədələdiyini və zəng edərək narahat etdiyini deyib. Polisin keçirdiyi tədbirlərlə noyabrın 20-də Saatlı rayon sakini 2001-ci il təvəllüdlü Tuncay Zeynalov saxlanılıb. O, 15 yaşlı qızı sevdiyi üçün narahat etdiyini deyib. Qızın anası isə gələcəkdə cinayətin baş verə biləcəyindən narahat olduğunu deyib: “Qızım Tuncay tərəfindən mütəmadi olaraq narahat edilir. Həmin şəxs qızıma eyni zamanda telefonla hədə-qorxu gəlir. Bu səbəbdən, Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışam. Lakin, DİN-in 102 zəng xidməti mərkəzinə zəng etdikdən sonra Tuncayın valideynləri mənimlə əlaqə saxladılar, övladlarının bir daha belə hala yol verməyəcəyini bildirdilər. Sadəcə istəyirəm ki Tuncay bir daha qızımı narahat etməsin, belə ki, qızımın 15 yaşı var və hazırda orta məktbdə təhsil alır. Bundan əlavə Tuncayla mənim oğlum arasında da bir dəfə sözlü mübahisə yaranıb. Mən oğlumla Tuncay arasında dava düşəcəyindən narahatam və ehtiyat edirəm”. Tuncay Zeynalov barəsində inzibati protocol tərtib edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə o, 5 sutka müddətinə inzibati həbs edilib.