“Neftçi” “Zenit”ə qalib gəldi
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Neftçi” yoxlama görüşü keçirib. Mediaxeberleri.Az xəbər verir ki, bakılılar Rusiyanın “Zenit” klubu ilə qarşılaşıblar. “Neftçi Arena”da baş tutan matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı 9-cu dəqiqədə “ağ-qaralar”ın rusiyalı futbolçusu Reziuan Mirzov açıb. Qonaqlar 56-cı dəqiqədə bərabərlik qolunu vurublar. Du Keyruş yaxın məsafədən topu tora göndərib. Lakin cəmi 5 dəqiqə sonra “Neftçi” yenidən hesabda önə keçib. Reziuan Mirzov baxımlı qolla dubla imza ataraq, oyunda son nöqtəni qoyub. Qeyd edək ki, bu komandalar iyulun 1-də Sankt-Peterburqda “Match TV” kubokunda üz-üzə gəliblər. Həmin qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanıb.