Narkotik üstündə yaranan mübahisəyə görə tanışlarını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Yuriy Maksimovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. İttiham aktına əsasən, hadisə 2026-cı ildə saat 19:38 radələrində paytaxtın Xətai rayonu ərazisində baş verib. Belə ki, həmin vaxt Yuriy Maksimovun tanışları olan zərərçəkmiş şəxslər – Anar Həmidovla Vüsal Bayramov (soyadları şərtidir) ondan narkotik vasitə olan marixuananın tapılmasını istəyiblər. Bu məsələ ətrafında tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs özünə məxsus mopedin üzərində olan, istintaqla növü müəyyən edilməyən bıçaqdan istifadə edərək əvvəlcə Anara hücum edib. Ona sağ kürək və sağ bel nahiyələrindən iki bıçaq zərbəsi endirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirib. Təqsirləndirilən şəxs daha sonra Vüsalın qarın və sağ bud nahiyəsindən bıçaqlayıb. Nəticədə onun qarının ön divarına daxilə nüfuz edən, həyat üçün təhlükəli hesab edilən deşilmiş-kəsilmiş yara, eləcə də sağ bud nahiyəsində yüngül bədən xəsarəti alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qarın nahiyəsinə yetirilmiş xəsarət sağlamlığa ağır zərər kimi qiymətləndirilib. Məhkəmə iclasında ifadə verən Yuriy Maksimov ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib.





















