TDT Azərbaycanı təbrik etdi
Türk Dövlətləri Təşkilatı (TDT) 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Təşkilat bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb. “Üzv dövlətimiz Azərbaycanın müstəqilliyinin bərpasının 32-ci ildönümü münasibətilə qardaş Azərbaycan hökumətinə və xalqına ürəkdən təbriklərimizi çatdırırıq”, - deyə paylaşımda bildirilib. Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32-ci ili tamam olur. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.