Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı QƏRAR
Ali Məhkəmədə biznesmenə mənimsəmədə təqsirləndirilən A.Usubovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb. İttihama əsasən, təqsirləndirilən şəxs 12 dekabr 2019-cu ildən 24 dekabr 2021-ci ilədək fərdi sahibkara məxsus lombardda lombard mütəxəssisi vəzifəsində çalışıb. O, sahibkarla bağlanmış əmək müqaviləsi, vəzifə təlimatı və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən lombard əməliyyatlarının aparılması, girov predmetlərinin və pul vəsaitlərinin uçotunun düzgün təşkil edilməsi, sənədlərin vaxtında və düzgün tərtib olunması və digər vəzifələri həyata keçirib. Məlumata görə, A.Usubov qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmək qərarına gəlib. Belə ki, 12 dekabr 2019-cu ildən 14 dekabr 2021-ci ilədək olan dövrdə hər hansı girov predmeti qoyulmadan lombard biletləri rəsmiləşdirib. O, girov müqabilində müştərilərə verilmiş lombard biletləri üzrə əsas borclara görə müştərilər tərəfindən ödənilən aylıq faizlərdən müəyyən məbləğində vəsaiti götürərək sahibkara təhvil verməyib və özgə əmlakını mənimsəyib. Bundan başqa, təqsirləndirilən şəxsin lombardda işlədiyi müddətdə müştərilərə məxsus qızıl-zinət əşyalarını da mənimsədiyi ittiham olunub. Həmin əmlakların mənimsənilməsi nəticəsində lombardın müştəriləri yenidən pul vəsaiti götürmək imkanından məhrum olub və bu hal lombardın fəaliyyətinin dayandırılmasına səbəb olub. İstintaq hesab edib ki, A.Usubov xidməti vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etməklə sahibkarın hüquq və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub. O, zərərçəkmiş şəxsə ümumilikdə 139 281 manat zərər yetirib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Usubova 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, təqsirləndirilən şəxsin Göyçay rayonu, Türkman kəndində yerləşən, dəyəri 43 600 manat olan fərdi yaşayış evinin müsadirə edilərək zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi qərara alınıb. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və əməlinin Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə tövsif olunmasını istəyib. O, həmçinin Göyçay rayonu, Türkman kəndində yerləşən evinin üzərindən həbsin götürülməsini xahiş edib. Şəki Apellyasiya Məhkəməsi apellyasiya şikayətlərini qismən təmin edib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. A.Usubova qarşı CM-in 308.2-ci maddəsi ilə irəli sürülmüş ittiham hökmdən xaric edilib. Bununla əlaqədar həmin maddə üzrə təyin olunmuş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası və cəzaların qismən toplanması ilə bağlı müddəalar da hökmdən çıxarılıb. Nəticədə təqsirləndirilən şəxsin üzərində CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 1 il müddətinə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Apellyasiya instansiyası məhkəməsinin qərarından sonra məhkumun müdafiəçisi, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən kassasiya şikayətləri verilib. 





















