ADA Universitetinin Qazax mərkəzinin baş məsləhətçisi Yeganə Göyüşlü yazır:
23.04.2026-cı il tarixdə Qazaxda Ədəbiyyat Muzeyində Əməkdar İncəsənət Xadimi, sair, Qazaxda yazarların ağsaqqalı, çox hörmətli Barat Vüsalın 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu.
Şairlik bir şəcərəyə bağlıdır, seyidlik kimi.
Bu bağı görmək, duymaq, hiss etmək üçün şairi, yazarı oxumalısan.Əsərlərindəki o dərinliyi, hikməti, deyilən sözün haradan gəldiyini təhmin etməlisən, ya da ki, əmin olmalısan. Burası isə sənin oxucu dünyana aid, sözün hikmətini dərk etmə qabiliyyətinə bağlı olan tərəfdir.
Öz dünyası var Barat müəllimin! Bəzən çılğındır, bəzən duyğusaldır, bəzən çox uzaqlardan gəlir şeirlərinin səsi.Oxuyanda şerin yazıldığı məkanı təhmin edə bilirsən.O qədər doğmadır, təbiidir onun qələmi.
Çox az insanlardan biridir ki, Barat müəllim, bizim onunla hər ayaqüstü söhbətimiz belə hikmətamiz bir kəlamın müzakirəsinə həsr olunur. Sevimli həmsöhbətdir Barat müəllim.
Dünən tədbirdən öncə yenə söhbət edirdik. Barat müəllim: - Şeir o zaman özlüyünü, özəlliyini, gözəlliyini və ilahi gəlişini itirir ki, sən yazdığını oxuyursan, bəzi sözləri dəyişirsən ki, bu kimlərinsə xoşuna gəlməz. Getdi şeir və Sən o sən deyilsən! -dedi.
Barat müəllimi öz sözləri ilə təbrik edirəm:
Həmişə olduğu tək
Sən yeri, göyü saxla.
Ey Yaradan, mənə də
Bir az əl yeri saxla.
Sən sirr içində sirsən
Sən bir içində birsən.
Sən məni çox sevirsən
Açma, bu sirri saxla.
Çox olsa da günahım
Gəl özün ol pənahım.
Öldür məni, Allahım,
Qələmi diri saxla!
75 yaşınız mübarək olsun, əziz Barat müəllim. Ömrünüz uzun, qələminiz diri olsun!