Ərzaq bahalaşacaq
Son günlər bazarlarda və mağazalarda bir sıra ərzaq məhsullarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusilə gündəlik tələbat olan un, yağ, süd məhsulları, tərəvəz və ət məhsullarında bahalaşma alıcıların büdcəsinə ciddi təsir edir. Vətəndaşlar isə qiymət artımından narazılıq edirlər. Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bahalaşma davam edəcək. O bildirib ki, ərzaq qiymətləri ötən il də inflyasiya daxilində ən sürətlə artan sahə idi: “Bu ilin 3 ayın statistikası göstərir ki, ərzaq qiymətləri inflyasiyanın komponentləri arasında ən yüksəksürətli artımdır. Ümumi inflyasiya 5,7 faizdirsə, ərzaq qiymətləri 6,8 faiz artır. Aylıq artımlara baxanda isə tək mart ayında ərzaq qiymətləri indeksi 1 faiz artıb. Bir ay ərzində 1 faizlik qiymət artımı var. İnflyasiya ərzaq qiymətlərini aşağı salmayıb, əksinə artırıb. Xüsusilə də Yaxın Şərqdə baş verən proseslər, həm enerji qiymətlərini, həm daşımaq xərclərini artırıb, həm də ərzaq məhsullarının istehsal xərclərini artırıb. Ona görə də inflyasiyanın aşağı düşəcəyini gözləmirəm, əksinə inflyasiyanın yaxın aylarda bir az daha sürətlənəcəyini gözləyirəm”. 






















