Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların SİYAHISI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Bildirilib ki, həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular müəyyən edilib. Eyni zamanda 23 məktəbdə yararlılıq müddəti bitmiş, beş məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb. Görəsən, məktəb bufetində satılması qadağan edilən məhsullar hansılardır? Mediaxeberleri.Az məktəblərdə qadağan edilən, eləcə də istifadəsinə yol verilməyən qidaların siyahısını təqdim edir. Belə ki, məktəbəqədər təhsil müəssisələrində qalan uşaqların qidalanması zamanı göbələklərin, qaynadılmamış çəllək südünün, çəllək xaması və kəsmiyinin, termiki emal edilməmiş konservləşdirilmiş yaşıl noxudun, qanlı və içalat kolbasalarının, baytar nəzarətindən keçməmiş ət və ət məhsullarının, su quşlarının yumurtası və ətinin, balıqların, ev şəraitində hermetik qablarda konservləşdirilmiş məhsulların, hermetikliyi pozulmuş bombajlı, deformasiya olmuş, paslı və etiketsiz banka konservlərinin, müxtəlif qatışıqlarla və anbar zərərvericiləri ilə çirklənmiş yarmanın, unun və quru meyvələrin, kiflənmə və çürümə əlamətləri olan meyvə və tərəvəzlərin istifadəsi qəti qadağandır. Uşaqların qidalanması zamanı süni mənşəli qida əlavələrindən, ədviyyatlardan, istiotlu xörəklərdən, tərkibində süni mənşəli qida əlavələri olan (sintetik aromatizatorlar, boyalar) məhsullardan, o cümlədən spirtsiz qazlı sulardan, qənnadı məmulatlarından, saqqızlar və çipslərdən, qəlyanaltı konservlərindən, duza qoyulmuş meyvə və tərəvəzlərdən (xiyar, pomidor, gavalı, alma), piylərdən, 72 faizdən az yağlılığı olan kərə yağından, hisə verilmiş məmulatlardan, mayonez, bibər, xardal, qıtıqotu, sirkə, istiotlu souslardan və təbii qəhvədən istifadə edilməsinə yol verilmir. Ümumi təhsil müəssisələrində şagirdlərin qidalanması zamanı aşağıdakı məhsulların istifadə olunması qadağandır: - çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd; - termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama; - təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq; - termiki emala məruz qalmayan yaşıl noxud; - ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından forşmak, üzərinə şirə tökülmüş yeməklər (ət və balıqdan); - termiki emala məruz qalmayan içkilər və morslar, kvas; - göbələklər; - yumurtalı makaronlar, qayğanaq; - kremli pirojnalar və tortlar; - çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər; - xəmiri acılaşdıran naməlum tərkibli tozlar.





















