Ağstafada XIX əsrin yadigarı olan İsrafil ağanın evinin bərpaya ehtiyacı var
Bir vaxtlar Qazax mahalının ən məşhur ağalarından, xeyriyyəçi insanlarından olan İsrafil ağa Kərbalayevin evi Ağstafanın Qıraq Kəsəmən kəndində yerləşir. Kəndin ən hündür yerində tikilən bu evin bərpaya ehtiyacı var. İsrafil ağa Kərbalayevin evi XIX əsrin sonlarında inşa olunub. Ev həmin dövrdə kirəc və əhəng suyunun qarışığı ilə tikilib. Bu, o dövrdə bahalı tikinti üsulu sayılırdı. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib. Binanın qara günləri isə ötən əsrin 60-cı illərində, yaxınlıqda su elektrik stansiyası tikiləcəyi bəhanəsi ilə sakinlərin kənar əraziyə köçürülməsindən sonra başlayıb. Müstəqillik illərində – ötən əsrin 1992-1993-cü illərində binada ilk dəfə restavrasiya işləri aparılıb. “Uşaqlığım bu kənddə keçib. Deyilənlərə görə, evin inşası üçün Tiflisdən xüsusi memar qrupu kəndə dəvət olunub. Qırmızı kərpicdən tikilən ev 3 otaqdan, iki eyvandan ibarət olub. İstəyimiz odur ki, 130-140 yaşı olan bu tarixi abidə bərpa edilsin” – deyə kənd sakini Bəxtiyar Babayev bildirib. İsrafil ağanın evi yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Düzdür, ağanın evinə gələn yolda bəzi təmir işləri görülsə də, tikilidə hər hansı iş aparılmayıb. “Aldığımız məlumata görə, evin bərpası plana salınıb. Böyük səbirsizliklə bu evin bərpa olunmasını gözləyirik. Ev bərpa edilərsə, bu, yerli turizmin inkişafına da təkan verəcək”, – deyə kənd sakini Turan Yaqubəliyev vurğulayıb. Qeyd edək ki, Qaçaq Kərəmlə İsrafil ağa süd qardaşı olublar. Eyni gündə dünyaya gəlsələr də, tale onları qarşı-qarşıya qoysa da, bir-birilərinə heç zaman xəyanət etməyiblər. İsrafil ağanın evinin bərpası ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə göndərdiyimiz sorğuya cavab olaraq bildirilib ki, tikilinin bərpası istiqamətində tədbirlər görüləcək. Bu məqsədlə tarixi tikilinin bərpası investisiya planına salınıb. AZƏRTAC