Bu pensiyaçıların aldığı pensiya geri alına bilər
Pensiya hansı hallarda geri alına bilər? Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı tanınmış hüquqşünas Vüqar Dadaşov Oxu24.com-un suallarını cavablandırıb. -Vüqar müəllim, pensiyanın geri alınması qanunun hansı tələblərinə uyğun həyata keçirilir? -Vətəndaşa ödənilmiş pensiyanın geri alınması Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Daha dəqiq desək, Azərbaycan Respublikasının “Əmək Pensiyaları Haqqında” Qanunun 39-cu maddəsinə əsasən qanunsuz şəkildə təyin edilmiş və ödənilmiş pensiya məbləğinin geri alınması mümkündür və prosedur qaydaları mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. -Onda, mütləq ortada bir neqativ olmalıdır ki, pensiyanın geri alınmasına o neqativ səbəb olsun? -Əlbəttə, pensiyanın geri alınması üçün aşağıda göstərdiyim əsaslar mövcud olmalıdır: – rüşvət yolu ilə pensiya təyin edilməsi, – aldatma və ya hədə-qorxu, – sənədlərin saxtalaşdırılması, – hər hansı qanunsuz inzibati akt. Əgər belə faktların mövcudluğunda pensiya ödənişi davam etdirilibsə, prosesdə belə hallar müəyyən edilibsə, yaxud uyğunsuz təyinatla bağlı ödənilmiş məbləğdə dəyişiklik baş veribsə, pensiya alan şəxsə rəsmi bildiriş verilməli, şəxsin razılıq vermədiyi halda dövlət orqanı məhkəməyə müraciət edərək artıq ödənilmiş məbləğin pensiyadan tutulmasını tələb edə bilər. - Əgər pensiya alanın pensiyası geri alınarsa, bu neçə ili əhatə edir? -Vacib bir məqam da qeyd etmək lazımdır ki, ödənilmiş pensiyanın geri tələb müddəti yalnız son üç il üçün nəzərdə tutulur. Yəni, hal-hazırda qüvvədə olan qanunvericiliyə görə, qanunsuz əsaslarla ödənilmiş pensiyanın geri alınması yalnız son üç il ərzində ödənilmiş məbləği əhatə edə bilər. Həmçinin, qanunun tələblərinə görə 2020-ci ildən əvvəlki dövr üçün artıq ödənilmiş pensiyanın tutulması mümkün deyil.





















