Bakıda işdən çıxarılan icra başçısının səlahiyyətləri ona tapşırıldı
Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub. Mediaxeberleri.Az Teleqraf.az-a istinadən istinadla xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb. Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub. 2013-cü ildə Nəsimi RİH-də humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib. Gülarə Verdiyeva 2010-cu ildə parlament seçkisində deputatlığa namizəd olsa da, qalib gələ bilməmişdi. Onu da əlavə edək ki, hazırda Nəsimi RİH-də rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri Gülarə Verdiyevadır, digəri isə müavin Zahid Xəlilov. Hazırda icra başçısı da daxil olmaqla, daha bir müavin postu, sektor müdiri - baş mühasib və başçısının köməkçisi vəzifələri vakantdır. İcranın digər müavini Ramiz Quliyevi isə Elxan İbrahimov vəzifəyə gələr-gəlməz işdən çıxarmışdı. Xatırladaq ki, Elxan İbrahimov noyabrın 12-də Nəsiminin icra başçısı təyin edilsə də, işində yol verdiyi nöqsanlara görə növbəti ay vəzifəsindən azad olunmuşdu.





















