Kamal Abdullanın kitabı məşhur nəşriyyatda çap olundu
Azərbaycan Dillər Universitetin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı məşhur “Springer” nəşriyyatında çap olunub. Mediaxeberleri.Az xəbər verir ki, ingilis dilində oxuculara təqdim olunan kitab Dədə Qorqud və qeyri-səlis məntiq sahəsində aparılan ilk tədqiqat əsəri kimi böyük maraqla qarşılanıb. Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb. K.Abdulla və R.Əliyevin kitabı qeyri-səlis məntiqin ictimai elmlərə ilk tətbiqidir. Beləliklə, Lütfü Zadənin arzusu yerinə yetmiş, əsər həm də onun əziz xatirəsinə həsr edilmişdir. Qeyd edək ki, “Springer” dünyanın ən böyük elmi nəşriyyatlarından biridir.





















