Maaşdan gəlir vergisi tutulduqdan sonra qiymətlər artacaq? - AÇIQLAMA
“Güzəşti tətbiq etmişdilər ki, məşğulluğa müsbət təsir etsin. Əmək müqavilələrinin sayı çoxalsın, müqavilədəki maaşlar reallığı əks etdirsin. Bir az stimul yaratmışdılar, güzəşt vermişdilər. Bu güzəşt nəticəsində işçinin maaşından tutulma 7%, işəgötürənin işçiyə görə ödədiyi xərc əlavə 7% azalırdı. Ümumilikdə, ikisi bir yerdə 14% azalmış olurdu. 14%-i iki yerə bölmüşdülər. İşçinin maaşından gəlir vergisi tutulandan sonra maaş 7% azalacaq. İşəgötürən də işçiyə görə əlavə 7% ödəniş verəcək. Bu, marağı artıracaq ki, gizlətsinlər, əməkhaqqı artanda göstərməsinlər”. Bu sözləri iqtisadçı Xalid Kərimli maaşdan gəlir vergisinin tutulması barədə qərarı şərh edərkən deyib. “Təbii ki, vergi xərci artanda şirkətin xərci artır. Belə halda şirkət çalışır ki, qiyməti artırıb, bunu kompensasiya etsin. Hər sektorda, hər sahədə fərqli olacaq. Onsuz da dövlət və neft sektoruna bu qərarın təsiri yoxdur, özəl sektora təsiri var. Xərcin artması qiyməti artıran amildir. Lakin qiymətlərin artıb, artmayacağı bazarın rəqabət strukturundan, şirkətin marjasından asılı olacaq”, - o bildirib.