Avropa çempionu olan güləşçi: "Azərbaycanın bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm"
"Azərbaycanın bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm". Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili deyib. 125 kq çəki dərəcəsində uğura imza atan təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün xoşbəxt olduğunu söyləyib: "Final görüşüm həqiqətən çətin keçdi. Lakin sonda qalib olduğum üçün sevincliyəm. Mənə dəstək olan hər kəsə, o cümlədən Azərbaycan Güləş Federasiyasına öz minnətdarlığımı bildirirəm. Çalışdım ki, verilən tapşırıqların öhdəsindən layiqincə gəlim. Azərbaycanın bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm". Qeyd edək ki, Giorgi Meşvildişvili finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edərək qızıl medala sahib çıxıb. Ümumilikdə yarışı 1 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vuran yığma 119 xalla komanda hesabında birinci yeri tutub.