Məşhur aktyor azadlığa buraxılacaq
2020-ci ildə ölümlə nəticələnən avtomobil qəzası törətməkdə ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı məşhur aktyor Mixail Yefremov vaxtından əvvəl azadlığa buraxılacaq. Bu gün Belqorod məhkəməsi aktyorun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətinə baxıb. Yefremovun müraciəti təmin olunub. Qeyd edək ki, 2020-ci ilin iyun ayında M. Yefremov Moskvanın “Sadovoe koltso” ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunub. İttihama görə, aktyorun idarə etdiyi "Jeep Grand Cherokee” markalı avtomobil qarşı zolağa çıxaraq “Lada” markalı avtomobillə toqquşub. Nəticədə “Lada”nın sürücüsü kəllə-beyin travması alaraq ölüb. Ekspertiza aktyorun sərxoş olduğunu müəyyənləşdirib. Moskvanın Presnenskiy Rayon Məhkəməsi içkili vəziyyətdə insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən məşhur aktyor barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. M. Yefermovun vəkili azərbaycanlı Elman Paşayev olub. E.Paşayev məhkəmədə aktyorun sükan arxasında olmaması barədə dəfələrlə vəsatət qaldırsa, şahidin olduğunu bildirsə də, məhkəmə vəsatəti təmin etməyib.