Gənc oğlan sevgilisinin düşdüyü taksinin sürücüsünü bıçaqladı - QƏRAR
Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən K.Abdullayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 22 iyun 2023-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü K.Abdullayev qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı sevgilisi M.M.-ni (şərti) onun əyləşdiyi taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmiş S.Sərdərlinin idarə etdiyi “Khazar LX” markalı avtomobilin salonundan düşməsini görüb. O, sevgilisinin taksi sürücüsü ilə yaxın münasibətdə olmasını düşünüb. Sonra təqsirləndirilən şəxs bu münasibətin olub-olmamasını dəqiqləşdirmədən mətbəx bıçağı ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə qəsdən 3 zərbə endirərək ona xəsarət yetirib.
Hadisədən sonra K.Abdullayev saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 3 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, məhkum Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum olunduğu əməl həmin Məcəllənin 126.1-ci maddəsi ilə tövsif olunub və K.Abdullayevin cəzası 3 il 9 ay 19 günə endirilib.