Dörd ildən sonra eyni ünvanda oxşar cinayət törədən şəxsə AĞIR CƏZA
Şəki Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Tural Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 27 aprel 2024-cü il tarixdə Zaqatala rayonunun Qandax kəndində yerləşən “Master” kafedə qeydə alınıb.
Belə ki, Tural Bayramov sərxoş vəziyyətdə olarkən həmkəndlisi, zərərçəkmiş Nurlan Muradova məxsus sözügedən kafedə səs-küy salıb, ünvansız söyüşlər işlədib. Zərərçəkmiş də onun bu hərəkətlərini irad tutaraq kafedən qovmağa çalışıb. Bu zaman Tural mətbəx bıçağı ilə Nurlana 12 zərbə endirərək ona ağrı bədən xəsarətləri yetirib.
Hadisədən sonra Nurlan xəstəxanaya çatdırılıb, Tural Bayramov isə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, hadisəni törətməkdə təqsirli bilinən Tural Bayramov 2020-ci il fevralın 20-də də eyni əmələ görə - həmkəndlisini mübahisə zəminində bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb. O, bir müddət əvvəl azadlığa çıxıb. Bu dəfə isə o, kafenin sahibinə xəsarət yetirib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.