Kolleclərdə müəllimlik ixtisasının ləğvi... - Nazir aydınlıq gətirdi
Elm və təhsil naziri Emin Əmrullayev kolleclərdə bəzi müəllimlik ixtisasının zamanla ləğvi məsələsinə aydınlıq gətirib. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, nazir bu gün keçirdiyi brifinqdə çıxışı zamanı bildirib ki, həm kollec, həm bakalavr, həm də magistr səviyyəsində müəllim hazırlığı var. Onun sözlərinə görə, misal olaraq, tar çalan biri musiqi məktəbində təhsil alır, ardınca kollec, ali təhsil və magistr oxuyur, amma nəzərə alaq ki, sonda onsuz da tar çalır. "Vaxtı ilə savadsızlıq baxımından iki illik müəllim hazırlığına ehtiyac olub və kollec təhsili ilə kifayətləniblər. Amma bu gün bizim başqa müəllimə ehtiyacımız var. Bu, mütləq dəyişməlidir. Uzun müddətdir, təhsil sahəsində dəyişiklik edilmir. Nəzərə almaq lazımdır ki, bir çox peşə və ixtisaslar sıradan çıxır", - nazir əlavə edib. Nazir bildirib ki, kolleclərdə təhsil almaq universitetlərin sayının az olduğu dönəmlər üçün daha aktual idi, hazırda bəzi ixtisasların kolleclərdə olması vacib deyil: "Artıq kolleclərdə ibtidai sinif üzrə müəllim hazırlığı məhdudlaşdırılıb. Gələcək dönəm üçün məktəbəqədər təhsil üzrə də müəllim hazırlığı məhdudlaşdırılacaq. Amma həmin kolleclər boş qalmayacaq. Ola bilsin, gələcəkdə bu sahədə yeni ixtisaslar yaradılsın. Məsələn, müəllim köməkçisi kimi ixtisaslar həmin kolleclərdə tədris oluna bilər".