Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb - FOTO
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Qazax rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Cəlal Əzizov Qazax rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni nağd pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki qara rəngli çantadan 1 kq 11 qram heroin, 855 qram qurudulmuş marixuana, 15 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.