Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı
Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov məlumat yayıb. O bildirib ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər qəsəbəsi ərazisindən keçən hissəsində 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb: "Magistral yolda VAZ-21021 və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Başvermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir". Xatırladaq ki, qəza nəticəsində, 26 yaşlı Xətai Əliyev, 41 yaşlı Zaur Cabbarov, 28 yaşlı Röyal Allahverdiyev, 53 yaşlı Elşən Xudaverdiyev və daha 1 nəfər ölüb. Sərnişinlərdən biri, 29 yaşlı Elçin Orucov isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.