Şəmkirdə şikayətlərə səbəb olan yol əsaslı təmir edilib
Şəmkir rayonunun Çinarlı qəsəbəsində yerləşən, həmçinin Aşağı Seyfəli və Yuxarı Seyfəli kəndlərinin rayon mərkəzi ilə əlaqəsini təmin edən Nizami Gəncəvi küçəsində avtomobil yolunun əsaslı təmiri işləri aparılıb. Mediaxeberleri.Az-ın Qərb bürosunun məlumatına görə, görülən işlər zamanı yararsız yol örtüyü qazılaraq çıxarılıb, qum-çınqıl qatışığından və qırmadaşdan əsaslar hazırlanıb, standartlara uyğun olaraq iri və xırda dənəvərli asfalt örtüyü çəkilib. Eyni zamanda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə asfalt örtüyü üzərində müvafiq xətlənmə işləri aparılıb. Qeyd edək ki, qəsəbənin yolları uzun illər bərbad vəziyyətdə olub və sakinlərin haqlı narazılığına səbəb olub. Ərazidə yerləşən yolların təmir olunması sakinlər tərəfindən məmnunluqla qarşılanıb.