Paşinyan Rusiya silahlarından imtina etdi
Ermənistan Rusiya ilə müdafiə müqavilələrindən imtina edib, Hindistandakı özəl təşkilatlarla müqavilələr imzalayıb, 500 milyon dollar köçürüb, lakin müqavilədə nəzərdə tutulan silahların 5%-ni belə almayıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb. Nəşrin İrəvan və Moskvadakı mənbələrinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın SMERÇ tipli raketlər istehsal edən zavodu “NPO Splav” arasında müqavilə imzalanıb: “Ona əsasən Rusiya zavodu Ermənistan üçün lazım olan raketləri istehsal etməli idi. Zavod Ermənistan Müdafiə Nazirliyinə bildirib ki, mallar çatdırılmağa hazırdır və onlar hərbi yükü qəbul etmək üçün mütəxəssislər göndərə bilərlər. Bundan 1 il 3 ay keçsə də, Ermənistan Müdafiə Nazirliyi yükü hələ də gətirməyib. Malları götürmək üçün “NPO Splav” zavodu Ermənistanla 3 dəfə əlaqə saxlayıb, məhsullarını qısa müddətdə almaq xahişi ilə müraciət edib, çünki bu ölçüdə olan məhsulları anbarda uzun müddət saxlamaq mümkün deyil. Bu qədər müraciətdən sonra belə İrəvan hərbi yüklərin daşınmasını təşkil etməyib. Bundan əlavə, 2020-ci il müharibəsindən sonra Rusiya Ermənistana 20 illik kredit müddəti ilə 1 milyard 400 milyon dollar dəyərində silah və sursat təklif edib və verməyə hazırdır. 400 milyon dollar məbləğində müqavilə artıq təsdiqlənib, müqavilələr imzalanmağa hazır idi. 1 milyard dollarlıq müqavilənin isə iki ölkənin hökumətləri və maliyyə nazirlikləri tərəfindən təsdiqlənməsinə sayılı günlər qalıb. Lakin İrəvan birdən-birə bu müqavilələrdən imtina edərək, əvəzində Hindistandakı özəl təşkilatlarla müqavilələr bağlayaraq, 500 milyon dollar köçürüb. Lakin ödədiyi bu məbləğin qarşılığında silahların 5%-ni belə almayıb”.