"Mançester Siti"nin sabiq futbolçusu Gürcüstanın prezidenti ola bilər
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası deputat və keçmiş futbolçu Mixail Kavelaşvilinin ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. Mediaxeberleri.Az bu barədə TASS-a istinadən xəbər verir. "Partiyanın siyasi şurasının qərarına uyğun olaraq, Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini təqdim etdiyimi məmnuniyyətlə bildirirəm", - deyə "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvili partiyanın mərkəzi ofisində keçirilən brifinqdə bildirib. Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Tbilisidə doğulub. Kavelaşvili futbolçu karyerasına Tbilisinin "Lokomotiv" klubunda başlayıb, sonra "Dinamo"ya keçib və onunla altıqat Gürcüstan çempionu olub (1990-1995). Daha sonra 1995-ci ildə Vladiqafqazın "Spartak Alaniya" klubuna keçib və onunla birlikdə Rusiya çempionluğunu da qazanıb. Mixail Kavelaşvili 1996-cı ildə İngiltərənin "Mançester Siti" klubuna keçib. Sonra onu İsveçrə "Grasshopper"inə icarəyə veriblər. Kavelaşvili sonrakı 10 il ərzində İsveçrənin müxtəlif klublarında çıxış edib. 2004-cü ilin ikinci yarısında altı ay müddətinə "Alaniya"ya icarəyə verilib. Bir neçə ildən sonra karyerasına son qoyub. O, 1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində 46 oyun keçirib və bu oyunlarda 9 qol vurub.