Dünya liderləri Bakıda sammitə toplaşırlar
Dünya liderləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Bakı Stadionuna gəlirlər. Mediaxeberleri.Az bildirir ki, artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT Baş katibi Antonio Quterreş tədbirin keçiriləcəyi məkandadırlar. Canlı yayımı təqdim edirik: Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti baş tutacaq. Mediaxeberleri.Az xəbər verir ki, iki gün davam edəcək sammitdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı iştirak edəcək. Onlar Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksəksəviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək. Sammitin açılış mərasimi canlı yayımlanacaq. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəfləri Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.