Səyyar “Sağlam Həyat” günləri layihəsinin növbəti ünvanı Ağstafa rayonu olub
Fiziki aktiv sağlam həyat tərzini təbliğ edən idman tədbiri Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkının ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin baş məsləhətçisi Əliniyaz Mirzəyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, məsul şəxslər, ictimaiyyət nümayəndələri və ümumilikdə iki yüz nəfərədək yeniyetmə və gənc iştirak edib. Səyyar idman avtomobilində gətirilən müxtəlif idman növlərinə aid avadanlıqlar və vasitələr parkın ərazisində quraşdırılıb, gənclər müxtəlif idman növlərində - qaçış, voleybol, basketbol, dama, boks və digər yarışlarda öz qüvvələrini sınayıblar. Layihə çərçivəsində öz yaş qrupları üzrə müxtəlif idman normativlərinin öhdəsindən layiqincə gələn idman həvəskarları müvafiq sertifikatlarla təltif olunublar.