"Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır" - Hikmət Hacıyev
Ermənistan bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb. “Erməni işğalından azad edilən Azərbaycanın Sırxavənd kəndində yeni kütləvi məzarlıqlar aşkar edilib. Ermənistanın Azərbaycana qarşı 30 ildir davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir. 4 000-dən çox azərbaycanlı Ermənistan tərəfindən konsentrasiya düşərgələrində işgəncələrə məruz qalaraq öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan bu günədək bu cinayətlərə görə məsuliyyət daşıyan bir nəfəri də cəzalandırmayıb. Əksinə, onlar tərənnüm edilib və mükafatlandırılıb. Ermənistan kütləvi məzarlıqların yeri ilə bağlı bütün tarix və məlumatları gizlədir. Ermənistan bütün bu cinayətlərə görə dövlətin məsuliyyətini etiraf edərək keçid ədalətinə və münaqişədən sonrakı barışığa həqiqi sadiqliyini nümayiş etdirməli və bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır”, – o qeyd edib.