Direktor tövlədə tədris qərarı verdi, töhmət aldı - VİDEO
Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbin ərazisi baxımsız vəziyyətdədir. Mediaxeberleri.Az Axar.az -a istinadən xəbər verir ki, məktəbin ərazisində mal tövləsi yerləşir. Bu hal isə valideynlərin narahatlığına səbəb olub. Məsələ ilə bağlı saytımıza açıqlama verən Abşeron-Xızı Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səbinə Məmmədova bildirdi ki, Abşeron rayonu Qobu qəsəbəsindəki 3 nömrəli tam orta məktəbin mövcud binasının əsaslı təmiri və əlavə korpusun tikintisi nəzərdə tutulub: “Layihələndirmə işləri artıq başa çatıb. Hazırda elan edilmiş tenderin nəticəsinə əsasən noyabrın əvvəlində ilkin olaraq 528 şagird yerlik yeni binanın tikintisi həyata keçiriləcək. Daha sonra mövcud bina əsaslı təmir olunacaq. Əlavə olaraq bildiririk ki, məktəb direktoru sinif komplektinin çox olmasını əsas gətirərək regional təhsil idarəsi ilə razılaşdırmadan bir neçə sinfin məktəbə yaxın binaya yerləşdirilməsi barədə qərar verib və bu da valideynlərin narazılığına səbəb olub. Bununla bağlı məktəb direktoruna intizam tənbeh tədbiri tətbiq edilib. Hazırda uşaqlar məktəbə qaytarılıb və birinci gündən orada tədrisə davam edəcəklər”.