Böhran minlərlə insanı küçələrə çıxardı: Hakimiyyət çözüm tapa bilmir
Avropa İttifaqının paytaxtında iğtişaşlar baş verib - beş mindən çox insan bağlanmaq üzrə olan Audi zavodunun işçiləri ilə həmrəylik əlaməti olaraq Brüssel küçələrinə çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Qəzəbli etirazçılar Avropa Parlamentinin binasına doğru yürüş etmək qərarına gəliblər. Onlar Çinin sənaye mallarının “dempinqinə” son qoyulmasını tələb ediblər. Həmkarlar ittifaqları ümummilli tətilə çağırıb. Agentlik qeyd edib ki, insident Avropanın əsas sənaye sahələrinin itirilməsi ilə bağlı artan qorxuların daha bir əlamətidir. Bunun səbəblərindən biri ucuz məhsullar təqdim edən xarici istehsalçıların güclü rəqabətidir. Etirazçılar hökuməti “oyanmağa və nəsə etməyə” çağırıb. Onların fikrincə, Avropa İttifaqının hakimiyyət orqanları hələ də sənaye böhranının öhdəsindən gələ bilməyib. Xatırladaq ki, Avropa avtomobil sənayesinin davamlı bərpa trayektoriyasına çata bilmədiyi əvvəlcədən bildirilmişdi. İnvestorlar bunun üçün qaranlıq bir gələcək proqnozlaşdırırlar. Bu sənaye seqmenti indiyədək, xüsusən də əsas Çin bazarında ləng tələbatın öhdəsindən gəlmək üçün mübarizə aparıb. Qeyd edək ki, Avropanın bir sıra avtomobil zavodlarının bağlanması təhlükəsi artır. Avropanın beş ən böyük avtomobil istehsalçısının - BMW, Mercedes-Benz, Stellantis, Renault və VW-nin əsas minik avtomobilləri istehsal edən zavodlarının demək olar ki, üçdə biri 2023-cü ildə kifayət qədər istifadə edilməməsi ilə üzləşib.