"Keyfiyyət parametrləri normativlərə uyğun gəlməyən saxta preparatlar aşkarlanıb" - AQTA sədri
"Yoxlama-nəzarət tədbirləri çərçivəsində pestisidlərin saxlanıldığı anbarlarda, satış obyektlərində, o cümlədən onların tətbiq olunduğu bitkiçilik təsərrüfatlarında kifayət qədər dövlət qeydiyyatına alınmamış, yararlılıq müddəti bitmiş, həmçinin aparılmış laborator sınaqlar nəticəsində keyfiyyət parametrləri normativ göstəricilərinə uyğun gəlməyən saxta preparatlar aşkarlanıb". "Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli pestisidlərin həyat dövriyyəsinin idarə edilməsinə həsr olunan regional seminarda çıxışı zamanı deyib. Sədr bildirib ki, il ərzində tonlarla yararlılıq müddəti bitmiş və istifadəyə yararsız hesab olunan pestisidlər Agentliyin İnventarlaşdırma komissiyasının müvafiq rəyi ilə dövriyyədən çıxarılıb və təhlükəsizliyinin təmin olunması məqsədilə Cəngi pestisid poliqonuna daşınıb. Onun sözlərinə görə, sahibkarlıq subyektləri müvafiq qanunvericiliyə əsasən, istehsal və idxal etdikləri pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə zəmanət verməli və məsuliyyət daşımalıdırlar. Q.Təhməzli əlavə edib ki, hazırda ölkədə inteqrir bitki mübarizə üsullarının tətbiqinin genişləndirilməsi, bioloji mübarizənin təşviqi hesabına zəhərli kimyəvi vasitələrdən istifadənin minimuma endirilməsi prioritet istiqamətlərdəndir.