Войти

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

Ölkə

İyunun 6-da Azərbaycanda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Mediaxeberleri.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, bəzi yerlərdə 38° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-38° isti, bəzi yerlərdə 40° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.

Qadın idmançı 32 yaşında öldü: Bu xəstəliyin qurbanı oldu

İdman

Amerikalı voleybolçu Canisa Conson 32 yaşında vəfat edib.

Mediaxeberleri.Az xəbər verir ki, 2021-ci ildən səhhətində problemlər yaşayan xanım idmançı kolon xərçənginin qurbanı olub.

O, iki il müalicə aldıqdan sonra səhhətində irəliləyişə nail olub. Bir neçə aylıq müalicədən sonra məlum olub ki, Kanisa xərçəngə qalib gəlib. Ona meydanlara qayıtmağa belə icazə verilib.

2023-cü ilin əvvəlində sağlamlığındakı problemlər yenidən baş qaldırıb. Mütəxəssislər ona eyni diaqnozu qoyublar. Lakin bu dəfə Consonun vəziyyəti ağır olub. Bir müddət davam edən həyat mübarizəsindən sonra onu xilas etmək mümkün olmayıb.

Xərçəng xəstələrinə şad xəbər: Yeni qan testi müalicəni asanlaşdıracaq

Dünya

"Ultra həssas" test, müalicəsi daha çətin olan bir şişin DNT-sinin izlərini residivdən əvvəl aşkar edə bilər. Bu metod xəstələrə xərçəngin sağalmaz hala gəlməzdən əvvəl 100% dəqiqliklə müalicəsinə başlamağa kömək edir.

Mediaxeberleri.Az xəbər verir ki, maye biopsiya adlanan test xəstənin DNT-sində xərçəng əlaməti ola biləcək genetik qüsurları axtarmaq üçün bütün genom ardıcıllığından istifadə edir.

Londondakı Xərçəng Araşdırmaları İnstitutundan bir qrup tədqiqatçı müxtəlif növ erkən döş xərçəngi olan 78 xəstə üzərində araşdırma aparıb.

Test qanda xərçəng hüceyrələri tərəfindən ifraz olunan və dövran edən şiş DNT (ctDNA) kimi tanınan 1800 mutasiyanı üzə çıxarıb. Bu ctDNA xərçəngi geri qayıdan 11 qadında uğurla aşkar edilib. Digər qadınların heç birində residiv qeydə alınmayıb. Diaqnoz qoyulan zaman, əməliyyat və kemoterapiyadan sonra qan testləri götürülüb. Sonra bu testlər növbəti ildə üç aydan bir və növbəti beş il üçün hər altı ayda bir təkrarlanıb. Orta hesabla, qan testləri simptomlar və ya taramalar görünməzdən 15 ay əvvəl xərçəngi aşkar edib.

Çikaqoda Amerika Klinik Onkologiya Cəmiyyətinin konfransında təqdim edilən nəticələrə görə, ən erkən dövr diaqnozun skanerlə təsdiqlənməsindən 41 ay əvvəl olub.

Baqrat elan etdi: Nikolu devirmək üçün 100 min...

Dünya

“Vətən naminə Tavuş” revanşist hərəkatının lideri Baqrat Qalstanyan iyunun 9-da İrəvanda yeni mitiq keçirmək üçün ermənilərə çağırış edib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Həmin gün meydanda minimum 100 min insana ehtiyacımız var. Bu, qələbəmiz üçün son dərəcə vacibdir. Beləliklə, işə başlayırıq”, - Qalstyan bildirib.

Qeyd edək ki, keşiş Baqrat Qalstyanın növbəti mitinqi 9 iyun saat 18:00-a planlaşdırılıb.

Azərbaycanlı iş adamının oğlu vəzifəli şəxsi döydü

Hadisə

Azərbaycanlı iş adamı Faiq Quliyevin oğlu Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Megion şəhərinin məhkəməsində bələdiyyə nəzarəti şöbəsinin müdiri Semyon Qoliki döyüb.

Mediaxeberleri.Az Oxu.az-a istinadla xəbər verir ki, 2023-cü ilin fevralında Qoliklə sahibkar Quliyevin övladları arasında baş verən insidentin araşdırıldığı məhkəmə prosesinin keçirildiyi zalı tərk etdikdən sonra proses tərəfləri söhbəti davam etdiriblər. Lakin onlar arasında qarşılıqlı anlaşmaya nail olmaq mümkün olmayıb və Quliyevin kiçik oğlu güc göstərmək qərarına gəlib. O, Qolikə güclü zərbə endirir.

Bu hadisədən sonra mülki iş cinayət işinə çevrilib. Məlumatı Qolik özü də təsdiqləyib və döyülmə anını lentə alaraq, hüquq-mühafizə orqanlarına məlumat verib.

Ağ Ev Kiyevə yeni hərbi yardım elan etdi

Dünya

"Önümüzdəki həftələrdə ABŞ Ukraynaya böyük yeni silah tədarüklərini elan edəcək".

Mediaxeberleri.Az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ Evin "YouTube" kanalında yayımlanan brifinq zamanı Kiyevə növbəti hərbi yardımı açıqlayıb.

“Düşünürəm ki, yaxın həftələrdə Ukraynaya mühüm imkanların gələcək tədarükləri ilə bağlı elanlar gözləyə bilərsiniz”, - o deyib.

İyunun 3-də bildirilib ki, İsveçrə parlamentinin yuxarı palatası Ukraynaya beş milyard İsveçrə frankı (təxminən 6 milyard dollar) dəyərində yeni yardım paketini rədd edib.

İstidən necə qoruna bilərik?

Karusel

İsti havalarda açıq günəşdə uzun müddət qalmaq tövsiyə edilmir.

Bu barədə Rusiyanın Vinoqradov adına Klinik Xəstəxananın baş həkimi, professor Olqa Şarapova xəbərdarlıq edib.

Onun sözlərinə görə, baş geyimi haqqında unutmamaq vacibdir, çünki birbaşa günəş şüaları və yüksək temperaturun təsiri altında bir saat yarımdan üç saata qədər başı isti vura bilər. Kepka, beysbol papağı, şlyapa və ya yaylıqlar günvurmasından qorunmağa kömək edəcək.

Həkim istivurmanın ilk əlamətlərinin baş ağrısı və başgicəllənmə olduğunu xatırladıb. Qan damarlarının genişlənməsi ilə əlaqədar olaraq, qan bədəndə durğunlaşmağa başlayır, bunun nəticəsində insanın ürəyi bulana bilər. Günvurmanın daha ciddi əlamətləri təngnəfəslik, gözlərdə qaralma, hallüsinasiyalar və huşun itirilməsidir. Ən ağır hallarda, istivurma ürəyin dayanması ilə nəticələnə bilər.

"İstidən qorunmaq üçün pambıq və ya kətan parçalardan açıq rəngli paltar geyinmək vacibdir. Ən azı iki litr qazsız su içmək, yağlı yeməklər yeməmək və idmanla məşğul olmamaq məsləhətdir. İdeal olaraq, heç olmasa günorta vaxtı evdən çıxmamaq məsləhətdir", - deyə həkim yekunlaşdırıb.

Mənbə: lenta.ru

Beyninizin gec qocalmasını istəyirsinizsə...

Karusel

Nebraska-Lincoln və İllinoys Universitetinin alimlərinin apardıqlarlı araşdırma nəticəsində məlum olub ki, bir neçə qida beynin qocalmasının qarşısını almaqda effektlidir. Hazırkı araşdırma, sağlam beyin yaşlanmasını təşviq edə biləcək qida maddələrinin xüsusi profilini müəyyən edib. Bu, gələcək tədqiqatlar üçün də əlverşli nəticədir.

Mediaxeberleri.Az Publika.az-a istinadən xəbər verir ki, beynin qocalmasının qarşısını alan məhsullar sırasına balıq, kətan toxumu, çia toxumu, balqabaq və günəbaxan tumu, qozda rast gəlinən eikosapentaenoik turşusu və lipoik turşusu daxildir.

“Üç fərqli karotenoid, bir çox meyvə və tərəvəzə xarakterik rəng verən fitopiqmentlər, gecikmiş beyin yaşlanmasının qidalanma profilində əsas rol oynayır. Karotenoidlərlə zəngin qidalara ispanaq, kələm, qarğıdalı, bolqar bibəri (qırmızı, yaşıl və ya sarı), pomidor, qarpız, qreypfrut, qovun, brokoli və yerkökü daxildir”, - deyə alimlər vurğulayıb.

Bundan əlavə, E vitamini ilə zəngin qidaların qəbulu da məsləhət görülüb.

Ermənistan Rusiyaya belə XƏYANƏT EDİR: Moskva detalları açıqladı

Dünya

"Qərbin təzyiqləri nəticəsində Ermənistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vasitəsilə Rusiya ilə əlaqələri xeyli azaldıb".

Mediaxeberleri.Az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.

Qaluzin qeyd edib ki, ötən ilin noyabrından iki ölkənin xarici əlaqələr idarələrinin rəhbərləri arasında heç bir görüş olmayıb:

"İrəvan Moskvanın Xarici İşlər Nazirlikləri arasında növbəti məsləhətləşmələr planının hazırlanması və yekunlaşdırılması təklifində maraqlı deyildi.

Bundan əlavə, müdafiə sektorunda, o cümlədən hərbi-texniki əməkdaşlıqda təmasların intensivliyi nəzərəçarpacaq dərəcədə azalıb".

Xarici işlər nazirinin müavini vurğulayıb ki, Rusiya ikitərəfli münasibətlərdəki problem və çətinliklərin aradan qaldırılması üçün Ermənistanla birgə işləməyə hazırdır. O xatırladıb ki, Moskva ilə İrəvan arasında təmaslar kəsilmir. Onlar ticarət-iqtisadi sahədə ən yaxın və ən məhsuldardırlar. Ölkələr arasında mədəni və humanitar sahədə də qarşılıqlı əlaqələr mövcuddur.

Bundan əvvəl Rusiyanın Baş naziri Mixail Mişustinin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, onlar iki ölkə arasında cari qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

BİR ŞƏHƏRİN QİYMƏTİNƏ İNZİBATİ BİNA!... – Mərkəzi Bank yeni ofisinin smeta dəyərini 320 milyon manat artırıb

İqtisadi xəbərlər və təhlil

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 770 milyon manata çatıb. APA xəbər verib ki, binanın inşası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb.

Müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 769,9 milyon manat təşkil edir.

AMB-nin binasını Bakıda "SOCAR Tower", Dövlət Vergi Xidmətinə, Bakı Olimpiya Stadionu və çoxlu sayda dəbdəbəli inzibati binalar inşa etmiş Türkiyənin “Tekfen İnşaat” şirkəti tikir.

Xatırladaq ki, 2020-ci ilin fevral ayında AMB yeni inzibati binasının detallı layihələndirilməsi və tikintisi üçün tender elan edib. 2021-ci il yanvarın 13-də Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro (450 milyon manat) dəyərində müqavilə imzalanıb. AMB-nin yaydığı məlumata görə, müqaviləni Bankın İdarə Heyəti sədrinin keçmiş birinci müavini Alim Quliyev və Türkiyənin “Tekfen İnşaat” şirkətinin təmsilçiləri Levent Qafqaz və Mustafa Kopuz imzalayıb.

Bakıda Heydər Əliyev prospekti 109 ünvanında tikiləcək 32 mərtəbəli bina ilə bağlı 3 il əvvəlki razılaşmada tikintinin ümumi dəyərinin 450 milyon manat olacağı qeyd olunub. Tender tələbinə görə, binanın hündürlüyü 160 metr, ümumi sahəsi 67,926 kvadrat metr olacaq. Binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi mərtəbələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaft ilə birlikdə ofis sahələri olacaq. Tikinti müddəti 36 aydır.

Hazırda layihədə qeyd olunan 36 ay geridə qalıb, bu müddətdə binanın layihə dəyəri 450 milyon manatdan 770 milyon manata qədər artıb. Amma bununla bağlı bankın hər hansı izahatı yoxdur. Söhbət 320 milyon manatdan, smeta dəyərinin iki dəfəyə yaxın artmasından gedir.

Hələ 2021-ci ildə müstəqil ekspertlər binanın hər mərtəbəsinin inşasına 14 milyon 62 min manat xərclənəcəyini açıqlamışdlar. Layihəyə qoyulan vəsaitin kəskin artması ilə bu məbləğ 20 milyon manatdan çox pul deməkdir. Binanın sahəsinin 67.926 kvadratmetr olacağını nəzərər alsaq, belə məlum olur ki, hər 1 kvadrat metrin tikintisinə təxminən 12 min manatdan çox vəsait sərf olunacaq ki, bu da tikinti normaları üçün qeyri-adi səslənir.

AMB-nin hazırda dövlətə 50 milyon dollara başa gəlmiş, kifayət qədər yaraşıqlı və rahat binasından niyə imtina etməsinin səbəbi məlum deyil. Halbuki, Qarabağda dövlətin apardığı geniş tikinti-bərpa işlərində 770 milyon manata çox böyük ehtiyac var. Bu qədər vəsaiti işğaldan azad edilmiş bir rayonu bütövlükdə tikib sakinlərə təhvil vermək olar.

Qeyd edək ki, Mərkəzi Bank yetkililəri ictimai tənqidlərə cavab verərəkən, xərclənən vəsaitin dövlət büdcəsinə deyil, banka aid olduğunu bəyan edirlər. Amma bu “arqument” tənqidə dözmür. Həmin pul da Azərbaycan Respublikasına məxsusdur, bank rəhbərlərinin şəxsi vəsaiti deyil.

İkincisi, AMB rəhbərliyi belə açıqlamalarla “hökumət niyə bu qədər israfçılığa göz yumur” sualını gündəmə gətirməklə onu zərbə altında qoyur.

Diqqətçəkən rəqəmlərdən biri də budur ki, binanın Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Bu qədər vəsaiti mebel və avadanlığa sərf etmək heyrətamizdir. Yəqin ki, Azərbaycanda məmur ənənəsinə uyğun olaraq mebellər azı 3 ildən bir təzələnəcək və bankın on milyonları hər dəfə ona yönəldiləcək.

Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, 45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli, 9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli, məmurların Azərbaycandan oğurladığı kapitalı depozitə qoyduğu İsveçrə Mərkəzi Bankının binası 4 mərtəbəli, 1 trilyon aktivləri olan Norveç Mərkəzi Bankı 3 mərtəbəlidir...

Rasim Əliyev

“AzPolitika.info”

В будущее В прошлое

Навигация