Prezidentliyə yeni namizəd: Kamala Harris kimdir?
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkisindən çəkildiyini və vitse-prezident Kamala Harrisin namizədliyini müdafiə etdiyini bildirib. Mediaxeberleri.Az xəbər verir ki, Kamala Devi Harris 20 oktyabr 1964-cü ildə Kaliforniyanın Oklənd şəhərində anadan olub. Atası Stanford Universitetinin iqtisadçı professoru Donald J.Harris, anası xərçəng araşdırmaları mütəxəssisi Şyamala Gopalandır. Harrisin beş yaşı olanda valideynləri boşanıblar. Atası Yamayka, anası Hindistan əsillidir. ABŞ vitse-prezidenti olmuş ilk afroamerikalı qadındır. Harris 1989-cu ildə Kaliforniya Universitetinin Hüquq fakültəsindən məzun olandan sonra vəkil kimi fəaliyyətə başlayıb. 1990-cı ildə Alameda Bölgə Prokurorunun ofisində işləyib. 1998-ci ildə San Fransisko Prokurorluğuna qəbul edilib. O, 2003-cü ildə San Fransisko şəhərinin prokuroru, 2010-cu ildə isə Kaliforniyanın Baş prokuroru olub. ABŞ-da “Attorney General” adlandırılan bu vəzifə həm də ədliyyə naziri vəzifəsini özündə birləşdirir. 2014-cü ildə eyni vəzifəyə təkrar seçilib. 2016-cı ildə Demokratlar Partiyasından senator seçilib. Vitse-prezident olanadək Kaliforniyanın senatoru olub. Ölkənin ilk qaradərili qadın senatoru olan Harris həm də ilk hind əsilli senatordur. 2020-ci ildə prezident seçkilərində Demokratlar Partiyasından namizəd olan Harris uğur qazana bilmədiyi üçün geri çəkilib. O, namizədliyini sui-qəsd nəticəsində öldürülən hüquq müdafiəçisi Martin Lüter Kinqə həsr etdiyini bildirib. Həmin ilin avqustunda vitse-prezidentliyə namizəd olub. 2021-ci ildən vitse-prezidentdir. Baydenin namizədliyini geri çəkməsindən sonra sabiq prezident Donald Trampın əsas rəqibi hesab edilir. Son sorğulara görə Tramp Harrisi qabaqlasa da, onun reytinqi baydendən daha yüksəkdir.