Bakıda müğənninin başı kəsildi: Əri saxlanıldı
Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. Mediaxeberleri.Az xəbər verir ki, o, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb. A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub. *** Bu gün saat 15 radələrində paytaxtın Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Həşimova Yaqut Himayət qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mediaxeberleri.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub. O, saxlanılıb. İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.