Binəqədidə parklanma PROBLEMİ: "Hər dəfə bu yoldan istifadə edəndə çətinlik çəkirik" - VİDEO
Binəqədi qəsəbəsinin Əcəmi Naxçıvani küçəsində səkidə parklanma yeri salınıb. Piyadalar gediş-gəliş üçün avtomobil yoluna çıxmağa məcbur olurlar ki, bu da onların həyatını təhlükəyə atır. "Hər dəfə bu yoldan istifadə edəndə çətinlik çəkirik, yolun hər iki tərəfi narahat vəziyyətdədir", "Parklanma yerinin olması yaxşıdır, amma insanları da düşünmək lazımdır - hər an qəza ola bilər, üstümüzə maşın gələ bilər ", - deyə sakinlər narazılıqlarını Baku TV-yə bildiriblər. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, sözügedən ərazidə yaradılan parklanma məntəqəsində avtomobillər səkiyə paralel şəkildə saxlamalıdır. Parklanma yerinə yaxınlaşan nəqliyyat vasitələri saxlama üsulunu göstərən müvafiq yol nişanları və nişanlama xətlərinə riayət etməlidirlər. Qeyd edək ki, saxlama üsulunu pozan nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələnir.





















