"SİMA"dakı texniki çətinliklər bir neçə səbəbdən qaynaqlanır"
""SİMA İmza" hələ inkişaf mərhələsində olan perspektivli bir layihədir. Mövcud narazılıqlar texnoloji keçid dövrünün təbii hissəsidir. Sistemlər tam oturduqca problem aradan qalxacaq". Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov deyib. O bildirib ki, "SİMA İmza" gələcəyin texnologiyasıdır: "Ən böyük üstünlüyü pulsuz olması, fiziki SİM-karta ehtiyac duymaması və üz tanıma (Face-ID) ilə saniyələr içində aktiv edilməsidir. Bu, rəqəmsal dünyada hər kəs üçün əlçatan bir həlldir. "SİMA"dakı texniki çətinliklər bir neçə səbəbdən qaynaqlanır. Bəzi dövlət sistemlərində yaranan ləngimələr "SİMA"nın zəifliyi deyil, sistemlərin yenilənmə mərhələsində olmasına görədir. On illərdir, köhnə metodlarla işləyən nəhəng bazaların yeni nəsil bulud texnologiyasına tam uyğunlaşması texniki olaraq zaman tələb edir. Bu, keçici bir "böyümə" dövrüdür və yaxın gələcəkdə düzələcək. Bu istiqamətdə çox böyük işlər görülüb və davam edir. İstifadəçilərin yaşadığı çətinliklər daha çox yeni sistemə öyrəşməklə bağlıdır. İllərlə istifadə olunan ənənəvi üsullardan tam fərqli, QR-kod və ya biometrik əsaslı bir sistemə keçid müəyyən adaptasiya müddəti tələb edir. Bəzi təhlükəsizlik məsələləri də etiraz yaradır. Telefonda çıxan arzuolunmaz reklamların "SİMA" ilə heç bir əlaqəsi yoxdur. Bu hallar adətən cihazın özünə düşən viruslar və ya qlobal kibertəhlükəsizlik boşluqları ilə bağlıdır. "SİMA" dövlət tənzimləməsində olan, yüksək təhlükəsizlikli bir tətbiqdir və daxilində reklam mexanizmi yoxdur".






















